21 fevral 2024 12:35
564

Türkiyə və Azərbaycan xarici siyasət sahəsində də vahid mövqedən çıxış edəcək - AÇIQLAMA

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi  səfəri tarixi əhəmiyyət kəsb edir. Fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyevin ilk rəsmi səfərini Türkiyəyə etməsi bir daha qardaşlıq nümunəsinin göstəricisidir. Bir millətin iki dövləti olan Azərbaycanla Türkiyənin birliyi sarsılmazdır”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, səfər çərçivəsində Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək və geniş tərkibdə keçirilən görüşlərində  dostluq və qardaşlığımızın səviyyəsindən məmnunluq ifadə olunub. Dövlət başçılarının görüşündə Şuşa Bəyannaməsinin ölkələrimiz arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdığı xüsusilə qeyd olunub. İkitərəfli ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı, müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlığın, Orta Dəhliz məsələsində Azərbaycan ilə Türkiyənin işbirliyinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılmasının, həmçinin Naxçıvanda birgə layihələr və sonuncu səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Naxçıvanın qaz təchizatı istiqamətində layihələrin, Qars-Naxçıvan dəmir yolunun tikilməsinin mühüm əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyev bir daha 44 günlük Vətən müharibəsində bütün qardaş Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olmasının, mənəvi və siyasi dəstəyinin torpaqlarımızın azad edilməsində aparıcı rol oynadığını, Qarabağ dastanının yazılmasında mühüm amil olduğunu bildirib.

Görüş çərçivəsində beynəlxalq təşkilatlarda Azərbaycanla Türkiyə arasında əməkdaşlıq, ölkələrimizin bir-birini daim dəstəklədiyi vurğulanıb. Dövlətimizin başçısı iki ölkə arasında bu əsnada əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu, Azərbaycanın da birgə əməkdaşlığa hazır olduğunu qeyd edib. Həmçinin ölkələrimizin birgə təşəbbüslərlə çıxış etmələrinin vacibliyi diqqətə çatdırılıb. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının bizim bir ailəmiz olduğunu və Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı da bu faktı vurğuladığını deyib. Böyük coğrafiyaya, təbii qaynaqlara, insani resurslara, geniş potensiala malik Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsinin vacibliyi bildirilib. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu ilin iyul ayında TDT-nin fövqəladə toplantısının Şuşa şəhərində keçiriləcəyini bildirib. Bu, növbəti bir tarixi hadisə olacaq.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanla Türkiyə qardaş ölkələr olaraq bir-birilərinin sevincini və kədərini bölüşür, xoş və çətin günlərdə həmrəylik nümayiş etdirir. Ötən ilin fevral ayında Türkiyədə güclü zəlzələ baş verdikdə Azərbaycan dövləti gözləmədən öz xilasedici missiyasını təbii fəlakət bölgəsinə göndərdi, vətəndaşlarımız öz yardımlarını əsirgəmədilər. Hazırda Kahramanmaraş vilayətində bərpa işləri üçün ölkəmiz də öz töhfəsini verir. Bu faktlar dünyada Azərbaycan və Türkiyə qədər sıx qardaşlıq bağları olan ölkələrin olmadığını göstərir. Dövlət başçılarının qardaşlıq münasibətləri bu gün xalqlarımız arasındakı əlaqələrdə də özünü göstərir. Tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb. Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə bağlı apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır.

Deputatın fikrincə, iki qardaş ölkə hərbi sahədə əməkdaşlığın böyük perspektivləri var. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan Ordusu Türkiyə Ordusunun modeli əsasında inkişaf edir. Səfər zamanı imzalanmış sənədlərə gəlincə, Sevinc Fətəliyeva qeyd edib ki, bütün bunlar münasibətlərin daha da güclənməsinə öz töhfələrini verəcək.