02 fevral 2024 02:17
293

Azərbaycanın siyasəti bütün ölkələrə dost münasibətin nümayiş etdirilməsinə hədəflənib

Sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən ölkəmizin qarşısında yeni imkanlar yaranır

Azərbaycanın uğurlarından bəhs edərkən ilk olaraq 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz və onun yaratdığı  reallıqlar göz önünə gəlir. Bu reallıqlar regionda və dünya siyasətində yeniliklərə yol açdı.  Azərbaycanın  dünyanın yeni xarici siyasətinin müzakirəsi üçün ideal məkan kimi qəbul olunması,  dövrün əsas çağırışlarının ölkəmizdə  müzakirə edilərək təcrübəsinin yüksək  dəyərləndirilməsi, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipləri əsasında  əməkdaşlıq əlaqələri qurması  dünya birliyinin fəal üzvü kimi artan nüfuzunun göstəricisidir. Bu gün qürurla qeyd etdiyimiz fikirlərdən biri də budur ki, Azərbaycanın sözü imzası qədər dəyərlidir.

Ölkəmizə beynəlxalq baxış da artan nüfuzunun təqdimatıdır. Belə ki, səsləndirilən fikirlər ölkəmizin  həyata keçirdiyi siyasətin nümunə olduğunu və öyrənilməsinin vacibliyini təsdiqləyir. Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edir. Rəylərdə bu məqam xüsusi vurğulanır ki,  Azərbaycan   çox nadir bir ölkə olaraq  özündə ənənə və müasirliyi birləşdirir. Bu gün ölkəmiz,  eyni zamanda, Avrasiya regionunun nəqliyyat və logistika qovşağı rolunu oynaması üçün  mühüm addımlar atır. Azərbaycanın Şərq və Qərb, eyni zamanda, Şimal və Cənub tərəfdaşlarını birləşdirmək məqsədi bütünlükdə  regionda və  dünyada əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Regionun lider dövləti olduğunu   iqtisadi qüdrəti ilə  təsdiqləyən  Azərbaycanda  beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına da böyük əhəmiyyət verilir. Dünyanın ən iri 100 beynəlxalq əhəmiyyətli  layihələrindən sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və dəmir iradəsi ilə başa çatdırıldı. Dövlət başçısının  vurğuladığı kimi,  Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı-Tbilisi-Qars  Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilib. Sabitliyə və təhlükəsizliyə xidmət edən bu yoldan yararlanan   ölkələr arasındakı əməkdaşlıq dərinləşir, Azərbaycanın geosiyasi əhəmiyyətini artırmaq tərəfdaş ölkələrin iqtisadi inkişafını sürətləndirəcək əlavə imkanlar yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, milli iqtisadiyyatın, o cümlədən nəqliyyat sisteminin inkişafındakı rolu da  beynəlxalq səviyyədə təsdiqlənir.  Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələrin,  xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edir. BTQ dəmir yolu Asiya ilə Avropa arasında ən qısa və rahat yol olmaqla yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir.  Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.  Bu dəmir yolu Çinin elan etdiyi, bir sıra ölkələrin dəstəklədiyi «Bir kəmər, bir yol» layihəsinə qoşulan Azərbaycanı  artıq əhəmiyyətli tranzit daşınmalar mərkəzinə çevirib. BTQ-nin,  Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, müasir gəmiqayırma müəssisəsinin, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının, habelə regionlarda hava limanlarının, uçuş-enmə zolağının yenidənqurulması və genişləndirilməsi kimi layihələrin icrası ölkəmizin nəqliyyat potensialının reallaşdırılması üçün geniş imkanlar yaradıb.  Azərbaycan artıq Cənubi Qafqazda mühüm nəqliyyat qovşağı və dəhlizlərin keçdiyi məkana çevrilib.

Nəqliyyat sektoruna qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev  bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub.

Bu  mühüm məqam daim önə çəkilir ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə məhz infrastruktur layihələrinin icrası ilə başlandı. İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək.  «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də  tarixi Zəfərimizdən sonrakı dövrün hədəfləri öz əksini tapıb.  Sənəddə qeyd olunduğu kimi, mərhələ üzrə həyata keçiriləcək vəzifələr 2030-cu ilə qədər Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə, qüdrətli dövlətə çevrilməsinə etibarlı zəmanətdir. Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü olması nəzərə alınmaqla müəyyənləşdirilən prioritetlərdə ölkə vətəndaşlarının rifah səviyyəsinin artırılmasına, yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə əsaslanan yeniliklərə xüsusi diqqət yetirilir. Regionlarımızda, o cümlədən azad edilmiş ərazilərdə qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla bütün bölgələrdə iqtisadi inkişafın dayanıqlılığını möhkəmləndirir. Ölkəmizin tranzit imkanları əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əsasdır.

Ölkəmizin bugünkü reallıqları fonunda bu fikri də böyük inamla qeyd edə bilərik ki, qlobal çağırışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalaşmasını, qeyri-neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafiə sisteminin gücləndirilməsinı şərtləndirən amillərin əks olunduğu Dövlət proqramlarının uğurlu icrası ölkəmizin qarşısında yeni imkanlar açır.

Tarixi Zəfərimizdən sonra günümüzün əsas müzakirə mövzularından olan Zəngəzur dəhlizinin açılması da ölkəmizin regionda və dünyada artan nüfuzuna öz müsbət təsirini göstərəcək. Zəngəzur dəhlizi  hazırkı dövrün əsas çağırışları sırasında xüsusi yer tutan türk dövlətlərinin həmrəylik körpüsü kimi dəyərləndirilir. Qardaş Türkiyə Zəngəzur dəhlizi layihəsinin 2029-cu ilədək həyata keçiriləcəyinə ümid edir. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu  bildirir ki, Zəngəzur dəhlizinin Bakıdan Horadizədək olan hissəsi tamamlanmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 kilometrdir. Onun hazırlıq prosesi beş il çəkəcək. 2028-ci ildə bütün işlərin başa çatacağını düşünürəm”. O da bildirilir ki, dəhlizin Ermənistan ərazisi istisna olmaqla Horadizdən Ordubadadək olan hissəsində tikinti işləri davam edir. Naxçıvanı Türkiyə ilə birləşdirən 100 kilometrlik mövcud yol yenidən qurulmalıdır. Dəhliz İğdır-Qars dəmir yolu ilə davam edəcək. Tender prosedurları artıq başa çatan dəmir yolunun tikintisinə bu il başlanacaq.

Zəngəzur dəhlizi ilə bağlı İrəvanın mövqeyinə toxunan nazir onu da əlavə etmişdir ki, bu yaxınlarda Nikol Paşinyan layihəyə müsbət mesajlar vermişdir. Türkiyə rəsmisi bildirir ki,  Zəngəzur dəhlizinin Ermənistan hissəsinin uzunluğu təqribən 43 kilometrdir. İrəvan dəhlizin planlaşdırılma və tender prosedurlarını həyata keçirdikdən sonra o, tam başa çatdırılmış hesab olunacaq. Beləliklə, Türkiyə türk dünyası və Orta Asiya ölkələrinə birbaşa və asan çıxış əldə edəcək. Nazir, həmçinin İranın Azərbaycanı Türkiyə ilə birləşdirəcək yolun öz ərazisi ilə tikilməsi təşəbbüsü ilə çıxış etdiyini və Ankara ilə Bakının buna etiraz etmədiyini də  xatırlatmışdır.

Göründüyü kimi, Azərbaycanın iqtisadi qüdrətinin  artması üçün geniş imkanlar yaranır. Bu, ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyində də özünü təsdiqləyir. Müxtəlif  mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşən Azərbaycan  sivilizasiyalararası dialoq məkanı olmaqla yanaşı, iqtisadi inkişaf modeli ilə dünyanın diqqətindədir. Hər zaman vurğulandığı kimi,  bütün sahələrdə  dinamizm inkişafa səbəb olur.  Dövlətimizin siyasətində təkmilləşmənin, yeniləşmənin prioritetliyi Azərbaycanın beynəlxalq aləmdə yenilikçi, islahatçı ölkə kimi tanınmasına və nüfuz qazanmasına səbəb olur. Məhz uğurlarımıza əsaslanaraq  Azərbaycanı  inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi reallaşdırmaq  istiqamətində uğurlu addımlar atılır. Ölkəmizin Dünya İqtisadi Forumunun hesabatlarında daim liderliyini qoruması da deyilənlərin təsdiqidir.

Ölkə Prezidenti çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, Azərbaycan dörd il  BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etdi. 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır.   Ölkəmiz Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atdı, parlament və gənclər platformalarını yaratdı.  COVID-19 pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım etdi.  Qoşulmama Hərəkatında sədrliyimiz Azərbaycana siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı. Azərbaycanın quruma sədrlik müddətinin bir il uzadılaraq 2023-cü ilin sonunda başa çatması ölkəmizə beynəlxalq dəstəyin ən yaxşı  nümayişi oldu.  

Prezident İlham Əliyevin fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşündə də ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinə xüsusi diqqət yönəldildi.  Azərbaycanın bu ilin dekabr ayında ev sahibliyi edəcəyi  COP29-la bağlı dövlətimizin başçısını təbrik edən qonaq  COP29 keçiriləcəyi zaman Parlamentlərarası İttifaq çərçivəsində parlament nümayəndə heyətlərini bir araya gətirən, ətraf mühit və iqlim dəyişikliyi istiqamətlərində beynəlxalq səyləri dəstəkləyən bir tədbirin təşkil olunma təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsü dəstəkləyən dövlətimizin başçısı qonağı Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu. Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə də təbriklərini çatdırdı, ölkəmizin Hərəkatın parlament ölçüsünün yaradılması təşəbbüsünü təqdir etdi.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzunun artırılması, yeni əməkdaşlıq sahələrinin yaradılması, bu xüsusda parlament, gənclər ölçülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslərlə çıxış etdiyini də  vurğuladı.

Azərbaycanın xarici siyasətindən bəhs edərkən  qonşuları ilə  münasibətlərini xüsusi qeyd etməliyik. Bu münasibətlər yaxşı balanslaşdırılıb. Bu əlaqələr  dostluğa və qarşılıqlı marağa əsaslanır. Azərbaycanın xarici siyasətində  türk dünyası ilə  birlik,  həmrəylik və tərəfdaşlıq xüsusi yer tutur.  Azərbaycanın Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlərlə əlaqələri  yüksələn xətlə  inkişaf edir  Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz birlikdə güclüyük. Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında ümumilikdə türk dünyasının birliyinin şahidi olur. Bu birlik özünün aydın ifadəsini işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də tapır. Hələ tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradında  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  bildirmişdir: «Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.» Tarixi Zəfərimizdən sonra Azərbaycan və Türkiyənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmi təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasından sonra münasibətlərdə yeni mərhələnin əsası qoyuldu.

Təhlillər əsasında bu fikir xüsusi qeyd edilir ki, tarixi Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə davamlı səfərlərinə, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Hər bir sənəd münasibətlərin inkişafında  hüquqi bazadır.  Əsas çağırışlar sırasında bu məqam  xüsusi qeyd edilir ki, bir türkdilli dövlətin problemi digərinin problemi kimi qəbul olunmalı və birgə səylər göstərməlidirlər. 

Reallıq budur ki, Azərbaycanın siyasəti həmişə kiməsə dəstək lazım olduqda ona dəstəyin göstərilməsinə və bütün ölkələrə dost münasibətin nümayiş etdirilməsinə hədəflənib. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra Azərbaycanın beynəlxalq arenada imkanları daha geniş olacaq. Döyüş meydanında öz ərazisini qorumuş, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirmiş Azərbaycanın nüfuzu daha da artır.  Cənab İlham Əliyev ona ünvanlanan   «Siz regionunuzda nəyi müşahidə edirsiniz - rəqabət, yoxsa əməkdaşlıq» sualını belə cavablandırır ki,    əməkdaşlığı görürəm. Bu da ölkəmizin siyasəti ilə bağlıdır. Hər zaman Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq istəmişik və  buna müvəffəq olmuşuq. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir. Əməkdaşlığın real nəticələri göz qabağındadır.

Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir. Bu siyasət milli maraqlara əsaslanır.  Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Dövlət başçısı İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşündə   Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasətini apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu bildirdi. Həmçinin rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırdı. Dövlətimizin başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğuladı.

Dövlət başçısı İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsçünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirdi ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

Azərbaycan hər bir cəhdin qarşısını düşünülmüş siyasəti ilə alır. Bütün bu cəhdlərə baxmayaraq bu gün Azərbaycan böyük beynəlxalq potensiala, müsbət  reputasiyaya malik ölkədir. Elə bir ölkə ki, son 20 ildə 310 milyard dollardan artıq sərmayə cəlb edə bilib. Bu rəqəmin özü ölkəmizin bu gününə və gələcəyinə inamın nümayişidir.

Ölkəmizin qitə dövlətləri üçün etibarlı tərəfdaş olması dəfələrlə təsdiq olunmuş həqiqətdir. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək. Dövlət başçısı bir məqamı da xüsusi qeyd edir ki, birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İnvestisiyaların həcminin artırılması üçün ölkəmizdə geniş imkanlar mövcuddur. Sabitlik iqtisadi inkişafın əsas məsələsidir.

Bu reallığı da qeyd etmək istərdik ki, Azərbaycanın tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün təmin olunması, Ermənistanla münasibətlərində yeni səhifənin açılması məqsədilə qarşı tərəfə təklif etdiyi sülh müqaviləsi imzalanarsa, bu, bölgəyə yeni əməkdaşlıq gətirəcək ki, o da öz növbəsində iqtisadi imkanların artmasına stimul olacaq.

Yeganə Əliyeva, «İki sahil»