13 fevral 2024 00:57
353

Müstəmləkəçilik Fransanın ruhunda və qanındadır

Afrikadan Emmanuel Makrona sərt mesaj: “Artıq ölkələrimiz Fransanın “sağmal inəyi” olmaq istəmir”

Vaxtilə 50-dən artıq ölkənin ərazisini işğal edərək sərvətlərini talayan Fransa oradakı xalqlara qarşı sıyqırımı və müharibə cinayətləri törədib. Tarixi məlumatlara görə, bu müstəmləkəçi ölkə təkcə Əlcəzairdə XVII əsrdən başlayaraq XIX əsrin 30-cu illərinədək 4 milyon nəfərdən çox, 1890-cı ildə isə 2 milyon 500 min insanı qətlə yetirib. XX əsrdə 30 il ərzində Fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilib. Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqı tərəfindən bu gün də yaşanmaqdadır.

Ötən il oktyabrın 20-də ölkəmizin paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçilərinin də iştirakı ilə keçirilən “Neokolonizalizm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Fransanın keçmiş müstəmləkələrində dövlətlərin daxili işlərinə kobud şəkildə müdaxilələr etməsi, habelə hazırkı kaloniyalarında insan hüquqlarını kobud şəkildə pozması, həmçinin dekolonizasiya mövzusu ilə bağlı geniş müzakirələr aparılıb.

Prezident İlham Əliyev 2023-cü il oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib ki, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Müraciətdə qeyd olunub ki, Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir. Fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoymuşdur. Həmçinin Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir: “Əsrlər keçsə də, təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir. Bu konfransa toplaşan dənizaşırı ərazilərin xalqları uzun illərdir müstəqillik uğrunda mübarizə aparırlar. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit və Atlantik okeanlarda dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır”.

Bu günlərdə Qərbi Afikanın mühüm ölkələrindən olan Niger Respubliksının hakim Vətəni Müdafiə Milli Şurasının rəhbəri general Abdurahman Tçiani milli televiziya kanalına müsahibəsində deyib ki, Burkina-Faso və Mali ilə birgə vahid valyutanın yaradılması mümkündür: “Valyuta suverenliyin rəmzidir. Niger, Burkina-Faso, Mali suverenliyin tam bərpası prosesində iştirak edir. Artıq ölkələrimiz Fransanın “sağmal inəyi” olmaq istəmir”.

Danılmaz faktdır ki, Fransız Qvianasında sosial vəziyyət getdikcə pisləşir, əhalinin təxminən yarısı yoxsulluq astanasındadır, işsizlik səviyyəsi hər il artır. Burada təbii sərvətlər talan edilir və torpaqların 90 faizi Fransa dövlətinin mülkiyyətindədir. Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir. Yerli əhali gizli və qanunsuz məskunlaşma yolu ilə assimilyasiya edilir. Vaxtilə xlordekon pestisidinin istifadəsi təbii ekosistemləri və əhalini zəhərləyib, yerli sakinlər bu gün də onun onkoloji fəsadlarını yaşayırlar. Fransa Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanımaqdan imtina edir. Yeni Kaledoniyada əhalinin yarısının iştirakı olmadan referendum keçirilir və bu minvalla həmin xalqın müstəqil olmaq hüququ əlindən alınır. Etnik azlıqlar konsepsiyasını qəbul etməyən Fransa Korsika dilini qadağan edir. BMT bunu ayrı-seçkilik və beynəlxalq hüququn pozulması kimi qiymətləndirmişdir. Riyakar və ikili standartlı siyasət yürüdən Fransa eyni zamanda, özünü regionumuzda milli azlıqların müdafiəçisi kimi təqdim etməyə çalışır. Ancaq Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır.

Daim militarist, müstəmləkəçi xarakteri ilə tanınan Fransa hazırda Ermənistanı sürətlə silahlandırır, müharibəyə təhrik edir. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də mina terroru ilə məşğul olmaq təcrübələriridir. Fransa artıq dərk etməlidir ki, çağdaş dövrümüzdə-XXI əsrdə humanistlikdən, bəşəri dəyərlərdən dəm vurub xalqları istisamar etmək mümkün deyil.

Zahid Rza, “İki sahil”