22 fevral 2024 02:14
439

ABŞ da Azərbaycanın Cənubi Qafqazda liderliyini qəbul edir

Münxendə Prezident İlham Əliyev qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenlə də görüşdü. Görüşdə Antoni Blinken bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) söz açmaqla yanaşı, ölkəsinin Azərbaycanla Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlindən gələni etmək arzusunda olduğunu bildirdi: “ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcəkdir”.

COP29-un bizim ikitərəfli gündəliyimizin önəmli bir hissəsi olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev qeyd etdi ki, Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir: “Mən Amerika Birləşmiş Ştatlarına və xüsusilə cənab Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edirəm”.

Münxen səfəri çərçivəsində dövlətimizin başçısı ABŞ-ın daha 2 rəsmi şəxsi – Birəşmiş Ştatlar Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynlə də  görüşdü. Şübhəsiz, bütun bunlar ABŞ tərəfinin  Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunun göstərircisi idi.  Bu görüşlərdə Amos Hoxşteynin hələ 1990-cı illərdən Azərbaycan ilə ABŞ arasında əməkdaşlığı və Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasını ehtiva edən layihələrdə Prezident İlham Əliyev ilə birgə tərəfdaşlığı məmnunluqla xatırlaması, dövlətimizin regionda strateji əhəmiyyətə malik ölkə olduğunu diqqətə çatdırması, əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulaması,  Con Kerrinin isə yaşıl keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə olunmasını, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvarlığını bildirməsi bir daha belə qənaətə gəlməyə əsas verir.  Üstəlik, bunu ölkəmizə qarşı qərəzli mövqe tutan Fransanın təhriki  ilə aparılan anti-Azərbaycan təbliğatının fiaskosu, münasibətlərə müəyyən anlaşılmazlıqlar yaradan məsələlərin artıq keçmişdə qalması  kimi dəyərləndirmək olar. Bəli, Prezident İlham Əliyevin yeritdiyi siyasət tam mənası ilə öz bəhrələrini verir. Hətta əminliklə vurğulamaq olar ki, dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi bu görüşlərdə Azərbaycanın potensialını yenidən diqqətə çatdırdı, ölkəmizin bəyan etdiyi əməkdaşlıq və inkişaf prioritetlərinin alternativsizliyini vurğuladı. Göründüyü kimi, artıq ABŞ da regionda Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.

Qeyd edək ki, son vaxtlar iki ölkə arasındakı ikitərəfli münasibətlərdə müəyyən tənəzzül nəzərə çarpırdı. Buna səbəb isə əlaqələrə Ermənistanla münasibətlər kontekstində baxılması idi. Bu, əsasən Konqresdəki dinləmələrdə Azərbaycanla bağlı səsləndirilən qərəzli fikirlərdən irəli gəlirdi. Azərbaycan haqlı olaraq bu məsələlərə öz etirazını bildirirdi. Halbuki, Azərbaycanın digər ölkələrlə əlaqələrinə bu aspektdən  baxılmamalıdır. Yəni, bunun əlaqələrə   heç bir aidiyyəti yoxdur, ikitərəfli münasibətlərdə heç bir qeyd-şərt, digər ölkələrə istinad olmamalıdır. Artıq ABŞ da bu adi həqiqəti anlayır və ikitərəfli münasibətlər əvvəlki intensivliyə qayıdır. Elə bu günlərdə, daha doğrusu, Münxen görüşlərindən sonra energetika naziri Pərviz Şahbazovun ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu analitik mərkəzlərdən biri olan “Atlantik Şura”nın təşkil etdiyi müzakirələrdə iştirakı bunu bir daha sübut edir. Bu tədbirdə mühüm geosiyasi mövqedə yerləşən Azərbaycanın enerji resursları, xüsusilə Cənub Qaz Dəhlizi ilə Avropanın enerji təchizatının təhlükəsizliyində oynadığı strateji rolundan, iki ölkə arasında enerji əməkdaşlığının inkişaf perspektivlərindən, həmçinin COP29-a ev sahibliyindən danışılıb. Nazir, həmçinin Dövlət Departamentində ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk və ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt, ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm  ilə görüşlər keçirib.

Xatırladaq ki, Azərbaycan müstəqilliyə qovuşan dönəmdən beynəlxalq aləmdə güclü təsir imkanlarına malik olan, dünyanın super dövləti sayılan ABŞ ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində zəruri istiqamətlərdən biri olub. Şübhəsiz, bu görüşlərdən sonra  iki dövlətin əməkdaşlığının genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edəcək.

Bu gün Azərbaycan qalib ölkə olaraq bölgənin təhlükəsizliyi məsələsini də gündəmə gətirib. Artıq bölgədə münaqişə olmadığına görə sülh danışıqları üçün vasitəçilərə də ehtiyac yoxdur. Hazırda Ermənistan-Azərbaycan normallaşma prosesi ikitərəfli xarakter daşıyır. Bu amil Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni perspektiv vəd edir. Öz müstəqilliyini və suverenliyini tam bərpa edən və bölgəyə yeni siyasi-iqtisadi reallıqlar gətirən Azərbaycan  dəfələrlə bəyan edib ki, sülhə nail olmaqda səylərini heç zaman əsirgəməyəcək. Yəni, Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarıdır. ABŞ-ın da bu məsələdə ölkəmizi  dəstəkləməsi təqdirəlayiqdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”