31 yanvar 2024 00:12
291

Antimlli düşərgədə “meydan savaşı” qızışır…

Radikal müxalif düşərgəsində, xüsusilə də “siyasi mühacir” adı ilə ayrı-ayrı Qərb ölkələrində sığınacaq tapan autsayderlər arasında kəskin ziddiyyət və qarşıdurma pik həddinə çatıb

Fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə ölkə başçısı 2023-cü il dekabrın 7-də Sərəncam imzalayıb. Təbii ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ölkəmizin tarixində açılan yeni səhifənin, daha ciddi bir mərhələnin başlanğıcıdır.

Xüsusilə vurğulamaq istərdik ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. İkincisi, bu seçkilərin keçirilməsi zərurətdən, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən irəli gəlib. Ən əsası odur ki, seçkilər ilk dəfə olaraq işğaldan azad edilən ərazilərimizdə də keçiriləcək. Təxminən 30 il əvvəl yurd-yuvalarından didərgin salınan soydaşlarımız öz doğma torpaqlarında-Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər. On görə də bu siyasi kampaniya yeni tarixi dövrdə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.

Bütün bunların fonunda uzun illərdən bəri öz antimilli mövqeləri ilə cəmiyyətdən ayrı düşərək marginallaşan, sosial bazadan mərhum olan, son illər siyasi partiyadan dərnək səviyyəsinə enən AXCP və Müsavat Partiyası öz zəifliklərini, gücsüzlüklərini dərk edərək, eləcə də xaricdəki ağalarından aldıqları tezislərə əməl edərək müxtəlif bəhanələr və əsassız iddialarla seçkiləri boykot etmək yolunu tutdular. Əslində onların bu davranışları heç kimi təəccübləndirmədi. Çünki marginallaşmış və bütün dayaqlarını tamamilə itirmiş bu “liderciklər” xidmət etdikləri xarici anti-Azərbaycan dairələrin cızdığı “yol xəritəsi”nə uyğun olaraq bundan əvvəlki prezident, parlament və bələdiyyə seçkilərində də eyni mövqeyi nümayiş etdiriblər.

AXCP-Müsavat tandeminin seçkiləri boykot etməsi nəinki cəmiyyət, müxalif düşərgənin ayr-ayrı nümayəndələri, hətta həmin partiyaların üzvləri tərəfindən birmənalı qarşılanmadı. Bu siyasi təşkilatların rəhbərləri, xüsusilə də Əli Kərimli haqlı tənqidlərə məruz qaldı. Məsələn, Real Partiyasının sədri İlqar Məmmədov AXCP-nin “boykot” tamaşasını ələ salmışdı. İlqar Məmmədov dolayısı ilə Əli Kərimlini ağılsız adlandırmış, onun bu addımı ilə hakimiyyətə işlədiyini iddia etmişdi. Bundan başqa, AXCP-nin seçkilərdən boyun qaçırması digər muxalifət partiyaları, xaricdəki bloqerlər, o cümlədən Sevinc Osmanqızı, Tural Sadıqlı, Beytulla Manafov kimilər tərəfindən sərt tənqid edilmişdi. İş o yerə çatmışdı ki, Sevinc Osmanqızının canlı efirə qonaq qismində dəvət etdiyi Beydulla Manafov AXCP-nin “boykot” qərarını qəbul edən qurultayını ələ salaraq Əli Kərimlini artist adlandırmışdı.

Bütün bunlar öz yerində. Məsələ burasındadır ki, ölkəmizdə növbədənkənar seçkilərin elan olunmasından, eləcə də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edərək təşkilatda fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını bildirdikdən sonra cəmiyyətdə siyasi partiya rəhbərindən daha çox uğursuz bir bloqer kimi tanınan Əli Kərimli sosial şəbəkələrdə daha da “fəallaşıb”. Əslində bu “fəallaşma” əks effekt verib və radikal müxalif düşərgəsində, xüsusilə də “siyasi mühacir” adı ilə ayrı-ayrı Qərb ölkələrində sığınacaq tapan autsayderlər arasında kəskin ziddiyyət və qarşıdurma yaradıb.

Antimilli mövqeyi, korporativ maraqları, şəxsi ambisiyaları üzündən bütün dayaqlarını itirərək marginallaşan, tamamilə nüfuzdan düşən AXCP sədri deyəsən, indi də xəyanətkar “siyasi mühacir” zümrəsi ilə alverə girişib. Belə ki, Ə.Kərimli sosial şəbəkə hesabında bəzi Qərb  ölkələrində “siyasi mühacir adı ilə məskunlaşan, xarici təhlükəsizlik orqanlarının sifarişi ilə ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparan xəyanətkarların- Qənimət Zahidin, Arif Şahmarlının, Leyla və Arif Yunusların və digərlərinin Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzində (ASİMKOM) birləşmələrini təqdir edərək onları “təbrik” edib. Əsl vurhavur da bundan sonra başlayıb. Belə ki, müxtəlif bəhanələrlə xarici ölkələrə sığınan və dövlətimizə qarşı ardıcıl şəkildə şər-böhtan kampaniyası aparan şəbəkənin ayrı-ayrı qollarında təmsil olunan satqınlar bir-birlərinə qarşı ifşaedici açıqlamalar səsləndiriblər. Artıq Qənimət Zahid, Fuad Qəhrəmanlı ilə Sevinc Osmanqızı, Beydulla Manafov və Tural Sadıqlı qrupları arasında qarşlıqlı ittihamlar getdikcə qızışmaqda davam edir. Görünən budur ki, ayrı-ayrı anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən bu qrupların arasında qrant davası, maraq savaşı yenidən alovlanıb.  Yəqin ki, bu günlərdə bu üzdəniraqların arasında yeni meydan savaşının şahidi olacağıq. İzləyək, görək daha nələr baş verəcək bu çirkli oyunlarda…

Zahid Rza, “İki sahil”