Azərbaycan xalqı çox əzablardan, ölümlərdən keçmişdir. Ermənilər XX-ci əsr boyu türk xalqlarına, xüsusən də Azərbaycan türklərinə qarşı qırğınlar törətmişlər. Ermənilərin Azərbaycan torpaqlarına iddialarının tarixi çoxəsrlikdir. “Böyük Ermənistan” yaratmaq ideyasından ruhlanan erməni qəsbkarları azərbaycanlılara qarşı açıq genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər.
Xocalı faciəsindən 32 il keçir. Xocalı faciəsi insanlığa, bəşəriyyətə qarşı törədilmiş bir cinayət idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, “Bütün Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı öz son dərəcə qəddarlığı və qeyri-insani üsulları ilə bəşər tarixinə inanılmaz vəhşilik aktı kimi daxil olmuşdur. Bu soyqırım həm də bütün bəşəriyyətə qarşı tarixi cinayətdir”. Bu soyqırımı nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Otuz iki il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır. Erməni vandallarının otuz iki il əvvəl Azərbaycan xalqına, günahsız, əliyalın insanlara qarşı törətdiyi insanlığa sığmayan bu qatı cinayət əməlinin qurbanlarının xatirəsi uzun illərdir ki, xalqımız tərəfindən dərin hüznlə anılır.
XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir. Erməni qəddarlığı haqqında həqiqətlərin dünyaya çatdırılması, dəhşətli faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində də əksini tapıb.
Biz artıq o insanların ruhunu utanaraq, məğlub xalq kimi deyil, başıuca, qalib xalq kimi anırıq. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatıb. 44 günlük Vətən müharibəsi nəticəsində ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovuşub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu.
Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edilib. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltdı.
Azərbaycanın işğal edilmiş əraziləri işğaldan azad edilib, qüdrətli Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. İşğaldan azad edilən torpaqlarımızda aparılan mühüm bərpa-quruculuq işləri, həyata keçirilən qayıdış prosesləri dövlətimiz tərəfindən Böyük qayıdış proqramının uğurla icra edilməsinin parlaq göstəricisidir.
Şəhla Rəhimova,
Baki şəhəri, Xətai rayonu, 245 saylı tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının “Cavanşir 11” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü