14 fevral 2024 01:14
469

Qarabağda kənar qüvvələrə ehtiyac varmı?

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən il sentyabrın 19-20-də keçirilmiş lokal antiterror tədbirləri nəticəsində isə bütün ölkə üzrə suverenliyimizə nail olduq. Bununla həm də  Qarabağla bağlı problem həllini tapdı. Amma 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanata əsasən Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti hələ də ərazilərimizdədir. Məsələ ondadır ki, 10 noyabr sənədinin demək olar, bütün maddələrini Azərbaycan özü icra edib. Bəyanatın yalnız Ermənistan ərazisindən keçəcək kommunikasiyalar və orada rusların nəzarəti məsələsi həll edilməmiş qalıb.

Xatırladaq ki,  2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanatın 9-cu müddəasına görə, Ermənistanın cənub ərazilərində Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyalarına Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları nəzarət etməlidir. Amma rəsmi İrəvan hələ də Qərbin sifarişi ilə bu müddəa ətrafında manipulyasiyalar etməkdədir.

Rəsmi Bakı Qarabağ iqtisadi rayonuna nəzarəti tam bərpa etdikdən sonra sülhməramlı kontingentin rolu dəyişib. Belə ki, hazırda  Rusiya sülhməramlıları Azərbaycan Silahlı Qüvvələri ilə birlikdə ərazidə patrul edir, binaları və tikililəri mühafizə edirlər.

Bəs onlar nə vaxt bölgəni tərk edəcəklər? Bəyanatın müddəalarına görə, sülhməramlıların qalması üçün Ermənistan və Azərbaycan tərəfinin icazəsi lazımdır. Təcavüzkar Ermənistan artıq bu məsələdən uzaqlaşıb. Elə bu səbəbdən həmin problem  yalnız Azərbaycan tərəfi ilə müzakirə ediləcək. Bu ilin yanvar ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının tədbirindən sonra keçirilən mətbuat konfransında rus sülhməramlıları ilə bağlı məsələdən söz açarkən onların  Qarabağda qalmasının Ermənistana aidiyyəti olmadığını, bunun Moskva ilə Bakı arasında müzakirə edildiyini vurğulamışdır.
Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin prezidentlər Vladimir Putin və İlham Əliyevin qarşılıqlı hörmətə əsaslanan münasibətləri üzərində qurulduğunu, Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin 2025-ci ildə başa çatacağını xatırladan Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov iki gün öncə "İzvestiya" qəzetinə müsahibəsində deyib: “Biz yaranan bütün məsələləri qarşılıqlı razılaşma əsasında həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, tələblərdən, Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”. Bu isə sözügedən məsələnin diqqət mərkəzində olması deməkdir. Şübhəsiz, səfirin “bu, regiondakı vəziyyətdən, tələblərdən” asılıdır fikrini irəli sürməsi bölgəni könüllü tərk etmiş erməni əsilli şəxslərin yenidən Qarabağa qayıtması, separatizmin dirçəldilməsi ehtimalından irəli gəlir. Digər tərəfdən, görünən odur ki, Rusiya sülhməramlı kontingenti bölgəni tərk edəcəyi təqdirdə Qərbin bu və ya digər təzyiqinin artacağı istisna deyil. ABŞ-ın, Fransanın vəziyyəti gərginləşdirməklə mövcudluqlarını Ermənistanda və regionda saxlamaq istəkləri artıq hər kəsə məlumdur.

Bütün bunlara rəğmən,  Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin  isə bildirib ki, bizim kontingentin roluna tələbat var və ehtimal edirəm ki, gələcəkdə də lazım olacaq: “Birincisi, Qarabağda qalan sakinlərin özlərini rahat hiss etməsi məsələsi var. Digər tərəfdən, Qarabağdan çıxanların hansısa mərhələdə qayıtmaq qərarı verəcəyi istisna olunmur. Sülhməramlıların mövcudluğu bu adamlar üçün əlavə sakitlik faktoru olacaq. Ona görə də deməzdim ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti başa çatıb”. O da bu məsələnin müzakirə obyekti olacağını istisna etməyib.

Amma görünən odur ki, Azərbaycanın hələlik buna heç bir ehtiyacı yoxdur. Yəni, dövlətimiz öz gücünə bu kimi məsələləri həll etmək iqtidarında olduğunu bütün dünyaya artıq sübut edib. Bu gün Qarabağda sabitliyin təminatçısı Azərbaycan Ordusu və ölkəmizin hüquq-mühafizə orqanlarıdır. Buna görə də hər hansı kənar ölkənin qüvvələrinin ərazilərimizdə sülhün təminatçısı rolunda çıxış etməsinə ehtiyac duyulmur. Bir sözlə, Qarabağ bölgəsində Azərbaycan dövlət qurumlarının, güc strukturlarının fəaliyyət göstərməsi və gələcəkdə baş verən proseslər sülhməramlılara orada ehtiyac olmadığını onlara sübut edəcək.

Bu məsələnin Azərbaycanın istəyinə uyğun həll ediləcəyi şəksizdir. Belə ki, hazırda bölgədə bütün şərtləri dünyanın diqqət mərkəzində olan Azərbaycan diktə edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Şübhəsiz ki, bu fikirlərin təsdiqini bu günədək aparılan siyasətdə, atılan addımlarda dəfələrlə görmüşük. İnşallah, növbəti bir müdrik qərara da şahidlik edəcəyik.

Qvami Məhəbbətoğlu, “İki sahil”