10 fevral 2024 00:45
303

Azərbaycanı ikiyə bölən bədnam sənəd

1828-ci il fevralın 10-da çar Rusiyası və Qacarlar dövləti arasında ədalətsiz və separat sənəd olan, Azərbaycan xalqının qan yaddaşına Türkmənçay faciəsi kimi həkk olunan müqavilənin imzalanmasından 196 il ötür

Türkmənçay “sülh” müqaviləsi Azərbaycan tarixinin ən ağrılı, faciəvi səhifələrdən biridir. O zaman mərkəzləşmiş dövlət yox idi və Azərbaycan xanlıqlardan ibarət idi. Azərbaycan xanlarının çoxusu bir-birlərindən qorunmaq üçün qıraqdan özlərinə qəyyum axtarmağa başlamışdılar. Belə bir vəziyyətdə İranla Rusiya fəlakətli durumdan ustalıqla yararlanaraq Azərbaycanı savaş meydanına çevirdilər. 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan “Gülüstan” sülh müqaviləsinin şərtlərini pozan tərəflər yenidən iki illik savaşdan sonra – 1828-ci il fevralın 10-da bağlanan “Türkmənçay” müqaviləsi ilə Azərbaycanın ərazisini Araz çayı sərhəd olmaqla şimal və cənuba böldülər. (Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalayıblar.) Şimali Azərbaycan torpaqları Rusiya imperiyasının tərkibinə daxil edildi. Qarabağ, Şəki, Şirvan, Gəncə, Bakı, Talış xanlığı, eyni zamanda Dərbənd xanlığının ərazisinə keçmişdi. İran, bu ərazilərin Rusiyaya daxil edildiyini təsdiq etmişdi. Müqaviləyə görə, daha iki Azərbaycan xanlığı Naxçıvan və İrəvan xanlıqlarının torpaqları da Rusiyanın tərkibinə keçdi. Türkmənçay sülhünün 3-cü maddəsi ilə bu rəsmiləşdirildi. Beləliklə, Azərbaycan torpaqları Rusiya və İran arasında iki hissəyə bölünməsi prosesi başa çatdırılmış oldu. Bu bölüşdürmənin birinci mərhələsi 1813-cü il Gülüstan sülhü ilə həyata keçirilmişdi.

"Türkmənçay" müqaviləsinin imzalandığı Türkmənçay kəndi Təbrizlə Tehranın arasında, Tehrana gedən yolun üstündə yerləşir. Həmin kəndin adət-ənənəsi, tarixi, yaşam tərzi sırf Azərbaycan türklərinin həyat tərzindən xəbər verir. Türkmənçay kəndində yaşayanların hamısı Azərbaycan türkləridir. Nə qədər kədərli olsa da, bir xalqın iki yerə parçalanmasının rəmzi kimi bu gün Türkmənçay kəndinin adı 200 ilə yaxındır ki, türklərin ağlından, ruhundan silinmir. Çünki, tarixən nə Rusiya, nə İrana dəxli olmayan, əksinə Böyük Səfəvi dövlətinin bir parçası olan bu feodal dövlətlər bölünmüş və Azərbaycanın Şimalı və Cənubu ifadəsi yaranmışdı. Əslində bu, Rusiyanın Pyotr dövründən qalma siyasətinin bilavasitə davamı idi və burda hələ I Pyotr vəsiyyətlərində ifadə olunmuş müəyyən məqamlar öz əksini tapmışdı. Müqavilədə İrandan erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ və s.) köçməsi, İranın Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də vardı. Yəni ermənilərin Azərbaycanda yerləşdirilməsi üçün münbit siyasi şərait yaranmışdı və Türkmənçay müqaviləsinin təbəə alış-verişi, yəni insan dəyişməsi maddələri burda Azərbaycanın bugünkü taleyinə təsir edən məqamları yaratmışdı. Belə ki, bu müqavilənin şərtləri əsasında İrandan 40 min erməni Azərbaycana köçürüldü. Türkmənçay müqaviləsindən təxminən 40 gün sonra 1828-ci il mart ayının 21-də Türkmənçay müqaviləsi ilə Rusiyaya daxil edilən Naxçıvan və İrəvan xanlıqları Çar Nikolayın əmri ilə ləğv edildi və bu ərazilərdə erməni vilayəti yaradıldı. Köçürülən ermənilər də bu ərazilərdə yerləşdirildi. Eyni zamanda 1829-cu ildə Rusiya ilə Osmanlı dövləti arasında bağlanmış Ədirnə müqaviləsinin 130-cü maddəsinə görə, Osmanlı ərazilərindən ermənilərin cənubi Qafqaza köçürülməsi başlandı. Qısa müddət ərzində 1829-1831-ci illərdə Osmanlı dövlətindən 14044 erməni ailəsi təxminən 100 min nəfər erməni Cənubi Qafqazda əsasən də Azərbaycan torpaqlarında məskunlaşdırıldı. 1828-ci il mart ayının 21-də erməni vilayətinin yaradılması ilə Azərbaycan torpaqlarının erməni ərazi vahidi yaradılmış oldu. Beləliklə, Azərbaycana elə bir tarixi zülm edildi ki, sonralar bu zülmün nəticəsində Azərbaycan xalqı hələ çox əziyyət çəkəcəkdi... Türkmənçay müqaviləsindən sonra tarixi Azərbaycan torpaqlarına köçürülən ermənilər qısa müddətdən sonra regionda ilk etnik münaqişələrin əsasını qoydular və Azərbaycan türklərinə qarşı açıq düşmənçilik mövqeyi tutdular. XX əsrin əvvəllərində Qafqaz regionunda ilk soyqırımları da erməni daşnak terror dəstələri Azərbaycan türklərinə qarşı törətdilər. Həmişə öz havadarlarının himayəsinə sığınan bu yadelli etnik ünsür son yüz ildə dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü, 1988-1994-cü illərdə Azərbaycan türklərini əzəli torpaqlarından deportasiyaya məruz qoymuş, soyqırımları törətmiş, tarixi-mədəni abidələrimizi məhv etmişlər.

Məlumat üçün bildirək ki, ermənilər 1978-ci ildə Ağdərədə “Marağa-150” sözləri yazılmış park salmışdılar. Bu parkın adı onların özləri tərəfindən Qarabağa 150 il əvvəl, yəni 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra köçürüldüklərini etiraf etmələrini sübut edirdi. 1988-ci ildə isə ermənilər tarixi həqiqəti ört-basdır etmək üçün bu parkın girişindəki sözləri pozaraq parkı dağıtdılar. Müqavilələrin hüquqi qüvvəsi və müddətliliyi haqqında 1969-cu ildə qəbul edilmiş Vyana konvensiyasına əsasən, həm Gülüstan, həm də Türkmənçay müqavilələri hazırda qüvvədə olmayan və heç bir hüquqi məsuliyyəti əks etdirməyən müqavilələrdir. Etibarlı tarixi mənbələr və qədim xəritələr də bir daha təsdiq edir ki, Araz çayının şimalında da, cənubunda da yaşayan Azərbaycan xalqı öz tarixi torpaqlarında min illər boyu vahid, qüdrətli dövlətçilik ənənəsinə malik olub. 196 il bundan əvvəl Türkmənçay müqaviləsini imzalayan çar Rusiyası və Qacarlar dövləti bir əsr bundan əvvəl süqut edib. Nə 1917-ci ilin oktyabrında V.İ.Leninin çevriliş yolu ilə qurduğu bolşevik Rusiyası, nə də 1991-ci ilin dekabrında yaranmış müasir Rusiya Federasiyası çar Rusiyasının hüquqi varisi deyil. Hətta V.İ.Lenin sovet Rusiyasını qurduğu zaman özündən əvvəlki çar rejiminin varisi olmadığını, həmçinin çar dövrünə aid bütün öhdəliklərin, borcların, müqavilələrin qüvvədən düşdüyünü elan etdi. Müasir İran İslam Cümhuriyyəti isə Qacarlar dövlətinin varisi deyil. Digər tərəfdən Türkmənçay müqaviləsinin birinci maddəsində nəzərdə tutulduğu kimi, bu müqavilə yalnız Qacarlar sülaləsinin hakimiyyəti dövründə hüquqi qüvvəyə malik idi. Beləliklə, tarixi gerçəkliyi əks etdirən hüquqi sənədlər, eləcə də Türkmənçay müqaviləsinin şərtləri bu müqavilənin ədalətsiz olduğunu, işğalçı imperiya olan çar Rusiyasının diktəsi ilə imzalandığını bir daha təsdiq edir.

Xatırladaq ki, 1813-1828-ci illərə qədər Azərbaycanın ərazisi 410 min kvadratkilometr olub, o cümlədən İrandakı Güney Azərbaycanın sahəsi 280 min kvadratkilometr, Rusiyadakı Şimali Azərbaycanın sahəsi 130 min kvadratkilometr idi. 1918-ci ildə Rusiyanın təzyiqilə ermənilərə verilən İrəvan xanlığı - 9 min kvadratkilometr, Rusiya əsarəti altındakı Dərbənd xanlığı - 7 min kvadratkilometr, 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi - 114 min kvadratkilometr, 1920-ci ildə ADR-i işğal edən Sovet İmperiyasının bölüşdürdüyü Azərbaycan əraziləri: Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican və Borçalının birlikdə sahəsi - 27,4 min kvadratkilometr olub.

Sevinc Azadi, “İki sahil”