02 fevral 2024 01:16
281

Ermənilərin anti-Rusiya çağrışları artıq qırmızı xətti keçməkdədir

Paşinyan Putinin Ermənistana səfərini necə əngəlləyir?

Fevralın 1-dən Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) rəsmən qoşuldu. Bununla da o BCM-nin  iştirakçısı olan 124-cü ölkə oldu. Rusiyanın RİA Novosti agentliyi bildirib ki, bu, Rusiya üçün skandal bir qərardır. Çünki Roma statutuna əsasən, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin haqqında çıxardığı həbs qərarından sonra o, Ermənistana gələrsə, saxlanıla bilər.

Bundan başqa,  iki gün əvvəl İrəvanda İkinci Dünya Müharibəsi zamanı blokadada olmuş Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması da Rusiyada kəskin etiraz doğurub. Məsələ burasındadır ki, sosial şəbəkələrdə özünü Samvel Şirinyan kimi təqdim edən İrəvan sakini həmin abidənin önündəki çələngləri dağıdıb, Rusiya bayrağının rənglərinə uyğun lenti tapdalayıb və bu hərəkətlərini videoya çəkərək yayıb.

Rusiya Xarici İşlər Nazirliyi bu vandalizm aktını kəskin şəkildə pisləyib. Eyni zamanda Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin abidənin təhqir olunması ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib. Bütün bunlar bir daha göstərir ki,  erməni cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi hər gün daha da yüksəlir. Rusiyalı analitik, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko bildirib ki, ermənilərin  bu hərəkətinə bəraət qazandırmaq mümkün deyil: «Bu, Rusiyanın üzünə tüpürməkdir. Üstəlik, bu, indiki erməni cəmiyyətində hakim olmağa başlayan rusofobiyanın və anti-Rusiya əhval-ruhiyyəsinin göstəricisidir».

İ. Korotçenko vurğulayıb ki, Ermənistan cəmiyyətində belə vəziyyətd xeyli müddətdir ki, müşahidə olunur. Onu fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadan rəsmi şəkildə üzr istəməlidir: «Ermənistanın müvafiq hüquq-mühafizə orqanları isə bu cinayəti hərtərəfli araşdırmalı və cinayətkarın mühakimə olunması və onunla bağlı ədalətli qərarın çıxarılması üçün həmin şəxsi Rusiya ədliyyəsinə təhvil verməlidir».

Biz Ermənistandakı anti-Rusiya əhval-ruhiyyəsindən dəfələrlə yazmışıq. Xüsusilə vurğulamışıq ki, erməni saytları ötən illərdə bu ölkənin əleyhinə silsilə yazılar dərc ediblər. O cümlədən erməni siyasətçiləri də tez-tez Rusiyanı ittiham edən açıqlamalar verirlər. Xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyan son dövrlər anti-Rusiya çıxışlarını açıq mətnlə ifadə edir. Rəsmi İrəvan artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərindən də imtina edib. Əvəzində ABŞ-la birgə təlimlər keçirir və ərazisində Avropa İttifaqı (Aİ) müşahidə missiyasının mövcudluğuna  üstünlük verir. Yəni, rəsmi İrəvan Azərbaycanla sərhəddə gərginlik iddiasını ortaya ataraq hər vəchlə Aİ-nin Ermənistanda missiyasının genişlənməsinə çalışır.

Erməni mediasında yer alan xəbərlərə görə, Avropa İttifaqının müşahidə missiyası 2023-cü ilin noyabrında Tavuş vilayətinin İcevan şəhərində əməliyyat mərkəzi açıb. Bu, artıq Aİ-nin Ermənistandakı üçüncü mərkəzidir. Aİ-nin Ermənistandakı müşahidə missiyasının sayının artırılmasının yalnız bir məqsədi var - KTMT-dən uzaqlaşmaq, ardınca da rus qoşunlarının Ermənistandan çıxarılmasına nail olmaq. Ermənistanda Rusiya və onun himayəsində olan təşkilatlara inam və etibarın minimuma enməsinə səbəb kimi Azərbaycanla İkinci Qarabağ müharibəsində lazımi dəstəyin olmaması göstərilir. Halbuki, bu barədə KTMT-nin Nizamnaməsində belə  bənd var ki, təşkilat yalnız üzv dövlətlərin ərazisinə hücum olarsa hərbi müdaxilə etmək zərurəti yaranar.

Hətta İkinci Qarabağ müharibəsində Ermənistanın sərhəddə gərginlik yaratmaqla KTMT-ni münaqişəyə cəlb etmək kimi məkrli planı da baş tutmadı. Məhz bundan sonra Ermənistan hakimiyyəti  Rusiya və onun himayəsi ilə qurulan bir çox təşkilatlardan qeyri-rəsmi formada imtina etməyə başladı. Əvvəlcə baş nazir Nikol Paşinyanın yaxın ətrafına daxil olan məmurlar, sonra isə özü dəfələrlə bu qurumlara üzvlüyün əhəmiyyətsizliyini vurğuladılar. Baş nazir sonuncu müsahibələrində daha irəli gedərək KTMT-nin Ermənistanın maraqlarını qorumaq iqtidarında olmadığını bəyan etdi.

Bəli, geosiyasi kursunu dəyişən rəsmi İrəvan artıq Avropa İttifaqına daxil olan ölkələrlə yaxınlaşır, təşkilatın Ermənistan ərazisində missiyasını genişləndirməyə çalışır. Amerikalı milyarder Corc Sorosun planına uyğun olaraq ABŞ-la əməkdaşlığın genişləndirilməsi, hətta onunla birgə hərbi təlimlər keçirilməsi də bu planın tərkib hissəsidir.

Paşinyan hakimiyyəti  bu qənaətdədir ki, Ermənistanın Rusiyadan asılılığı ən yüksək həddədir və bundan yaxa qurtarmaq lazımdır. Onun qənaətincə, Rusiyanın yerini Qərb və digər tərəfdaşlar tutmalıdır. Bir sözlə, ermənilər artıq Rusiyanı tərəfdaş kimi görmür və onu satqın hesab edirlər. Əslində, Ermənistanın Rusiyadan asılılığa son qoyması heç də asan məsələ deyil. Ona görə ki,  Ermənistan təkcə  hərbi deyil, həm də iqtisadi cəhətdən də Rusiyadan asılıdır. Burada ən böyük istehsalat müəssisələrindəki payın böyük hissəsi Rusiyanın əlindədir.  

Bundan başqa, anti-Rusiya cəbhəsinin lideri Nikol Paşinyan,  indi eyni zamanda, Rusiyapərəst müxalif qüvvələrlə də mübarizə aparır. Yəni, bu işdə Paşinyana  sadəcə rəhbəri olduğu  azsaylı Soros komandası dəstək verir. Bütün bunların fonunda  ölkədəki Rusiyanın təsiri altında olan qüvvələr də xeyli fəallaşıblar.

Bu gün ermənilər gərgin günlərini yaşayırlar. Çünki  Ermənistan son günlər forpostu olduğu Rusiyaya qarşı soyuq müharibə elan edib. Hətta yaxın gələcəkdə hayların  MDB-dən və Avrasiya İqtisadi İttifaqından da imtina edəcəkləri gözlənilir.  Ötən  ilin sonlarında Sankt-Peterburqda keçirilən Avrasiya İqtisadi İttifaqnın iclasında Nikol Paşinyan buna eyham vurub. Bildirib ki, bu təşkilat da artıq Ermənistan üçün maraqlı deyil. Analitiklərin fikrincə, hayların anti-Rusiya çağırışları artıq qırmızı xətti keçməkdədir və rəsmi Kreml Ermənistanın bu və digər nankorluğunu cavabsız qoymayacaq.

Elçin Zaman, «İki sahil»