30 yanvar 2024 17:46
230

Paşinyanın son təklifləri nəyə hesablanıb? ŞƏRH

Azərbaycan heç bir vasitəçi olmadan sülh müqaviləsi imzalamağa daha çox önəm verir və bölgədə sabitliyin qorunmasını vacib faktor hesab edir. Bunun əksinə olaraq isə Ermənistan qeyri-konstruktiv siyasətini davam etdirir. 

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “ordu” günü ilə əlaqədar çıxışı zamanı Azərbaycana “qarşılıqlı silahlara nəzarət mexanizmi” və “hücum etməmək haqqında pakt” imzalamağı təklif etməsi bu ölkənin üçtərəfli bəyanat əsasında mövcud razılaşmaları pozmaq, sərhəddə yenidən hərbi təxribat törətmək siyasətinin məntiqinə uyğun gəlir. N.Paşinyanın bu cür heç bir əsası olmayan növbəti sərsəm fikirləri bəlkə də Ermənistanda rəsmi səviyyədə ciddi şəkildə müzakirə olunmayıb. 
Ümumiyyətlə, dünyada ölkələrarası münasibətlərə nəzər salsaq görərik ki, uzun illər müharibə şəraitində yaşayan və hələ də təhlükənin qaldığı ölkələrin silahlara birgə nəzarətlə bağlı razılığa gəlməsi real deyil, əgər bu baş versə belə Ermənistan kimi cinayətkar və təcavüzkar dövlətin buna əməl etməyəcəyi dəqiqdir. 
Sülh müqaviləsinin imzalanmasının gündəmdə olduğu və danışıqların davam etdiyi bir zamanda Ermənistan tərəfindən bu cür fikirlər səsləndirilməsi, həmçinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndi olan kommunikasiyaların açılması məsələsini də manipulyasiya etmək məqsədi daşıyır. 
 İrəvan bundan əvvəl də Azərbaycana hərbçilərin şərti sərhəddəki mövqelərindən “güzgü prinsipi”ilə, yəni qoşunların qarşılıqlı şəkildə geri çəkilməsini təklif etmişdi. Qarşı tərəf də anlayır ki, Azərbaycan Ordusu strateji yüksəklilərə nəzarət etməklə böyük üstünlüyə sahibdir, bu da Ermənistanın ziyanına olan məsələlərdir. Lakin ölkəmiz əldə etdiyi mövqelərini tərk etməyəcəyini bəyan edib. 
Digər bir məqam isə Ermənistanın Fransadan, Hindistandan, Rusiyadan raketlər, döyüş texnikaları alması ilə bağlıdır. Bu da İrəvanın etdiyi təkliflərin səmimi olmadığının, sülh sazişinə müxtəlif maneələr törətdiyinin aydın sübutudur. Paşinyan özü də anlayır ki, bu ssenarinin reallaşma ehtimalı mümkün deyil. Ermənistan onu da anlamalıdır ki, müharibədən sonrakı mövcud reallıqlardan irəli gələn müzakirələr qalib tərəf kimi Azərbaycanın təklif etdiyi məsələlər və şərtlər çərçivəsində aparılmalıdır. Uzun illər işğalçılıq siyasəti yürüdən, bir milyondan çox azərbaycanlını qaçın və məcburi köçkün vəziyyətinə salan, minlərlə insanı amansızcasına qətlə yetirən, tarixi-mədəni abidələrimizi məhv edən, hələ də mina xəritələrini ölkəmizə verməyən Ermənistanın şərtləri və təklifləri ilə yox. 
Ümumiyyətlə, Ermənistan bu təklifi irəli sürməklə sülhsevər ölkə olduğunu və Azərbaycana qarşı normal münasibət göstərdiyini bütün dünyaya göstərmək istəyir, amma reallıq və İrəvanın atdığı addımlar bunun əksini deyir. N.Paşinyanın bu fikirləri isə Azərbaycanla Ermənistan arasında münaqişənin həllinə və real sülh sazişinin imzalanmasına heç bir töhfə vermir, əksinə, onun imzalanmasına mane olur və uzadır. Ermənistan sülh müqaviləsinin şərtlərinə 2020-ci il üçtərəfli birgə Bəyanatın 9-cu bəndinin də daxil olduğunu baş düşməlidir. İrəvanın digər bütün bəhanələri, təklifləri və şərtləri sülh müqaviləsinin imzalanması prosesini bilərəkdən yubatmağa və gələcəkdə Ermənistanla Azərbaycan arasında gərginliyin artmasına hesablanıb.

Elmir Səftərov
Siyasi şərhçi