13 fevral 2024 02:16
362

Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənası var

Dövlət başçısı İlham Əliyev daim böyük qürur hissi ilə bu çağırışı qeyd edir ki, bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq

 

7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkiləri artıq tarixə qovuşdu. Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 11-də keçirilən iclasında növbədənkənar prezident seçkilərinin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı məsələ təsdiqləndi.  Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 mindən çox) toplayaraq qələbə qazandı. Fevralın 13-də prezident seçkilərinin yekunlarına dair MSK-nın protokolunun təsdiqlənməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması şəraitində keçirilən Zəfər seçkiləri bütün ölkə ərazisini əhatə etdi, 30 ilə yaxın dogma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız müstəqillik tariximizdə ilk dəfə olaraq öz yerlərində bu prosesin fəal iştirakçısına çevrildilər. İşğaldan azad edilmiş ərazilərimizdə seçici fəallığı 93 faizdən artıq oldu. Qalib xalqın qalib Lideri  hələ  2003-cü ildə keçirilən andiçmə mərasimində işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyini, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqlarını böyük əminliklə bildirmişdi. 20 ildə hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalqın Prezidentinə inamını, etimadını daha da artırdı. Cənab İlham Əliyev keçmiş məcburi köçkünlərlə görüşlərində onlar üçün yaradılan şəraitin müvəqqəti xarakter daşıdığını, tezliklə münaqişənin həll ediləcəyini və soydaşlarımızın bu yerlərə qayıdaraq illərlə erməni vəhşilikləri ilə üz-üzə qalan, tamamilə dağıdılıb yerlə-yeksan edilən torpaqlarımıza yeni nəfəs verəcəklərini bildirirdi. Daim bu inam ifadə olunurdu ki, o gün uzaqda deyil.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gündə 30 ilin işğalına son qoydu. Təbii ki, İkinci Qarabağ müharibəsinə gedən yol hər kəsə bəllidir. Ermənistan 30 il danışıqlara imitasiya naminə qatılaraq yeni ərazilər uğrunda müharibə planları hazırladı və 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaqla  məqsədli planını nümayiş etdirdi. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun belə əks-hücum əməliyyatları ilə üz-üzə qalacaqlarını düşünmürdülər. Daim yaratdıqları miflərə görə ən “güclü ordu” Ermənistan ordusu idi. Azərbaycan Silahlı Qüvvələri 44 gündə bu mifi darmadağın etdi. Bir daha sübut olndu ki, ən güclü irdu Azərbaycan Ordusudur, ən məğlubedilməz, yenilməz xalq Azərbaycan xalqıdır.

Tarixi Zəfərimizdən üç ildən artıq vaxt keçməsinə baxmayaraq hər gün şanlı Qələbəmizə gedən yolu və onun yaratdığı reallıqları bir daha nəzərdən keçirməyi özümüzə borc bilirik. Tarixi Zəfərimizin  müəllifi  cənab İlham Əliyevin ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində ötən ilin 23 aprel tarixində Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə Azərbaycanın ərazi bütövlüyü və sentyabrın 19-da Silahlı Qüvvələrimizin  həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. Ölkəmizin həyatında yeni dövr başladı.

Tarixi Zəfərimizin yaratdığı reallıqlardan bəhs edərkən Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə qarşı tərəfə sülh təklifini xüsusi qeyd etməliyik. Son üç ildə bu istiqamətdə müxtəlif formatlarda və tərkiblərdə görüşlər keçirildi və Ermənistan baş naziri Azərbaycanın beynəlxalq hüququn beş  əsas prinsipini özündə əks etdirən sülh təklifini dəstəklədiyini bildirdi. Bütün hallarda Ermənistan yenə də 30 illik işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də himayədarlarının tapşırığı əsasında hərəkət etdiyini açıq-aşkar büruzə verir. Məlumdur ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və  və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə dəfələrlə görüşləri keçirilib. Hər iki tərəf danışıqların bu formatından razılığını ifadə edir. Ermənistanın zaman-zaman himayədarlarının göstərişi ilə hərəkət etməsi, eyni zamanda, dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasəti fonunda bu formatın davamında fasilələr yarandı. 7 fevral prezident seçkilərində inamlı qələbəsi münasibətilə  cənab İlham Əliyevə telefon zəngi edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə dövlətimizin başçısı telefon danışığı əsnasında Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektlərini, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini geniş müzakirə etdilər.  Şarl Mişel nəqliyyat və bağlantılar sahəsində Avropa İttifaqının region ölkələri ilə əlaqələri inkişaf etdirmək üçün konkret layihələrlə çıxış etdiyini vurğuladı.  Tərəflər COP29-un Azərbaycanda keçirilməsi və bu çərçivədə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxundular.

Şarl Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş etdi. Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirdi. Söhbət zamanı Ermənistanla Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparıldı, Azərbaycan Respublikasının Prezident Administrasiyası və Ermənistanın baş nazirinin aparatı arasında dekabrın 7-də ikitərəfli əsasda qəbul edilmiş birgə bəyanatın irəliyə doğru mühüm addım olduğu vurğulandı.

Artıq sülh müqaviləsinin imzalanması üçün heç bir maneə yoxdur. Reallıq budur ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Suverenliyimizin təmin olunması əsasında keçirilən 7 fevral prezident seçkiləri özündə bütün məqamları ehtiva edir.  Dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndidə səs vermələri müasir tariximizə ən möhtəşəm, qürurverici hadisələrindən biri oldu.  Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşündə bu məqama xüsusi diqqət yönəldildi. Şamil Ayrım Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələrinin böyük əhəmiyyət daşıdığını bildirdi. Dövlətimizin başçısı da Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənasının olduğunu vurğuladı. Qonaq, həmçinin  44 günlük Vətən müharibəsində,  antiterror tədbirlərində Prezident İlham Əliyevin və Azərbaycanın dünyaya bir nümunə göstərdiyini qeyd etdi. Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin dövlətimizin başçısı tərəfindən yerinə yetirildiyini bildirən Şamil Ayrım  vurğuladı ki, Azərbaycan xalqı ilk dəfə olaraq bu seçkilərdə ərazi bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə qürurla iştirak etdi.

Azərbaycanın, Prezident İlham Əliyevin dünyaya nümunə olan addımları digər təbrik məktublarında da öz əksini tapır. Bir daha sübut olunur ki, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətin yol açdığı zəfərlər davamlı olur. Qarşıdakı illərdə qalib Azərbaycanı daha möhtəşəm zəfərlər gözləyir.

Hazırkı dövrün qürurverici məqamlarından biri də Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəlməsi, soydaşlarımızın Böyük Qayıdışının davamlı olmasıdır. Cənab İlham Əliyev cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində bu istiqamətdə görülən işlər fonunda qarşıda dayanan hədəfləri açıqladı. Bildirdi ki, bu günə qədər görülən işlər göz qabağındadır. Əsas nailiyyətimiz odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək: “Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə mənim tərəfimdən təsdiq olunacaq, bir neçə dəfə artıq müzakirədən keçib. Həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı bizim əsas alətimizdir, bərpa üçün əsas alətimizdir.”

Cari ildə icra ediləcək infrastruktur layihələrinə də xüsusi diqqət yönəldildi. “Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, bunlar nəhəng layihələrdir. Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışı olacaq.  Suqovuşan  yenidən quruldu. Zabuxçay Su Anbarının inşası bu il tamamlanacaq. Bu Su Anbarı  böyük ərazini suvarma suyu ilə təmin edəcək: “Yəni, keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait olmalıdır. Onu da bildirməliyəm ki, qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı bizim qurumlarımız ciddi məşğuldur və həm gedənə qədər onlar üçün treninqlər keçirilir, həm də yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır və yaradılacaq. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək.”

İşğaldan azad edilmiş ərazilərimizdə qısa müddətdə  görülən işlərin miqyasının genişliyi, soydaşlarımızın yaşayışı üçün bütün zəruri imkanların yaradılması keçmiş məcburi köçkünlərin qayıdış ünvanlarının sayının daha da artmasını şərtləndirir. Bu torpaqlarda öncə infrastrukturun yenilənməsinə, bərpasına diqqət yetirilməsi onların malik olduqları iqtisadi imkanlardan maksimum istifadəyə geniş imkanlar yaradacaq. Bu mühüm addımı nəzərə alaq ki, cənab İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi gələcəkdə hər bir rayonun ölkəmizin dayanıqlı inkişafına öz töhfəsini verməsinə stimul olacaq.

Bu mühüm məqam daim önə çəkilir ki, işğaldan azad edilmiş ərazilərimizdə üç beynəlxalq hava limanının tikintisi bu ərazilərin həm iqtisadi inkişafına, həm də turizm imkanlarının genişlənməsinə öz müsbət təsirini göstərəcək. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanın istifadəsi bu ilin sonu gələn ilin əvvəlinə planlaşdırılır. Məhz görülən işlərin miqyasının genişliyinə söykənərək dövlət başçısı İlham Əliyev böyük qürur hissi ilə bildirir:  “Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə, - hansılarda ki, mən təməl qoymuşam, - orada inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk.”

Daim bu məqsəd açıqlanır ki, Böyük Qayıdış Proqramının birinci mərhələsinin icrasının başa çatacağı ildə, 2026-cı ilin sonuna qədər 140 min keçmiş köçkün öz dədə-baba torpaqlarına qaytarılmalıdır. Cənab İlham Əliyev buna nail olacağımızı böyük əminliklə ifadə edir. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin miqyası Azərbaycanın iqtisadi imkanlarının göstəricisidir. Bütün işlər Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Yalnız Özbəkistan və Qazaxıstan Füzulidə iki məktəbin tikintisi ilə bağlı Azərbaycana  qardaş dəstəyi göstəriblər.

Qeyd etdiyimiz kimi, bu il soydaşlarımızın qayıdacaqları ünvarnlar sırasında Şuşa, Xankəndi və Xocalı şəhərləri var. Tarixi Zəfərimizdən bu günədək Qarabağın tacı Şuşa dirçəlir. əvvəlki simasına qayıdır. Şuşa hazırda beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi seçilir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə çoxsaylı səfərləri sırasında Şuşa səfərləri çoxluq təşkil edir. Bu gün görülən işlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabr 2020-ci il tarixdə Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” çağırışının reallıqda təsdiqidir. Şuşa, eyni zamanda, dünyaya qardaşlıq nümunəsini təqdim edən Azərbaycan və Türkiyənin dostluğunun, qardaşlığının və müttəfiqliyinin təsdiqi olan Bəyannamənin imzalanmasına şahidlik etdi. Eyni fikirləri Xankəndi ilə bağlı da qeyd edə bilərik. Ötən ilin 21 dekabr tarixində Xankəndidə Zəfər matçı keçirildi. Cənab İlham Əliyev oyundan əvvəl çıxışında  “Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər” fikirlərinin davamı olaraq bu reallığı da diqqətə çatdırdı ki, biz bu torpaqların sahibləri qurub-yaradırıq. Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır: “Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı.” Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük qürur hissi ilə bu çağırışı etdi ki, bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! 

Xankəndidə, Xocalıda qısa zamanda görülən işlər cari ildə soydaşlarımızı doğma yurd-yuvalarına qovuşduracaq. Tezliklə Xocalıda 50 evin çırağının yanacağı bildirilir. Hazırda əsas işlər Xocalının mərkəzindən keçən magistral yolun ətrafında gedir. O da bildirilir ki, Xocalıda rabitə-kommunikasiya sisteminin qurulması işlərinin təxminən 70 faizi başa çatıb.

Artıq göründüyü kimi, 140 min sakinin 2026-cı ilin sonuna qədər doğma yurd-yuvasına qayıtması üçün nəzərdə tutulan bütün işlər zamanında və yüksək səviyyədə həyata keçirilir.  7 fevral prezident seçkilərindən sonra yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəfləri sırasında dayanıqlı iqtisadi inkişaf başlıca amildir. Çünki  Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 ilin uğurları bunu böyük əminliklə söyləməyə əsas verir.

Yeganə Əliyeva, “İki sahil”