30 yanvar 2024 23:58
271

AŞPA Fransanın və Almaniyanın əlində oyuncaqdır

Bu qurumda rüsvayçı ab-hava, çirkin vəziyyət formalaşıb

Bu gün Qərb ölkələrinin siyasətində qərəz, ikili standartlar prioritet istiqamət olaraq qalmaqdadır. Görünən odur ki, İkinci Qarabağ müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqları ermənipərəst Qərb dairələri heç cür həzm edə bilmirlər. Separatizmə, işğalçı ölkəyə dəstək verən bu qüvvələr anlamırlar ki, regionda sülhə əngəl törədirlər.

Erməni lobbisinin təsiri altında olan, anti-Azərbaycan bəyanatları ilə çıxış edən Avropa Parlamenti ilə bərabər Avropa Şurası Parlament Assambleyası (AŞPA) da ölkəmizə qarşı qərəzli, ikili standartlarla qarayaxma kampaniyası aparır. İkili standartlar siyasətindən kənara çıxa bilməyən AŞPA hələ  23 oktyabr 2023-cü il tarixində "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edib, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirib, "Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti"ndən ciddi narahatlığını ifadə edib.

Yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamənin qəbul edilməsi də qərəzli, ikinli standartlara əsaslanan məkrli kampaniyanının davamıdır. Azərbaycanlı deputatların etimadnamələrinin təsdiqlənməməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir. Frank Şvabe çıxışında 100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib. Qalmaqallı təşəbbüsün alman deputat tərəfindən irəli sürülməsi təsadüfi deyil. Aydındır ki, Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə cəhd göstərir. Bütün bunlar, həmçinin onu göstərir ki, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır. AŞPA-da Azərbaycana qarşı aparılan kompaniya təsadüfi deyil və bu Fransanın ölkəmizə, düşmən münasibətinin davamıdır. Almaniyalı deputatın sərgilədiyi mövqe qurumda ermənipərəst qüvvələrin çoxluğundan xəbər verir.

Xatırlatmaq yerinə düşər ki, 1949-cu ilin 10 avqustunda yaradılan AŞPA-nın məqsədi insan hüquqlarını, demokratiyanı və qanunun aliliyini müdafiə etməkdir. Lakin qərəzli və ünvanlı sifarişləri icra edən qurum olan AŞPA Azərbaycan dövlətinin müstəqil siyasətini, Ermənistanı məğlub edib, tam suverenliyimizi bərpa etməsini həzm edə bilmir. 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini tələb edib. Eyni zamanda, Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını da tələb edib. Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verib. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Ermənilərin "blokadada yaşadıqları"nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan verməyib.

AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə "siyasi məhbus"ların olması ilə əlaqələndirib. Lakin buna əsas səbəb Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasəti yeritmələridir.

Bu baxımdan Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı vacib və əhəmiyyətlidir. Bəyanat ölkəmizin qətiyyətli mövqeyinə əsaslanır və tamamilə mübarizə ruhundadır.

Bəyanatda Azərbaycanın 1991-ci ildən başladığı müstəqillik yolu təhlil edilir. AŞPA-nın müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dialoq platforması olduğunun vurğulandığı sənəddə Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olmaqla qarşısına qoyduğu məqsəd açıqlanır. Bildirilir ki, respublikamız beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında köməyə, beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalə­tin öz yerini tutacağına ümid bəsləyib. Lakin: “2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövləti –Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamayıb. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir”.

Bəyanatdakı təsirli məqamlardan biri də AŞPA-nın tarixində heç vaxt bu təşkilatın özünü belə biabırçı şəkildə aparmadığının vurğulanmasıdır. Deməli, qurumda qəbuledilməz, rüsvayçı ab-hava, ləyaqət hissinə meydan oxuyan çirkin vəziyyət formalaşıb. Dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya da öz yerində. Bu səbəbdən, də Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Nigar Orucova, “İki sahil”