13 fevral 2024 00:10
363

Yeni dövrün yeni hədəfləri

«Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası»na uyğun hazırlanan «Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də daha möhtəşəm vəzifələr müəyyənləşdirilib

İkinci Qarabağ müharibəsində Zəfəri ilə müstəqilliyimizin, suverenliyimizin əbədiyyət sevincini yaşayan Azərbaycan xalqı 7 fevralda mütəşəkkilliklə başa çatan prezident seçkilərindən də alnıaçıq çıxdı. Milli birlik və həmrəyliyi ilə ən layiqli namizədə etimad göstərən vətəndaşlar Azərbaycanı dünyada qüdrətli ölkə kimi tanıdan, ətrafında sıx birləşdikləri layiqli namizədin, Prezident İlham Əliyevin liderliyini səs çoxluğu ilə təsdiqlədilər. Artıq ölkəmizin qarşısında daha mühüm vəzifələr, möhtəşəm çağırışlar durur.

İqtisadi müstəqilliyin gücləndirilməsini, ümumi daxili məhsul istehsalının artırılmasını inkişafımızın bütün dövrləri üçün əsas vəzifə kimi qarşıya qoyan Prezident İlham Əliyevin daimi çağırışı budur ki, ölkəmizdə sosial-iqtisadi islahatlar paralel aparılmalı, biri-birini tamamlamalıdır. İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə, Laçın sərhəd- buraxılış məntəqəsinin açılması, Xankəndidə və digər şəhərlərimizdə, strateji yüksəkliklərdə dalğanan Azərbaycanın Dövlət Bayrağı iqtisadi inkişafımızın yeni istiqamətlər üzrə şaxələndirilməsini əsas vəzifə kim qarşıya qoydu.

«Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır. Birincisi, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir» sözləri ilə qarşıda duran vəzifələrin istiqamətlərini aydın göstərən Prezident İlham Əliyev əsas mənbə kimi yenə də xalq-iqtidar birliyinə arxalanır. «Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası»nda qarşıya qoyulan vəzifələr, «Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» bu birliyin sarsılmaz gücü ilə həllini tapacaq.

İctimai-siyasi sabitlik, möhkəm təməllər üzərində formalaşan, beynəlxalq maliyyə təşkilatları tərəfindən nümunə göstərilən Azərbaycan iqtisadiyyatı dayanıqlı, müasir texnologiyalar, ixtisaslı mütəxəssislərin təcrübəsi əsasında inkişaf etdirilir. Təcrübə göstərir ki, iqtisadi artım coğrafi yerləşmə, təbii sərvətlər, əmək resursları, sərmayələrin həcmi və texnologiya kimi amillərin vəhdəti ilə formalaşır.

Qlobal enerji layihələrinin müəllifi, regional əhəmiyyətli nəqliyyat-logistika qovşağının mərkəzində yerləşən, Orta Dəhliz layihəsinin aparıcı tərəflərindən olan Azərbaycanın beynəlxalq aləmdə rolunun artması ölkə iqtisadiyyatının inkişaf dinamikasını da sürətləndirir. İqtisadiyyatda şəffaflığın artması, dövlət və özəl sektorların birgə fəaliyyətləri ilə yeni dövrün çağırışlarının müəllifi kimi tanınan Azərbaycan mürəkkəbləşən geosiyasi və geoiqtisadi mühitdə əsas ixrac imkanları ilə də üstünlüyünü qoruyur. Enerji resursları bazarlarında qiymətlərin qeyri-sabitliyi, qlobal ekoloji problemlərin kəskinləşməsi, Dördüncü Sənaye İnqilabının genişlənməsi, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin sürətlənməsi milli iqtisadiyyatımızın şaxələnməsini günün əsas tələbi kimi qarşıya qoyur.

Dayanıqlı, artan rəqabətli iqtisadiyyatın formalaşması, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət kimi fərqlənən, işğaldan azad olunmuş ərazilərdə «yaşıl enerji» layihələrinə xüsusi diqqətlə yanaşan Azərbaycanın regionda yaratdığı yeni reallıqlarda da iqtisadi inkişaf amili üstünlük təşkil edir. BMT-nin Ekoloji Fəaliyyət İndeksində Azərbaycanın bu sahədə yaxşılaşan dinamikaya malik ilk 10 ölkə sırasında yer alması ölkə iqtisadiyyatının keyfiyyətcə yeni inkişaf modelinin milli iqtisadiyyatda artan rolunun göstəricisidir.

Müasir innovasiyalar məkanına çevrilməsini, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına cəlbini, «yaşıl artım”» problemlərini əhatə edən, strateji idarəetmədə yeni platforma rolunu oynayan Milli Prioritetlərin qabaqcıl təcrübəyə, məzmunca daha keyfiyyətli iqtisadi modelə uyğunlaşdırılması müasir dövrün tələblərinə tam uyğundur.

İqtisadi və sosial islahatların paralel inkişafının nəticəsidir ki, Azərbaycanda əmək haqlarının, pensiya və müavinətlərin artımı ildən-ilə yüksəlir. Dünya Bankının qiymətləndirilmələrinə görə, 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olan Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 6,2 milyard dollardan 78,7 milyard ABŞ dollarına çataraq 4, dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Minimum əməkhaqqı 38 , orta aylıq əməkhaqqı 12 , minimum pensiya 14 , orta aylıq pensiya 18, yaşa görə orta aylıq pensiya 19 , əlilliyə görə pensiya 14 , ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb. Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib. Orta aylıq əməkhaqqı 77,4 manatdan 839,4 manata yüksəlib; Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib.

Ölkə iqtisadiyyatının əsas sahələrindən olan kənd təsərrüfatı 2003-2022-ci illər ərzində 2,2, nəqliyyat sektoru 4,9, turizm və ictimai iaşə 18,9, informasiya və rabitə sahəsi isə 23 dəfə artıb. Sadalanan bu uğurların təməlində inkişafın Azərbaycan modelində nəzərdə tutulan konseptual proqramların mərhələli həlli, idarəetmədə nəzarətin güclənməsi, inhisarçılığa qarşı mübarizə kimi amillər dayanır. Aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı sosial yardımların verilməsində tətbiq edilən yeniliklərlə bu sahədə maliyyə şəffaflığı təmin olunub. Hazırda ölkə üzrə 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır. Tələblə təklifin şərtlərinə görə ildən-ilə artan bu məbləğ aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirir. Ölkə əhalisinə göstərilən sosial qayğının əsasını iqtisadi inkişaf təşkil edir.

İqtisadi inkişaf hədəflərinin «statistikası»nda «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı»ndan irəli gələn vəzifələr mühüm əhəmiyyət kəsb edir. Bu sahədə də vədinə sadiqliyini «Bu günə qədər görülən işlər göz qabağındadır… Sadəcə olaraq, bütün böyük infrastruktur layihələri ilə yanaşı, hesab edirəm ki, əsas nailiyyətimiz odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək» sözləri ilə təsdiqləyən dövlət başçımız İlham Əliyev siyasi, iqtisadi, loqistika sahəsindəki tutumu və əhəmiyyəti ilə fərqlənən Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng infrastruktur layihələrinin davam etdiriləcəyini əminliklə bildirir. İşğaldan azad edilmiş torpaqlarımız enerji ilə təmin olunur, su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanalar inşa edilir.

Sərsəng, Xaçınçay, Köndələnçay, Zabuxçay su anbarlarının tam istifadəyə verilməsi sayəsində işğaldan azad edilmiş ərazilər yenidən canlanacaq, aqrar sahənin inkişafı ilə ölkə əhalisinin kənd təsrrüfatı məhsullarına tələbatı tam yerli istehsalhesabına ödəniləcək. Şuşaya, Cəbrayıla, Kəlbəcərə, Xankəndiyə, Xocalıya qayıdış daha möhtəşəm olacaq. «Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk. Kəndlər tamamilə dağılmış vəziyyətdədir. Mən Qarabağa son səfərim zamanı oraya baş çəkmişəm. Tamamilə dağılmış vəziyyətdədir, Malıbəyli məscidi də dağılmış və vandallar ondan da peyin anbarı kimi istifadə etmişlər. Yəni, sadaladığım bu, ən azı şəhər və kəndlərə keçmiş köçkünlər qayıdacaq və 2026-cı ilin sonuna qədər o artıq bəyan edildi, hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Əminəm ki, biz buna da nail olacağıq» sözlərinə əlavə olaraq bərpa-quruculuq işlərinin daxili imkanlar hesabına aparılmasını ölkə iqtisadiyyatının dinamik inkişafının göstəricisi adlandıran Prezident İlham Əliyev bildirir ki, Hadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihənin özəl sektor tərəfindən icrasını iş adamlarının fəallığı, respublikada yaranan sağlam investisiya mühitinin məntiqi nəticəsi kimi qiymətləndirir. Eyni zamanda, özəl sektorda çalışanlar tövsiyəsini «Ona görə bizim özəl sektorumuz Bakıda, Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər və görərlər ki, o iqtisadi cəhətdən də səmərəli olar və eyni zamanda, biznesin sosial məsuliyyəti nöqteyi-nəzərindən də önəmli olar. Çünki bu gün biznes dairələri üçün Azərbaycanda çox gözəl şərait yaradılır və dövlət tərəfindən dəstək göstərilir. Ona görə biznesin sosial məsuliyyəti, hesab edirəm ki, bu olmalıdır» sözləri ilə bildirir. Yəni, 2024-cü ildə bu işlərə çox güclü təkan veriləcək və bütün qarşıda duran vəzifələr təmin ediləcək.

Bir sözlə, sözügedən sənədlərdə insan kapitalının davamlı inkişafının, milli iqtisadiyyatda innovasiyaların sürətlə mənimsənilməsi üçün zəruri ekosistemin formalaşmasının, ölkənin «yaşıl enerji» məkanına çevrilməsinin və ətraf mühitin sağlamlaşması prosesinin sürətlənməsini iqtisadiyyatımızın şaxələndirilməsinin başlıca amili kimi diqqətdə saxlanıldığı Azərbaycanda sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə ilə mühüm nailiyyətlərin qazanılması başlıca vəzifə kimi qarşıya qoyulur.

Xuraman İsmayılqızı, «İki sahil»