14 fevral 2024 01:58
325

Avropalı şeyx nəsrullahların iflasa uğrayan Cənubi Qafqaz xülyaları

Don Kixot kimi yel dəyirmanı ilə vuruşan AŞPA-nın ermənipərəst deputatları, Avropa İttifaqının borrelləri ədalətsizliyə demokratiya donu geyindirmək ənənələrini davam etdirisələr «Akınçı» ilə qarşılaşacaqlar

İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfərini hələ də həzm edə bilməyən, Cənubi Qafqazda yeni reallıqlar yaradan ölkəmizin uğurlarını görmək istəməyən «erməni ruporçuları» şər, böhtan kampaniyalarını davam etdirirlər.

BMT-nin Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu qətnamələri ilə təsdiqləməsinə baxmayaraq 1994-cü ildə guya «Qarabağ münaqişəsi»nin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunu diriltməyə, «miatsum» deyərək bağıran haylara qoşulan Avropa Şurası üçün ikili standartlar siyasəti bu təşkilatın təməl prinsiplərindəndir. Paradoksal hal ondan ibarətdir ki, rəsmi İrəvan işğal faktını qəbul edərək Azərbaycanla müəyyən məsələlərdə razılığa getmək niyyətini açıqlasa da «hayların hüquqlarının müdafiəsini» əsas iş prinsipləri kimi diqqətdə saxlayan Avropa Şurası (AŞ) ölkəmizi ittiham etməkdən yorulmur. Müəyyən dairələrdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən, rəsmi Bakı ilə bəzi məsələlərdə razılaşdığını bildirən Ermənistanın baş naziri Nikol Paşinyanı dörd tərəfdən sıxışdıraraq fikrindən yayındıran avropalı dəstəkçilərin bu hərəkətləri «İt əl çəkdi, motal əl çəkmədi» məsəlinə bənzəyir.

Pensiya və miqrasiya ilə əlaqədar islahatlara etiraz edənlərin səsinin polis dəyənəyi ilə susdurulduğu Fransada keçirilən aksiyaları, Almaniyada güclənən etirazları görməyən AŞ-ın «qoca qitə»dən çox-çox uzaqlarda yerləşən ölkələrdə «demokratiya, pozulan insan hüquqlarını» axtarması «Elçisi günüm olanın, başına külüm olar» məsəlinin açıqlamasıdır.

Suriyada, İraqda, Liviyada, Əfqanıstanda, Ukraynada, Fələstində pozulan insan hüquqlarını, müharibə qurbanlarını, Avropaya sığınan miqrantlara qarşı ədalətsizliyi görməyən AŞ, Avropa İttifaqı 7 fevralda Azərbaycanda tam demokratik şəraitdə keçirilən prezident seçkilərində Qələbə qazanan Prezident İlham Əliyevə xalqımızın sonsuz etimadından, ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyindən daha da qəzəblənən avropalı şərbazlar böhtanlarından əl çəkmirlər.

Cənubi Qafqazda baş verən hadisələri ermənisayaq araşdıran, bəyanatlarında «Dağlıq Qarabağ»” ifadəsini işlətməklə ölkəmizə qarşı təzyiqləri artıran, Xankəndidə dalğalanan Dövlət Bayrağımızla suverenliyimizi öz gücü ilə ədaləti, ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı ikili standartlar AŞ-ın yararlandığı icra mexanizmidir. İllərdən bəri ölkəmizə qarşı mənfur niyyətini açıq-gizli şəkildə bəyan edən quruma etirazını AŞPA ilə əməkdaşlığını müəyyən müddətə dayandırdığını rəsmi olaraq bildirən Azərbaycanın nümayəndə heyəti bu iradəsi ilə təsdiqlədi ki, rəsmi Bakı ilə təhdid dili ilə danışmaq heç bir Avropa təsisatına xeyir gətirməz. Fransanın dirijor çubuğu ilə «Hayastan» deyə bağıran avropalı deputatlar ələbaxımlıq adətlərindən əl çəkməlidirlər.

Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda sabitliyin bərpası naminə göstərdiyi cəhdləri qiymətləndirməyən, hələ də Ermənistanı silahlandırmaqda israrlı olan Fransanın, bu ölkənin yedəkçisi Almaniyanın «xətrinə dəyməyən» avropalılar siyasi karlıqlarını, korluqlarını əsassız bəyanatları ilə pərdələməyə çalışsalar da erməni faşizminin qanlı əməllərini gizlədə bilmirlər. AŞ-ın ermənipərəst deputatları 13 fevral 2024-cü ildə Ermənistan silahlılarının şərti dövlət sərhədində törətdikləri təxribata da göz yumdular. Təxribat nəticəsində Azərbaycan əsgərinin yaralanmasını təbii qarşıladılar. Haylara gözün üstə qaşın var demədilər. Unutdular ki, həmin əsgər Fransanın haylara göndərdiyi silahlarla vurulub. Bax, budur Avropa təsisatlarının demokratiyaya, insan hüquqlarına «ədalətli» baxışı. Yenə də el məsəlində deyildiyi kimi, «Gəlinin sındırdığı qabın səsi çıxmadı.» Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bölmələrinin Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq keçirdiyi «Qisas» əməliyyatı» Hayastana, Fransaya, ABŞ-a, bütün ermənisevərlərə dərs oldu. Əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edildi, döyüş mövqeləri dağıdıldı.
 Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paraddakı çıxışında ermənisevərlərə daha ciddi xəbərdarlıq edən Prezident, Ali Baş Komandan İlham Əliyevin «Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin» sözlərini haylara, AŞ-a, guya sülhyaratma misiyasını yerinə yetirən Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının «mavi gödəkçəli», «binokl diplomatiyası» arxasında gizlənərək sülhə əngəl törədənlərə xatırladaq.

Onu da yada salaq ki, Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüşdən sonra Brüsseldə, Moskvada baş tutan danışıqlarda tərəflərin 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun Ermənistanın (29,800 kv. kilometr) və Azərbaycanın (86,600 kv. kilometr) müvafiq ərazi bütövlüyü birmənalı təsdiqləndi. Avropa İttifaqının ən böyük ölkələrindən olan Fransanın Prezidenti Emmanuel Makronun, Almaniya Kansleri Olaf Şoltsun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən Kişineu görüşündə belə «Dağlıq Qarabağ» ifadəsi işlədilmədi.
 Görünür hələ də haylara dəstəklərini guya « ermənilərə qarşı etnik təmizləmə», « Qarabağın Ermənistana məxsusluğu, işğal ittihamları» ilə bağlı sərsəmləmələri ilə gizlədən AŞPA-nın ermənipərəst, üzdəniraq deputatlarının ya dünyada baş verənlərdən xəbərləri yoxdur, yaxud daim yararlandıqları korrupsiya, rüşvət müqabilində bildiklərini «unudublar.»
Azərbaycanın öz ərazisində yaratdığı Laçın sərhəd –buraxılış məntəqəsinin açılışı ilə hay-küy salanlar yenə də bağırırlar.
 Prezident İlham Əliyevin «Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz. Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə şəkillər çəkdirirlər, bizə hansısa mesajlar ünvanlayırlar. Hünərləri varsa gəlsin yaxınlaşsın bizim sərhədimizə. O vaxtlar artıq tarixdə qaldı. Yenə də onların ayağını biz qırdıq. Çünki İkinci Qarabağ müharibəsindən sonra biz bunu unutmamışıq. Bəzi Avropa ölkələrinin rəsmi nümayəndələri bizim ərazimizə, Xankəndiyə icazəsiz soxulmuşdular. Mən o vaxt demişdim ki, əgər bizim bundan xəbərimiz olsaydı, onları buraxmayacaqdıq. Bu gün də deyirəm, hünəriniz varsa gəlin, görək sonra axırınız nə olacaq» sözləri avropalı parlamentarilərə, artıq nüfuzdan dışmüş Fransa Prezidenti Emmanuel Makrona Ali Baş Komandandan «dəmir yumruq» xəbərdarlığıdır. Azərbaycanla təhdid dilində danışmağın fayda verməyəcəyini, Cənubi Qafqaz iştahasının baş tutmayacağını başa düşən Makronun Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyasındakı ermənipərəst tərəfdaşlarından istifadə variantı da heç-puç oldu. «Miatsum» nəqarətini yerli-yersiz təkrarlayan Niderlandın da deyəsən başı xarab olub.

Son vaxtlar Niderlandın anti- Azərbaycan koalisiyasına qoşulması Qərbin hələ də imperialist siyasətindən əl çəkmədiyini göstərir. Bu ölkənin parlamentində Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, Ermənistana silah tədarükü, ölkəmizlə münasibətlərə yenidən baxılması ilə bağlı iddiaların səslənməsi siyasi konyukturadan başqa bir şey deyildir.

Niderland parlamentinin ikinci palatasının xarici əlaqələr komitəsindəki iclasında xarici işlər naziri, xanım Hanka Bruins Slotun «Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının olması» ilə bağlı sayıqlamaları dağdan gəlib bağdakına mənəmlik dərsi keçmək cəhdidir. Azərbaycan-Avropa İttifaqı əlaqələrinə zərbə olan Niderlandın başından böyük işlərə qarışaraq bizim daxili işlərimizə müdaxiləsi cavbsız qalmadı. Guya Azərbaycanla Ermənistan arasında sülhə töhfə vermək üçün Bakıya gəlmək istəyən xanım nazirin ölkəmizə səfərinə diplomatik qaydada «stop!» xəbərdarlığı edildi.

Xatırladaq ki, Niderland Avropanın nasist, islamofob, şovinist bəyanatları ilə seçilən, ölkədə bütün məscidlərin və Quranın qadağan olunmasını təbliğ edən ölkədir. Görünür Azərbaycanın müstəqil siyasət yürütməsi Fransanın yaxın, riyakar həmkarı Niderlandı da narahat edir.

Amma və lakin. Bütün dünya ictimaiyyəti aydın başa düşür ki, siyasi, hərbi, diplomatik uğurları beynəlxalq aləmdə dəstəklənən Azərbaycan istənilən məqamda Cənubi Qafqazda təxribatlar törətməyə çalışan qüvvələrə cavab verməyə hazır və qadirdir.

Azərbaycana qarşı butun təhdidlər vaxtilə Almaniya Bundestaqında Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunsa da, iflasa uğrayan «erməni soyqırımı» qətnaməsinin taleyini yaşayacaq. Məkrli, iyrənc bəyanatların məzarı elə Cənubi Qafqaz olacaq. Heç bir hüquqi əsası olmayan «erməni soyqırımı», «hayların etnik təmizləməyə məruz qalmaları» ilə bağlı sayıqlamalar faşizmə, separatizmə dəstək kimi lənətlənəcək. Ermənistanın təxribatlarının, Makronun haylara hərbi dəstəyinin qarşısı «Akınçı» ilə alınacaq.

Xuraman İsmayılqızı, «İki sahil»