14 fevral 2024 02:57
367

Rəsmi İrəvan gərginliyi yenidən tətikləyir

Bununla da düşmən havadarlarının təhriki ilə özünə quyu qazır

Xəbər verildiyi kimi, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralandı. 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirildi. Bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib. Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi ölən hərbçilərinin 4 nəfər olduğunu bildirib, daha bir hərbçi yaralanıb. "Sputnik Armeniya"nın yaydığı məlumata görə, öldürülən təxribatçılar "Erkrapa" Könüllülər Birliyinin üzvləri olublar. DSX-nın məlumatında bildirilir ki, Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Göründüyü kimi, Vətən müharibəsindən sonrakı dövrdə Ermənistanda gedən proseslər bu ölkənin revanşa hazırlaşdığını aydın göstərir, bu reallıq çoxsaylı ekspertlər tərəfindən də qeyd olunurdu. Hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyi və vəziyyətin gərginləşməsinə çalışıldığı aydın görünür. Ermənistan Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır. Həmçinin Ermənistanın Hindistandan Fransa lisenziyası ilə istehsal olunmuş silahlar alması, Fransanın Ermənistanı silahlandırmasının regionda vəziyyətin gərginləşməsinə xidmət etdiyi Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb. Bir müddət öncə Avropa məmurlarının Ermənistana gəlməsi, Fransa generalının Ermənistana səfəri və Azərbaycanla sərhəddə peyda olması, "binokl diplomatiyası", ABŞ instruktorlarının Ermənistanda çalışması, Çexiya casusunun saxlanması və digər faktlar ekspertlər tərəfindən Ermənistanın hərbi əməliyyatlara hazırlanmsı kimi şərh edildi.

Ümumiyyətlə, Ermənistan siyasi və hərbi elitasında, habelə ictimaiyyətdə belə bir fikir var ki, Azərbaycan müharibəyə hazırlaşır. Bu paranoyanı tətikləyən əsas məqam isə Qərb mediasında ardıcıl tirajlanan dezinformasiyalardır. Qərb mediasında Azərbaycanın Ermənistana hücuma hazırlaşdığı israrla qeyd edilir. Göründüyü kimi, ABŞ və Fransa Azərbaycan və Ermənistanı yenidən müharibəyə təhrik etmək istəyirlər. Xarici qüvvələrin məqsədi həm də Zəngəzur dəhlizi məsələsini neytrallaşdırmaqdır. Türk dünyasını birləşdirən bu layihə yeni Qafqaz xəritələri hazırlayan aktorları qorxudur. Buna görə də Qərb Yaxın Şərqdə vəziyyəti gərginləşdirdiyi kimi, Cənubi Qafqazda da münaqişə ocağı yaratmağa çalışır, burada da oxşar qanlı proseslərin cərəyan etməsinə zəmin hazırlayır. Bu münaqişə ocağının Rusiya və İran sərhədlərində alovlanması gərginlik arealının miqyasının daha da genişlənməsinə gətirib çıxara bilər.

Azərbaycan indiki məqamda Ermənistanla müharibə etmək niyyətində olmadığını dəfələrlə bildirib. Rəsmi Bakı Ermənistanla başlıca müharibə səbəbi olan Qarabağ münaqişəsini tam həll edib. Hazırda əsas məsələ anklav və eksklavların aqibəti, Naxçıvana maneəsiz hərəkətin təmini və sərhədlərin delimitasiya, demarkasiyasıdır. Bunlar isə müharibəsiz də həll edilə bilər. Rəsmi Bakı diplomatik yolla bu məsələləri həll edə biləcəyini dəfələrlə vurğulayıb. Azərbaycan israrla Ermənistanla sülh müqaviləsi imzalamaq istəyir. Bunu ikili danışıqlar və ya regional formatlarda edilməsinin vacibliyini nəzərə çatdırıb. Regionda növbəti müharibə yalnız yuxarıda adları çəkilən güclərin işinə yarayar, Azərbaycan isə bu variantın tərəfdarı deyil. Nəticə etibarilə hazırda Ermənistan sürətlə silahlanır və regionda gərginliyi artırmaq üçün dəridən-qabıqdan çıxır. Ermənistan baş naziri Nikol Paşinyanın zərurət olmadan “The Telegtaph” nəşrinə müsahibəsində aqressiv tonu da Ermənistanın növbəti təxribat hazırladığına dəlalət edən faktordur. Belə ki, fevralın 11-də Ermənistan baş naziri müsahibə zamanı Azərbaycana qarşı növbəti dəfə böhtan xarakterli əsassız iddialar səsləndirib. Azərbaycan Xarici İşlər Nazirliyinin Paşinyanın müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhində qeyd olunub ki, Ermənistan baş nazirinin ölkəsinin beynəlxalq hüququn bütün norma və prinsiplərinə, habelə istinad etdiyi Alma-Ata Bəyannaməsinə məram və məqsədlərinə zidd olaraq Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlaması faktının üzərindən keçməyə çalışması təəssüf doğurur. Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərindən işğalçı qüvvələri çıxarmaması, ərazilərimizə silah-sursat, hərbi texnika və minaları ötürməkdə davam etməsi və digər təxribatlar törətməsi barədə danılmaz faktlar Ermənistan tərəfinin əsl niyyətindən xəbər verir. Ermənistan baş nazirinə, həmçinin yaxşı məlumdur ki, onun ölkəsi Praqa və Soçi görüşlərində və daha sonra Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin saxta “müstəqilliyi” ilə bağlı 2023-cü ilin sentyabr ayında təbrik bəyanatları verməklə yanaşı, bu günədək beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları davam etdirməkdədir. Ermənistan tərəfinin Alma-Ata Bəyannaməsinə qoşulan zaman verdikləri qeyd şərti, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğunu unutdurmağa çalışması da digər ciddi narahatlıq mənbəyi olaraq qalmaqdadır.

Ermənistan anlamalıdır ki, istismar müddəti bitmiş yararsız silahlarla silahlanıb revanşist düşüncələrə qapılmaq əvəzinə sülh təklifi üzərində baş sındırmaq onun üçün daha məqbul olardı. Ordu darmadağın haldadır, qeyri-döyüş şəraitində əsgər ölümləri, fərarilik və rüşvət baş alıb gedir. Bu məsələləri həll etmək elə də asan deyil. 2020-ci ildə müharibədə Ermənistan ordusunun arsenalındakı silahların 70 faizi məhv edilib. Cari ildə Ermənistanın hərbi büdcəsini 7 faiz artırmaqla həmin itkiləri bərpa etməsi də mümkünsüzdür. Bu büdcə ən uzağı verdikləri itkilərin cuzi hissəsini bərpa etməyə yetəcək.

Sevinc Azadi, “İki sahil”