22 fevral 2024 01:15
379

Divara çaxılan Hayastan və Paşinyan...

Dövlət idarəetməsindən və siyasətdən baş çıxarmayan Ermənistanın baş naziri Nikol Vovayeviç Paşinyanın Münxen səfəri tam özünüifşa sayıla bilər. Bu hərdəmxəyalın başı bu dəfə də daşa dəydi. Həm də tək yox, xarici işlər naziri Ararat Mirzoyanla birgə. Özü də harada? Avropada - dünyanın ən nüfuzlu siyasi platformalarından birində. Necə deyərlər, Paşinyan dedi, Mirzoyan eşitdi. Çünki hayların məlum iddiaları oradakıların hamısını bezdirib. Almaniyada onun rəsmi Bakıya qarşı nə “Azərbaycan genişmiqyaslı müharibəyə hazırlaşır” şantajına, nə də bu tipli digər sərsəmləmələrə gözlədikləri reaksiyalar verilmədi. Sanki sükutla onu başa saldılar ki, ara, nala-mıxa döymə, Azərbaycan bir dəfə müharibə edib ərazilərini tamamilə azad etdi, daha ona müharibə-filan lazım deyil, indi get sənə nə deyirlər onu yap.

Başdanxarab baş nazirin Qarabağdan könüllü gedən erməni köçkünlərdən danışarkən “öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət tərəfindən müdafiə olunmamasını” təəssüflə vurğulaması da eşidənləri əsla maraqlandırmadı.  Çünki oradakılar gördülər ki, rəsmi İrəvan sərsəm, ikiüzlü, riyakar və işğalçı siyasətinə ən yüksək səviyyədə sadiqdir, aldadıcı siyasi boşboğazlıqlarına baxmayaraq separatizmdən hələ də tam imtina etməyib. Sadəcə, beynəlxalq birlik “ikinci erməni dövləti” ideyasını qəbul etmədiyi üçün haylar öz “qınlarına” çəkiliblər.  Bununla Nikol Vovayeviç bəlkə heç özü də anlamadan Ermənistanın “barıt qoxulu” konstitusiyasının beynəlxalq hüquqa uyğunlaşdırıımasının vacibliyinə diqqət yönəltmiş oldu: “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə gəlincə, göründüyü kimi, baş nazir Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir. Bu isə bir daha erməni tərəfinin Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasının hələ də davam etdiyini dolayı yolla təsdiq edir. Bu baxımdan Ermənistanın konstitusiyasında və digər qanunvericilik aktlarında ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir.

Əlbəttə, Paşinyanın Münxen uğursuzluğu inadkarlıq edən Ermənistana vurulan növbəti zərbə oldu. Əsas səbəb isə Azərbaycanın öz mövqeyini Qərbdə təsdiqlətməsi ilə birbaşa bağlıdır. Görünən budur ki, daha ağlı yerində olan avropalı, qərbli siyasətçi və ya dövlət xadimi Bakı ilə münasibətləri həm məğlub, həm  də haqsız Ermənistana görə korlamaq istəmir. Çünki siyasət nə qədər mürəkkəb və məkrli olsa da nəhayət, avropalılar da praqmatizmi qiymətləndirirlər. Eyni səbəbdən ABŞ Dövlət katibi Antoni Blinken də Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşlərində Azərbaycanın mənafeyinə toxunacaq, Ermənistanı isə revanşizmə şirnikləndirəcək heç bir söz işlətmədi.  Bütün bunlardan işğalçı Ermənistan nəhayət, lazımi dərsini götürməli, öz yerini bilməli, sərsəm iddialarla yaşamamalı, tarixi və baş verən hadisələri təhrif etməməli, heç vaxt reallaşmayacaq ağılsız planlar üçün baş sındırmamalı, başqalarını da tamamilə yersiz və əsassız münaqişələrə və mübahisələrə çəkməməlidir.

Nəhayət, daşnaklar anlamalıdırlar ki, “miatsum” arabasının arxasına qoşulmuş "dqr", "artsax", “status”, "öz müqəddəratını təyin etmə" çərənləmələri artıq  cəhənnəmə vasil olub. Bununla bərabər, Bakıya qarşı “etnik təmizləmə”, hətta “soyqırımı” yalanları nə ayaq tuta, nə də yeriyə bilər. Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin deyil, haranın üzvü olur-olsun, hamı tərəfindən qəbul olunmuş qayda-qanunları poza bilməz. Çünki sonda düz əyrini kəsir, necə ki, kəsdi.

Azərbaycan indiyədək Ermənistana və hayların havadarlarına onu erməni əhalisini guya “soyqırım”da günahlandıracaq bircə bəhanə da verməyib. Qarabağ erməniləri əvvəllər özlərininki elan etdikləri Azərbaycan ərazilərini cəmi 3-5 gün ərzində, dinməz-söyləməz, döyüşmədən, onlara heç bir təzyiq göstərilmədən könüllü surətdə tərk edib getdilər. Köçəndə də mətbuata Azərbaycandan öz arzuları ilə getdiklərini bildirdilər. Köçüb gedən qoca erməninin "Allah haqqı ermənilər millət deyil, azərbaycanlıları sevirəm" ifadəsi lentlərdən və yaddaşlardan silinməyib. Amma baxın, öz torpaqlarının əsl sahibi olan azərbaycanlılar doğma torpaqlarının azadlığı uğrunda bütün məhrumiyyətlərə sinə gərərək, minlərlə itki verərək,  otuz iki il necə gərgin və inadlı mübarizə apardılar. Nəhayət, güclü ordu yaradaraq Hayastanı ona milyardlarla pul dəyərində silahlar bağışlayan himayədarları ilə birlikdə ağır məğlubiyyətə uğradıb ərazilərini işğaldan azad etdilər. Mövzuya qayıdaq.

Amma haybaşı Münxen rəzilliyindən sapıda bilərdi, əgər Nikol Vovayeviç ora absurd, axmaq və davakar ritorika ilə deyil, məğlub ölkənin başçısı kimi ona “yaraşan” sülh gündəliyi ilə getsəydi. Ancaq o, gözlənilən belə ağıllı yolu seçmədi, seçsəydi erməni olmazdı axı. O, "şinel"indən çıxdığı daşnak haya yaraşan nə idisə onu da etdi. Özünü müstəqil siyasət adamı kimi aparmağı bacarmayan mağara təfəkkürlü bir naşıdan bundan artıq nə gözləmək olar ki? Qısaca desək, təzəyi barıya necə yapışdırırlarsa, konfransda avropalılar  Hayastanı və Paşinyanı divara eləcə çaxdılar...

Vəli İlyasov,  "İki sahil"