20 fevral 2024 22:47
1086

Ermənistan gerçəkləri anlayacaqmı?

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü oldu. Özü də bu görüş Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə gerçəkləşdi. Daha doğrusu, o, ev sahibi kimi görüşün təşkilatçısı qismində iştirak etdi. Başqa sözlə desək, sadəcə Kansler Olaf Şolts Münxen Təhlükəsizlik Konfransının imkanlarından istifadə edərək Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanı görüşdürdü.

Rəsmi Bakı bir daha sübut etdi  ki, Azərbaycan heç bir  dialoqdan qaçmır, xarici siyasətində heç bir tərəfə istiqamətlənmir. Yəni, Azərbaycana neytral olmayan, ölkəmizə mütəmadi hədyanlar yağdıran, Cənubi Qafqazda öz maraqlarını güdən ermənipərəst Fransa kimi vasitəçilərin lazımsız olduğunu bir daha ortaya qoydu.

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki nitqində Azərbaycanla Ermənistan arasında vasitəçiyə ehtiyac olmadığını növbəti dəfə vurğulamışdı: “Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq” Prezident İlham Əliyev, həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmək istəyənlərə rəsmi Bakının etiraz etmədiyini də bildirmişdi: “Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”.

Azərbaycan balanslı siyasətini davam etdirəcək

Bu mənada Münxendəki beynəlxalq tədbir çərçivəsində reallaşan həmin görüş Prezident İlham Əliyevin irəli sürdüyü “vasitəçi lazım deyil” şərtinə tam uyğun idi. Rəsmi Bakı belə görüş keçirməklə irəli sürdüyü təşəbbüslərə, təkliflərə, şərtlərə əməl etdiyini bir daha nümayiş etdirdi. Halbuki, Azərbaycanın guya Qərbdən uzaqlaşdığı, özünü təcrid etdiyi, Avropadan çəkildiyi haqda iddialar səslənirdi. Amma rəsmi Bakının  Davos və Münxenə dəvəti bir daha göstərdi ki, bu yalançı təbliğatın heç bir əsası yoxdur. Bu isə o deməkdir ki, Azərbaycan öz milli maraqlarından çıxış edərək balanslı siyasətini davam etdirməkdə israrlıdır.

Bu, həm də  Azərbaycan-Ermənistan münasibətlərinin artıq ikitərəfli xarakter daşıdığının əyani göstəricisi olmaqla yanaşı,  ikitərəfli etimad mühitinin yaranmasına mane olanlara bir cavab idi.

Yeri gəlmişkən qeyd edək ki, suverenliyini tam bərpa edən, separatizmə son qoyan Azərbaycanın dünya miqyasında apardığı müstəqil siyasətə, əldə etdiyi uğurlara ağız büzənlərdən biri də Makronun təsiri altına düşmüş Almaniya idi. Hətta ötən ay AŞPA-da Almaniyadan olan deputat Frank Şvabe ölkəmiz əleyhinə şər və böhtan dolu, erməni mövqeyini əks etdirən çıxış etmişdi.

Sülh mümkündür, amma…

Lakin bununla belə rəsmi Bakı iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət edəcək bu kimi görüşlərdən imtina etmir, hər bir görüşü dəyərləndirməyə çalışır. Nəticə də göz qabağındadır. Belə ki, Prezident İlham Əliyev Almaniya Kanslerinin təşəbbüsü ilə təşkil olunan görüşün konstruktiv və faydalı mühitdə keçdiyini qeyd edib. Artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını diqqətə çatdırıb. Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan dövlətimizin başçısı regionda de-fakto sülhün mövcud olduğunu bildirib. Şübhəsiz, əldə edilən razılıqları ümumilikdə müsbət hesab etmək olar. Bəli, artıq “orta güc” ölkələri sırasında olan Azərbaycan keçən 30 il ərzində olduğu kimi, bu gün də beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək yenə də Ermənistanı ədalətli sülhə dəvət etməkdə,  regional miqyasda yox, qlobal miqyasda pozitiv gündəliyin formalaşmasına töhfəsini verməkdədir.  Qeyd edək ki, bu gün Azərbaycanın Ermənistandan başqa heç bir ölkə ilə problemi yoxdur. Şübhəsiz, Azərbaycanın qlobal dünya ilə münasibətləri artıq Ermənistanla münasibətlər üzərində qurulmayıb, bu problem birdəfəlik həll olunub. Bəli, hazırda münaqişənin başa çatdığı Cənubi Qafqaz üçün prioritet məsələ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəminin inkişaf etdirilməsindən ibarətdir. Münaqişənin həll olunduğu Cənubi Qafqaz indi sülhə həmişəkindən daha yaxındır. Yəni, sülh müqaviləsinin imzalanması realdır, bunun üçün yalnız və yalnız Ermənistanın siyasi iradəsi tələb olunur. Təəssüf ki, hələ də Ermənistanda sülh üçün maneələr qalmaqdadır. Yəni, təcavüzkar ölkədə mövcud olmayan “arsax prezidentinin” və “rəsmilərinin” yenidən üzə çıxmaqda, Yerevanda mövcud olmayan “arsax nümayəndəliyinin” hələ də saxlanmaqdadır. Üstəlik, Ermənistan hələ də Azərbaycana qarşı qanunvericilik səviyyəsində iddialarından əl çəkməyib və mövcud olmayan separatçı rejimin simvolikalarını birdəfəlik kənara atmayıb.  Halbuki, hazırda yaranmış bu imkanlardan faydalanmaq üçün Azərbaycan kimi Ermənistanın da maraqlı olması və prosesi çıxılmaz vəziyyətə salmaması vacibdir. Amma görünən odur ki, hələlik səmimiyyətdən çox uzaq olan baş nazir Nikol Paşinyanın ipinin üstünə odun yığmaq mümkün deyil. Digər tərəfdən, məsələ ondadır ki, bu regionda müharibənin olmasını, gərginliyin davam etməsini istəyən qüvvələr var.

Yeri gəlmişkən qeyd edək ki, fevralın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan Münxendə erməni icması ilə görüşdə yenə sayıqlayıb. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddialar səsləndirib. Bu məqamda Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin N.Paşinyanın Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərə dair şərhindəki bu hissəni  xatırlatmaq yerinə düşərdi: “Ermənistan  anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”