09 fevral 2024 23:57
304

Naxçıvanın muxtariyyəti tarixi zərurətdən yaranmışdı

NAXÇIVANIN MUXTAR RESPUBLİKASI – 100

Bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur. Bununla bağlı 2023-cü il 30 dekabr tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ölkədə, eləcə də muxtar diyarımızda bir sıra elmi və mədəni-kütləvi tədbirlərlə geniş qeyd ediləcək.

Naxçıvanın muxtariyyət tarixi çətin yollardan keçmişdir.   Ötən əsrin əvvəllərində Rusiyada baş verən fevral inqilabının qələbəsindən və oktyabr çevrilişindən sonra ucqarlarda da vəziyyət xeyli ağırlaşmışdı. Bu zaman imperiyanın tərkib hissəsi kimi Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da gərgin vəziyyət yaranmışdı. Muxtariyyət ərəfəsində Naxçıvan diyarında baş verən hadisələr, Andranik başda olmaqla erməni quldurlarının törətdikləri milli qırğınlar, bununla əlaqədar olaraq dəhşətli və faciəli şəkil almış ictimai və siyasi vəziyyət Cənubi Qafqaz hüdudları çərçivəsindən kənara çıxaraq beynəlxalq problemə çevrilmişdi. Törədilmiş milli qırğınlar nəticəsində diyarın təsərrüfat həyatı ciddi tənəzzülə uğramış, əhalinin sayı iki dəfə azalmış, hərbi əməliyyatlar kənd və şəhərlərin dağılmasına səbəb olmuşdu.

O zaman Naxçıvan regionunu idarə etmək üçün 1918-ci ilin ortalarında Cəfərqulu xanın başçılığı ilə Naxçıvanın vətənpərvər qüvvələrini, müəllim və ziyalıları birləşdirən Müsəlman Milli Komitəsi yaradılmışdı. Naxçıvanda yaradılan bu Milli Komitə əhalisi azərbaycanlılardan ibarət olan Mehri, Ordubad, Culfa, Şahbuz, Şərur-Dərələyəz bölgələrini öz himayəsi altına almışdı. Lakin bu ərazi və torpaqlar üzərində “Böyük Ermənistan” yaratmaq xəyalı ilə yaşayan ermənilər həmin əraziləri işğal etmək niyyətlərindən bir anlıq da olsa əl çəkmək istəmirdilər və indi də bu xülya ilə yaşayırlar.

Çox mürəkkəb tarixi inkişaf yolu keçmiş Naxçıvan bölgəsində hadisələri mürəkkəbləşdirən XIX əsrin 20-ci illərində Azərbaycan torpaqlarına köçürülən, özlərinin dövlətlərini yaratmağa cəhd edən ermənilər olmuşdur. Həmin dövrdə ərazi mübahisələri Rusiya tərəfindən qızışdırılır və bunları ermənilərin xeyrinə həll etmək siyasəti aparılırdı. AXC dövründə olduğu kimi bolşevik hakimiyyəti dövründə də Azərbaycana qarşı iddia edilən ərazi məsələləri davam etdirilirdi ki, bu ərazilər də əsasən Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ idi.

1920-ci il aprelin 28-də AXC devrildi və Azərbaycanda Sovet hakimiyyəti quruldu. Bundan sonra ölkəmizin ayrılmaz bir hissəsi olan Naxçıvan bölgəsində daha da fəallaşan ermənilər Vedi, Cüvə və Yaycıdan başlamış Ordubadadək ərazini işğal edib, intensiv surətdə hərbi hazırlıq işləri aparmışlar. Dro, Njde və b. daşnak liderləri Zəngəzurun işğalına böyük əhəmiyyət verirdilər. Əgər 1918-1920-ci illərdə ermənilərin Naxçıvanı işğal etməklə bağlı cəhdləri daha çox hərbi və siyasi müstəvidə aparılmışdısa, 1920-ci ilin aprelində bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra daşnak Ermənistanın ərazi iddiası mərkəzi hakimiyyətin regional siyasəti səviyyəsinə qaldırılmışdır.

1920-ci il iyulun 28-də Naxçıvan sovetləşdi, ertəsi gün-iyulun 29-da Naxçıvan İnqlab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası adlandırıldı. 1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri Mirzəli bəy Bektaşov (Bektaşi) Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.Nərimanova məktub yazaraq Naxçıvanın Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olduğunu elan etdi və ona birləşməyə hazır olduğunu bildirdi.

29 noyabr 1920-ci ildə Azərbaycan torpaqlarında Ermənistan SSR-nin yaradılmasından və ertəsi gün-noyabrın 30-da N.Nərimanovun verdiyi bəyanatın qəzetlərdə saxtalaşdırılmış şəkildə nəşr edilməsindən  sonra ermənilərin Naxçıvana olan iddiaları daha genişləndi. Bu zaman V.Lenin, İ.Stalin və S.Orcenikidze Naxçıvanın Ermənistana verilməsi ideyasını müdafiə edirdilər. 1920-ci il dekabrın 2-də Gümrüdə Ermənistan hökuməti ilə Türkiyə arasında imzalanmış müqaviləyə görə Naxçıvan, Şərur və Şahtaxtıda səsvermə əsasında xüsusi idarəçilik yaradılmalı idi və Ermənistan onun işinə qarışmamağı öz öhdəsinə götürürdü. Ermənistan sovetləşdikdən sonra sovet rəhbərlərinin anti-Azərbaycan siyasəti nəticəsində Zəngəzur ərazisinin böyük bir hissəsi Ermənistan SSR-ə verildi. Bu tarixi Azərbaycan torpaqlarının hesabına Ermənistan SSR Xalq Komissarları Sovetinin 20 iyul 1921-ci il tarixli qərarı ilə Ermənistan SSR-nin tərkibində sayca 9-cu olan Zəngəzur qəzası yaradıldı. Zəngəzurun Ermənistana verilməsilə Naxçıvan bölgəsi Azərbaycanın əsas hissəsindən ayrı salındı, nəticədə onun muxtariyyəti məsələsi gündəliyə gəldi. Bu məsələlərdən bəhs edən Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, “əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”.

Sovet rəhbərlərinin Azərbaycana qarşı bu cür mənfi münasibətinə və N.Nərimanovun Naxçıvanla bağlı 1 dekabr 1920-ci il tarixli bəyanatına görə dekabrın 5-də Naxçıvan əhalisinin etirazları başlandı. Naxçıvanda vəziyyət kəskinləşdiyinə görə respublika rəhbərliyi İnqilab Komitəsinin üzvü, Ədliyyə komissarı B.Şahtaxtınskini Naxçıvana göndərdi. Naxçıvanın muxtariyyət statusu qazanmasında və daşnak təcavüzünə qarşı əhalinin təşkilatlanmasında B.Şahtaxtınski mühüm rol oynadı. Belə ki, Behbud ağa Şahtaxtinski Rusiya XKS-nin sədri V.İ.Leninə göndərdiyi məktublarda və teleqramlarda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, həmin mahalların milli tərkibi və coğrafiyasına dair geniş arayışlar və Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdir. Onun təklifləri ilə maraqlanan V.Lenin məsələnin RK(b)P MK Siyasi Bürosunda müzakirə edilməsi barədə göstəriş vermişdi.

Ermənilər öz iddialarından əl çəkmədikləri üçün Naxçıvan məsələsi ilə əlaqədar əhalinin fikrini öyrənmək məqsədilə Behbud ağa Şahtaxtınskinin təşəbbüsü ilə 1921-ci ilin əvvəllərində Naxçıvanda Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilmiş rəy sorğusunda (referendumda) bölgə əhalisinin 90 faizdən çoxu Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi.

Naxçıvan məsələsi Türkiyə və Rusiya arasında Moskvada keçirilən görüşlərdə də qızğın müzakirə obyekti olmuşdur. Türk heyəti 2 dekabr 1920-ci il tarixli Gümrü müqaviləsinin qüvvədə olduğunu müdafiə edərkən, rus nümayəndələri bu anlaşmanı, dolayısı ilə Türkiyənin Naxçıvan üzərində himayə haqqı olduğunu qəbul etmirdilər. 9 mart tarixli görüşlərdə Naxçıvanın muxtar statusa sahib olması və başqa bir dövlətə verilməməsi şərti ilə himayəsinin Azərbaycana verilməsi qərarlaşdırılılan, digər məsələləri də özündə ehtiva edən Moskva müqaviləsi 16 mart 1921-ci ildə imzalanmışdı. Türkiyə nümayəndə heyəti Naxçıvanı Türkiyənin himayəsinə ala bilməmişdisədə, regionun Azərbaycan türklərinin əlində qalması təmin edilmiş və Naxçıvan əhalisi bir daha soyqırımına uğrayacağı halda türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq sənədləşdirilmişdi.

Beləliklə, Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında imzalanmış 16 maddə və 2 əlavədən ibarət Moskva müqaviləsində təsbit edildi. Bu müqavilə eyni zamanda Rusiya ilə Türkiyə arasında mövcud olan problemləri də həll etdi. Sıx ittifaqda birləşən Rusiya və Türkiyə təbii müttəfiqə çevrildilər.

Naxçıvanın ərazi məsələsinin müəyyənləşdirilməsi və onun muxtariyyət statusu əldə etməsində Qars müqaviləsinin rolu danılmazdır. 1921-ci ilin sentyabrın 26-da başlayan Qars konfransı oktyabrın 13-də müqavilə bağlanması ilə başa çatdı.  Konfransda Moskva müqaviləsinin maddələri bir daha təsdiq edildi. Qars müqaviləsi əvvəlki müqavilənin şərtlərini daha da möhkəmləndirdi. 20 maddədən və 3 əlavədən ibarət olan bu müqavilənin beşinci maddəsi Naxçıvanın gələcək statusundan bəhs edirdi: “Türkiyə hökuməti, sovet Ermənistanı və Azərbaycan hökumətləri Naxçıvan vilayətinin hazırkı müqavilənin üçüncü əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar”. Müqavilənin müddətsiz imzalanması bölgənin gələcək taleyi üçün də böyük əhəmiyyət kəsb etmişdir.

Zorla siyasiləşdirilmiş Naxçıvan məsələsi məhz bu müqavilələrlə əhalinin arzu və tələbinə uyğun olaraq həll edilmişdi. Bu halda Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika kimi qalması imkanı reallaşmışdır. 

Beləliklə, xalqın əzmli müqaviməti və dönməz iradəsi, Türkiyənin yardımı, əsl milli siyasətçi və diplomat olan B.Şahtaxtınski kimi siyasi xadimlərin səyləri nəticəsində Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı. Naxçıvanın statusunun iki beynəlxalq müqavilədə əks olunması böyük siyasi əhəmiyyət kəsb edən bir faktdır.

Ancaq müxtəlif səbəblər üzündən Naxçıvanda muxtariyyətin yaradılması ləngimiş, 27 fevral 1923-cü ildə III Ümumnaxçıvan Sovetlər qurultayının qərarı ilə Naxçıvan Muxtar Diyarı yaradılmışdır. Belə bir muxtar qurum Moskva müqaviləsinin (1921) və Qars müqaviləsinin (1921) şərtlərinin ziddinə olaraq Naxçıvan SSR muxtariyyətinin məhdudlaşdırılmasını, onun Naxçıvan SSR muxtariyyətinin Azərbaycan SSR-in protektarlığı altında təşkil edilməsini deyil, diyarın məhdud muxtar vilayət hüququnda ona birləşdirilməsini nəzərdə tuturdu. İlk dəfə 1922-ci ilin dekabrında Cənubi Qafqaz (Zaqafqaziya) I Sovetlər qurultayında irəli sürülmüş və müvafiq qərarlar qəbul edilmiş, 1923-cü ilin yanvarında isə RK(b)P Cənubi Qafqaz Diyar Komitəsi həmin məsələni müzakirə edərək Naxçıvan SSR-i muxtar vilayətə çevirməyi AK(b)P MK-ya tövsiyyə etmişdi.

1923-cü il iyunun 16-da Azərbaycan MİK-in sessiyası Naxçıvan Sovetlər qurultayının Naxçıvan diyarının muxtariyyət hüqüqları əsasında Azərbaycan SSR-in tərkibinə daxil olması haqqında xahişini bəyənərək Naxçıvan Muxtar Diyarı haqqında Əsasnamə qəbul etmişdi.

1923-cü il dekabrın 31-də Azərbaycan MİK Naxçıvan Muxtar Diyarının Azərbaycan SSR tərkibində Naxçıvan MSSR-ə çevrilməsi haqqında qərar qəbul etdi. Qərar Cənubi Qafqaz MİK-in yanvar 1924-cü il tarixli birinci plenumunda təsdiq edildi. 9 fevral 1924-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Diyarının Naxçıvan MSSR-ə çevrildiyini elan etdi.

Naxçıvanın muxtar ərazi statusunun möhkəməndirilməsində 1926-cı il aprelin 18-də  5-ci Ümumnaxçıvan Sovetlər qurultayında qəbul olunmuş Naxçıvan MSSR-in birinci Konstitusiyasının, 1937-ci il sentyabrın 17-də Naxçıvan MSSR-in 10-cu fövqəladə Sovetlər qurultayında qəbul olunmuş  Naxçıvan MSSR-in ikinci Konstitusiyasının, 1978-ci il mayın 30-da   Naxçıvan MSSR Ali Sovetinin 9-cu çağırış növbədənkənar 8-ci sessiyasının qəbul etdiyi üçüncü Konstitusiyasının  mühüm rolu olmuşdur. Beləliklə, ermənilərin Naxçıvanın Azərbaycandan qoparılmasına yönəlmiş düşmənçilik niyyətləri boşa çıxmış, Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və onun Azərbaycan dövlətçiliyindəki yeri öz ədalətli hüquqi qiymətini almışdır.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referndum) ilə qəbul edilmiş və həmin il noyabrın 27-də təsdiq edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilmişdir. Müəllifi Ümummilli Lider Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyası əsasında hazırlanmış, 1998-ci il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul olunmuş və həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Konstitusiyası muxtar ərazi statusunun möhkəmləndirilməsində daha bir əhəmiyyətli addım olmuşdur.

Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası çox çətinliklərlə qarşılaşdı və erməni hücumları ilə üzləşdi. Naxçıvan Muxtar Respublikası mövcudluğu, bugünkü yaşayışı və nicatı üçün 1990-1993-cü illərdə Ulu Öndər Heydər Əliyevin burada yaşayıb-işləməsinə, siyasi fəaliyyət göstərməsinə borcludur. Həmin illərdə muxtar respublika Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qorunmuş və inkişafı təmin edilmişdir.

Bu gün inkişaf dövrünü yaşayan Naxçıvan muxtariyyət statusu qazanmasının 100-cü ildönümünü qürur və fəxrlə qeyd edir. Bildiyimiz kimi 2021-ci il ölkəmiz üçün tarixi il olmuş, əzəli torpaqlarımız siyasi və hərbi gücümüz sayəsində mənfur düşməndən geri alınmışdır. Bu 44 günlük Vətən müharibəsində naxçıvanlı hərbçilər də iştirak edərək qəhrəmanlıq göstərmişlər. Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə 10 noyabr tarixli birgə bəyanatda Naxçıvanla bağlı ayrıca müddəa yer almışdır. Həmin bəyanatın 9-cu bəndində deyilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təmin etmək məqsədilə Azər. Res.nın qərb rayonları və Nax. MR arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Azərbaycan tərəfinin təkidi ilə sözügedən birgə bəyanata belə bir bəndin salınması həm Naxçıvan, həm Azərbaycan, həm də türk dünyası, eləcə də qlobal Şərq-Qərb nəqliyyat dəhlizi üçün bir sıra cəhətlərə görə çox mühüm əhəmiyyyət kəsb edir.

Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması müddəa kimi qeyd edilib. Tarixi Qars müqaviləsinə istinad edilməklə Şuşada Azərbaycan ilə Türkiyə arasında imzalanan Müttəfiqlik Bəyannaməsində İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsi olan  Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələrin öz əksini tapması türk birliyinin,  siyasi iradənin nəticəsidir. “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır” söyləyən Prezident İlham Əliyevin sözlərinin təsdiqi kimi səslənən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Artıq Azərbaycanın əsas hissəsinin Naxçıvan bölgəsi və həm də Türkiyə ilə quru yolu və dəmiryolu əlaqələri zamana bağlı bir prosesə çevrilib. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir” ifadələrinin eynilik təşkil etməsi türkçülüyün böyük təbliğatçısı  İsmayıl bəy Qaspiralının «Dildə, əməldə, fikirdə birlik» ideyasının müasir həyatımızda təsdiqidir. Zəngəzurun dəhlizinin bərpası ilə  türk dünyasının pozulan  coğrafi bağlantısı,  tarixi ədalət bərpa olunacaq.  Bölgənin dörd qonşu ölkəsi ilə  enerji bağlantısı olan Azərbaycanın  yol-nəqliyyat infrastrukturunun  coğrafiyası da genişlənəcək.

Sazişin bu bəndində nəzərdə tutulanların həyata keçirilməsi prosesi çərçivəsində bu yolun açılması Naxçıvanı blokadan çıxaracaq. Bu dəhlizdə digər kommunikasiya xətlərinin çəkilməsi mümkün olacaq. Bakı-Naxçıvan-Türkiyə və əks tərəfə marşrutla sərnişin və yükdaşımalar intensivləşək. Bununla da Naxçıvanın “Şərqin qapısı” funksiyası özünə qayıtmış olacaq.

Yaşar Rəhimov,
Tarix üzrə fəlsəfə doktoru
AMEA Naxçıvan Bölməsi