Rufiz Qonaqov: Qısa zamanda görülən böyük işlər Azərbaycanın gücünü, dövlət başçısının qətiyyətini və iradəsini nümayiş etdirir
Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni inkişaf mərhələsinin simvoluna çevrilib. İllərlə işğal altında qalan, dağıntılarla üz-üzə qalmış torpaqlar bu gün sürətli bərpa və quruculuq prosesi ilə yeni həyat qazanır. Dövlət siyasətinin əsas istiqaməti məhz bu ərazilərin sosial-iqtisadi dirçəlişi, dayanıqlı məskunlaşması və sakinlərin firavan yaşaması ilə bağlıdır. Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə bu məsələ barədə danışıb. Ölkə başçısı qeyd edib ki, biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq: “Yəni, burada – Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın”. Bu yanaşma göstərir ki, Azərbaycanın qarşısında duran əsas məqsəd təkcə əraziləri bərpa etmək deyil, həm də burada insanların xoşbəxt və təhlükəsiz şəraitdə yaşamasını təmin etməkdir.
İşğaldan azad olunmuş torpaqlarda həyata keçirilən layihələrin içində infrastrukturun bərpası xüsusi önəm kəsb edir. Çünki yollar, körpülər, enerji, su və rabitə xətləri olmadan nə iqtisadi potensialdan səmərəli istifadə mümkündür, nə də insanların normal yaşayışı. Bu səbəbdən ilkin mərhələdə əsas diqqət məhz müasir infrastrukturun qurulmasına yönəldildi. Son illərdə elektrik şəbəkələrinin yenilənməsi, su və qaz təchizatı sistemlərinin qurulması, rabitə və internet xidmətlərinin yaradılması regionun iqtisadi inteqrasiyasına təkan verdi və Böyük Qayıdışın sürətlənməsinə şərait yaratdı. Prezidentin mütəmadi olaraq Qarabağa və Şərqi Zəngəzura səfərlər etməsi, yeni yaşayış məhəllələrinin istifadəyə verilməsi, təməlqoyma mərasimlərinin keçirilməsi dövlətin bu prosesə necə ciddi yanaşdığını bir daha göstərir.
Bu gün Şuşa, Xankəndi, Ağdam, Füzuli, Kəlbəcər və digər şəhərlər bərpa və yenidənqurma mərkəzinə çevrilib. Yeni yaşayış evlərinin, məktəblərin, xəstəxanaların, digər sosial obyektlərin inşası ilə yanaşı, tariximizə və milli kimliyimizə aid mədəniyyət və dini abidələr də bərpa olunur. Beləliklə, Qarabağın bugünkü simasında həm müasirlik, həm də tarixi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi dayanır. Gənc nəslin milli kimliyini itirməməsi, öz torpağı ilə bağlı məsuliyyət hissini duyması baxımından bu yanaşma mühüm əhəmiyyət kəsb edir.
Artıq 20-dən çox yaşayış məntəqəsinə köç baş tutub. Rəqəmlər göstərir ki, 2021-ci ildən bəri Qarabağ və Şərqi Zəngəzurun bərpasına 19 milyard manatdan çox vəsait sərf edilib. Bu gün bölgədə yaşayan və çalışanların sayı 50 min nəfərə yaxınlaşır. “Böyük Qayıdış” proqramına əsasən isə 2026-cı ilin sonunadək 140 min nəfərin doğma yurduna köçürülməsi planlaşdırılır. Əvvəlki illərdə infrastrukturun bünövrəsi qoyulubsa, növbəti mərhələdə sosial və iqtisadi layihələrin miqyası daha da genişlənəcək. Xüsusilə Qarabağın təbii sərvətlərinin istifadəyə verilməsi, zəngin təbiətə və nadir ekosistemə malik bölgələrin beynəlxalq turizm mərkəzinə çevrilməsi prioritetlərdən biridir.
Enerji və nəqliyyat sahəsində əldə edilən uğurlar da diqqət çəkir. Müasir standartlara uyğun qurulan enerji sistemi bütün Qarabağı əhatə edən dairəvi şəbəkə ilə Azərbaycanın ümumi enerji təsərrüfatına qoşulub. 280 meqavat gücündə su elektrik stansiyaları fəaliyyətə başlayıb və buradan əldə edilən enerji digər bölgələrə ötürülür. Nəqliyyat infrastrukturunda da böyük addımlar atılıb. Ağdam–Xankəndi–Şuşa istiqamətində 7 tunelin inşası regionun yol şəbəkəsini xeyli gücləndirib. Dəmir yolu xətləri bərpa edilir, Ağdama ilk qatar artıq yola salınıb. Bununla yanaşı, kanat yollarının tikintisi barədə də mühüm qərarlar qəbul olunub. Bütün bunlar regionun iqtisadi inteqrasiyasını, turizm potensialını və ümumilikdə dayanıqlı inkişafını təmin edən amillərdir.
Nəticə etibarilə, Qarabağ təkcə işğaldan azad olunmuş torpaq deyil, həm də xalqın ümidlərinin, milli qürurunun, azadlıq uğrunda verilən qurbanların rəmzidir. Burada inşa edilən hər ev, bərpa olunan hər abidə zəfərə aparan yolun bir hissəsini əks etdirir. Qarabağda baş verən yenidənqurma prosesi təkcə bugünün reallığı deyil, həm də gələcək nəsillərin yaddaşına əbədi həkk olunacaq tarixi mərhələdir.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, tarixi Zəfərdən bu günə qədər Qarabağda bərpa və quruculuq istiqamətində çox genişmiqyaslı işlər görülüb: “Qısa müddət ərzində Azərbaycanın suverenliyi tam bərpa olundu, bundan sonra işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə prosesi başlandı. Bu proseslə yanaşı, Füzuli də daxil olmaqla Ağdam, Ağdərə, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocavənd, Hadrut və digər bölgələrdə abadlıq və quruculuq işlərinə start verildi. Böyük Qayıdışa dair Dövlət Proqramı əsasında Prezidentin imzaladığı sərəncamla kəndlərə, şəhərlərə və qəsəbələrə köç prosesi başlandı. Artıq yeni şəhərlər, qəsəbələr, kəndlər salınır, ağıllı kənd layihələri reallaşdırılır. Zəngilanın Ağalı kəndi buna ən bariz nümunədir”.
R. Qonaqov qeyd etdi ki, 30 ildən artıq işğal altında qalmış ərazilərimizdə bu gün yenidən insan nəfəsi duyulur, soydaşlarımız öz ata-baba yurdlarına dönürlər: “Yeni iş yerləri açılır, müəssisələr, zavod və fabriklər fəaliyyətə başlayır. Eyni zamanda Qarabağ sürətlə rəngarəng, turistik bir məkana çevrilir. Qısa zaman kəsiyində Şuşa, Xankəndi, Zəngilan, Füzuli, Ağdam və digər ərazilərdə iri binalar, konqres mərkəzləri, beynəlxalq tədbirlərin keçirilməsi üçün zallar inşa olunur. İnsanların rahat yaşayışı üçün bütün şərait yaradılır.
Bütün bunlar Prezident İlham Əliyevin uğurlu daxili siyasəti və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən humanitar layihələrin nəticəsidir. Qarabağ bu müddət ərzində beynəlxalq tədbirlərə də ev sahibliyi edib. Prezidentin iştirakı ilə Media Forumu, XVIII İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı, Pakistan, İran, türkdilli ölkələrin liderlərinin, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısının, Avropanın müxtəlif ölkələrinin baş nazirlərinin səfərləri reallaşıb. Füzuli Beynəlxalq Hava Limanında yüksək səviyyəli görüşlər keçirilib. Bu səfərlər Qarabağın tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq edir”.
Həmsöhbətimiz vurğuladı ki, Azərbaycanın yaxın tarixində dönüş nöqtəsi olan 2023-cü il 19 sentyabr hadisələri dövlətin suverenliyinin tam bərpası və Qarabağın sürətli inkişaf mərhələsinə qədəm qoyması ilə yadda qaldı: “Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində separatçı silahlı birləşmələr tərksilah edildi, qanunsuz rejim ləğv olundu və Azərbaycanın Konstitusiya quruluşu tam bərpa edildi. Bu qədər qısa zamanda bu qədər işin görülməsi Azərbaycanın gücünü, dövlət başçısının qətiyyətini və iradəsini göstərir. Prezidentin israrı ilə bölgədə böyük infrastruktur layihələri həyata keçirilir. Qarabağın gül-çiçəyə bürünmüş, turistik və sülh zonasına çevrilməsi hədəflənir. Bu ərazilərdən keçəcək Zəngəzur dəhlizi isə Şimalı Cənuba, Şərqi Qərbə birləşdirəcək. Vaşinqtonda imzalanmış 8 avqust 2025-ci il tarixli Birgə Bəyannamədə bu hadisə tarixi önəmli hadisə kimi qeyd olunub”.
Rufiz Qonaqovun sözlərinə görə, bütün bu proseslər Azərbaycanın suverenliyinin və müstəqilliyinin möhkəmlənməsinə mühüm təsir göstərir: “Qarabağın bərpası və inkişafı istiqamətində aparılan işlər yaxın illərdə daha da genişlənəcək. Yaxın beş ildə bu bölgənin dünyanın ən gözəl guşələrindən birinə çevriləcəyi, turistlərin və xarici qonaqların əsas ünvanlarından biri olacağı gözlənilir. Artıq bu yolun mühüm hissəsi qət olunub və qarşıda daha böyük uğurlar var”.
Nigar Orucova, “İki sahil”