02 fevral 2024 02:59
549

Siyasi məhbus Paşinyanın edam edilməsini istəyir

İnsan hüquqlarını qorumaqdan dəm vuran bir sıra beynəlxalq təşkilatların bu gün saxta və uydurma ittihamlarla 50-dən çox siyasi məhbusun olduğu Ermənistanda baş verənlərə göz yumması hər zaman olduğu kimi, Qərbin ikiüzlü siyasətindən xəbər verir

Ermənistan hökuməti özünü hər nə qədər demokratiya qalası, Qərb dəyərlərinin keşikçisi adlandırsa da reallıq odur ki, bu gün sözügedən ölkə siyasi məhbusların sığınacağına çevrilib. Bu gün saxta və uydurma ittihamlarla, siyasi motivli və qondarma cinayət işi ilə 50 nəfərdən çox şəxs həbsdədir. Baş nazir Nikol Paşinyan bu şəxslərin siyasi gücündən və çəkisindən qorxur və hakimiyyətinə qarşı təhlükə olduğunu düşünür. Bu səbəbdən də müxtəlif cinayət işləri, təqiblər, saxta ittihamlarla müxtəlif ictimai və siyasi xadimləri, hərbçiləri həbsxanalara doldurur. Hətta sosial şəbəkədə fikir bildirənlərə qarşı da amansızlıq hakim partiyanın tez-tez əl atdığı üsullardan biridir. Eyni zamanda müxalif düşüncələrinə görə də təqib edilən insanların sayı da az deyil. Erməni müxalifəti etiraf edir ki, bu günə qədər Ermənistanda bu qədər siyasi məhbus olmayıb. Maraqlıdır ki, aparılan sorğuların nəticələri də ürəkaçan deyil. Respondentlərin 49.2 faizi Ermənistanda kifayət qədər siyasi məhbusun olduğunu etiraf edib. 20.1 faizi isə bu suala cavab verməkdə çətinlik çəkib.

Bu günlərdə “Kavkazskiy Uzel” nəşrində yer alan məqalədə bildirilib ki, erməni demokratiyasının gücləndirilməsində maraqlı olan beynəlxalq tərəfdaşlar ölkə hakimiyyətinə təzyiq göstərməli və baş nazir Nikol Paşinyana qarşı zorakılığa çağırışda ittiham olunan vəkil Muşeq Şuşanyanın azadlığa buraxılmasına nail olmalıdırlar. Nəşrin yazdığına görə, “Milli Demokratik Qütb” siyasi blokunun tərəfdarı, vəkil Muşeq Şuşanyan ötən il sentyabrın 29-da Nikol Paşinyana qarşı fiziki zorakılığa çağırış etdiyinə görə həbs edilib. Şuşanyanın silahdaşları onun həbsini siyasi təqib kimi qiymətləndiriblər. İstintaqın məlumatına görə, 2023-cü ilin mayında PDP adlı “YouTube” kanalında “Nikolun fiziki məhv edilməsi açıq-aydın doğrudur. Muşeq Şuşanyan” başlığı ilə video yayımlanıb. Həmçinin sentyabrın 22-də Şuşanyan özünün “Facebook” səhifəsində qeyd edib ki, “erməni oyanışı yalnız bir şərtlə başlaya bilər, o halda ki, Nikol və Vətəni satanların bütün qrupu edam edilsin”. Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 3 ilədək həbsi nəzərdə tutan 330-cu maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb. “Milli Demokratik Qütb”ün gənclər qanadı ABŞ, Fransa və Avropa İttifaqını vəkil Muşeq Şuşanyanı azad etmək üçün Ermənistan hakimiyyətinə təzyiq göstərməyə çağırıb. “Kavkazskiy Uzel” yazır ki, onlar Fransa və ABŞ səfirliklərinə, eləcə də Avropa İttifaqının nümayəndəliyinə belə çağırışlarla məktublar göndəriblər. Fəalların məktublarında xüsusilə qeyd olunur ki, Qarabağ müharibəsi veteranı, döyüşlər zamanı yaralanmış hüquqşünas Muşeq Şuşanyan hakimiyyəti kəskin tənqid etdiyinə görə həbsdədir. “Məhkəmə dilin təhqiramizliyindən asılı olmayaraq, xüsusən də tənqid siyasi xarakter daşıdığından, Şuşanyanın söz azadlığı hüququnu qorumalı idi. Amma məhkəmə hakim qüvvəyə rəvac verərək, Şuşanyan  barədə əsassız və qanunsuz həbs qərarı çıxarıb. Məhkəmə söz azadlığının boğulmasına şərik oldu, istənilən tənqidi boğdu və Şuşanyanın siyasi təqibinə görə bilavasitə məsuliyyət daşıyır”, - məktubda qeyd edilir. Müxalifətçilər demokratiyanın möhkəmləndirilməsində maraqlı olan beynəlxalq tərəfdaşları Şuşanyanın azadlığa buraxılmasına nail olmağa çağırıblar. Muşeq Şuşanyanın vəkili Arayik Papikyan qeyd edib ki, müvəkkilinin işi noyabrda məhkəməyə göndərilib. Bu cür işə 10 dəqiqəyə baxıla bilər, amma məhkəmə süni şəkildə yubadılır. Eyni zamanda Şuşanyan öz sözlərindən dönmür, Paşinyanın xain olduğunu bəyan edir.

Arayik Papikyanın sözlərinə görə, 2020-2023-cü illərdə məhkəmələrə 38 analoji iş daxil olub, onlardan 36-sı Paşinyan və onun qohumlarına aiddir: “Sosial şəbəkələrin monitorinqi departamenti” adı altında bütöv bir idarə yaradılıb, o, baş naziri kəskin tənqid edən yazıların axtarışı və müəyyənləşdirilməsi ilə məşğuldur”.

Göründüyü kimi, Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulmasına bir sıra beynəlxalq təşkilat və strukturlar göz yumur, tənqidi fikirlər səsləndirməkdən vaz keçirlər. Bu da bu tip struktur və təşkilatların ikili standart tətbiq etməsindən xəbər verir. Azərbaycanda konkret cinayət əməli törədən şəxsə qarşı cinayət işi açılanda bu beynəlxalq qurumlar nədənsə kənd itləri kimi səs-səsə verərək insan hüquqların pozulmasından, siyasi məhbus nağıllarından moizələr oxumaq üçün sıraya düzülürlər. Bu gün isə Ermənistanda 50-dən çox siyasi məhbus olduğu halda cəmi bir dəfə, Avropa Xalq Partiyası Armen Aşotyanın siyasi məhbus olduğunu, onun azad edilməsinin vacibliyi ilə bağlı bəyanat səsləndirib.

Ermənistanın 3-cü prezidenti Robert Koçaryanın oğlu da bir müddət həbsxana həyatı yaşayıb və siyasi dairələrdə siyasi məhbus ünvanını alıb. İrəvanda keçirilən mitinqdə polisə hücum etmək ittihamı ilə həbsə atılan Levon Koçaryan siyasi fəaliyyətə qoşulduğu gündən hakim partiyanın hədəfinə çevrilmişdi. Əslində isə Paşinyanın əsas hədəfi Robert Koçaryan idi və onun siyasi baxışlarına, hakimiyyətə münasibətinə, açıqlamalarına görə korrupsiya ittihamı ilə cinayət işi açılmışdı. Maraqlıdır ki, Levon atasının yolu ilə getmək qərarına gəldiyi üçün qəzəb oxlarına tuş gəlmişdi. Amma sonradan həbs müddəti başa çatdı və aktiv siyasətə qoşuldu. Hazırda Ermənistan parlamentində təmsil olunur. Nikol Paşinyan 26 dekabrda Sankt-Peterburqdan qayıtdıqdan sonra Robert Koçəryana qarşı da cinayət təqibinə xitam verilib. Görünür, Rusiya Prezidenti Vladimir Putinlə şəxsi dostluq münasibəti bu işdə ona kömək olub. Yuxarıda sadalananlardan əlavə, siyasi məhbus siyahısına professor Arman Carçyanı, Avetik Çalabyanı, Narek Malyanı, Hrant Baqratyanı, Qarnik İsaqulyanı, Tatevik Virabyanı, Avetik İşxanyanı da əlavə etmək olar. Göründüyü kimi, hakim partiya erməni müxalifətindən və siyasi fəallardan ciddi şəkildə qorxduğu üçün adi bir sosial şəbəkə postuna görə müxtəlif ittihamlarla onları həbsə atmaqdan belə çəkinmir. Bu il isə deyəsən Ermənistanda daha sərt keçəcək. Çünki Paşinyan hökumətinin daha da azğınlaşacağı, repressiya və təzyiqlərin kəskin artacağı ehtimal edilir. Siyasi opponentlər hədəfə alınacaq, məhkəmə sisteminə təzyiqlər vasitəsilə bu şəxslər həbsə atılacaq.

Sevinc Azadi, “İki sahil”