31 yanvar 2024 01:16
264

Analar müharibəsiz dünya istəyir!

Qoşulmama Hərəkatına sədrliyi müddətində bir neçə «ilklərə» imza atan Azərbaycan qadın hüquqlarının qorunması ilə bağlı məsələnin müzakirəsinə də ev sahibliyi etdi. Konfransda səslənən, ümumi rəyi ifadə edən bu fikirlər yekdilliklə dəstəkləndi: Törədilən bütün terrorların, soyqırımların müəllifi ABŞ və Fransadır

Birləşmiş Millətlər Təşkilatından sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrliyi müddətində xeyirxah, humanitar təşəbbüsləri ilə bütün dünya ictimaiyyətinin dəstəyini qazanan Azərbaycan bu günlərdə qurumun «Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması» mövzusunda konfransına da ev sahibliyi etdi. Hərəkata üzv ölkələrin təmsilçilərinin, o cümlədən 15 nazir, təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, 10-a yaxın beynəlxalq təşkilatın nümayəndələrinin, həmçinin xüsusi qonaq qismində yüksək vəzifəli rəsmi şəxslərin iştirak etdikləri konfrans beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənildi. İki gün davam edən, 50-dən artıq ölkəni təmsil edən nümayəndə heyətlərinin iştirak etdiyi konfrans müzakirə olunan məsələnin mahiyyəti, beynəlxalq əhəmiyyəti ilə də diqqət çəkdi. Prezident, Qoşulmama Hərəkatının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətində qeyd olunduğu kimi, Qoşulmama Hərəkatına sədrliyi müddətində təsisatın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi üçün səylərini artıran Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səylərin səfərbər olunmasında da aparıcı rol oynamışdır. 2020-ci ilin dekabr ayında Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiya təşkil edilmişdi. Bəzi ölkələrin yürütdüyü «vaksin milliyətçiliyi» siyasətinə etirazını bildirən Azərbaycanın vaksinlərin ədalətli şəkildə bölüşdürülməsi təşəbbüsü dünya ictimaiyyəti tərəfindən razılıqla qarşılanmışdı. Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaiti ayıran Azərbaycanın təsisata sədrliyi dövründə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis edilmişdi. Bu ilin iyul ayında Hərəkatın Bakıda keçirilmiş konfransında Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi irəli sürülmüş, dekolonizasiya gündəliyinə xüsusi diqqət yetirilmişdi.

Qadınların ictimai, siyasi, sosial və humanitar sahələrə, o cümlədən elm və maarifçiliyin inkişafına verdikləri böyük töhfələrin vacibliyinin vurğulandığı müraciətdə qeyd olunduğu kimi, Azərbaycanda qadın hüquqlarının təmin olunması, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzində saxlanılır. Bu gün də Azərbaycan qadınları elm, təhsil, səhiyyə, incəsənət və digər sahələrdəki əzmkar və çoxşaxəli fəaliyyətləri ilə ölkəmizin rifahına və tərəqqisinə dəyərli töhfələr verirlər. Dövlət tərəfindən özünüməşğulluq proqramlarına göstərilən dəstək tədbirləri nəticəsində fərdi sahibkar qadınların sayı artmaqdadır.Torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad olunması, tarixi Zəfərin qazanılması Azərbaycan qadınlarının vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların sayəsində mümkün olmuşdur. Bu baxımdan təsisata üzv ölkələrdə yaşayan qadınların hüquqlarının müdafiəsi üçün Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Qadınlar Platformasının təsis edilməsi gender bərabərliyinin nümunəsi olmaqla zərif cinsin nümayəndələrinin dünya siyasətində, iqtisadiyyatında, diplomatiyada fəallığının artırılmasına müsbət təkan verəcək. «Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik. Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərmişdir. Bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıram» sözlərinin yer aldığı müraciətdə dünyada sülhün, sabitliyin qorunması üçün təşəbbüskarlığı ilə diqqəti cəlb edən Prezident İlham Əliyevin insanları müharibələrə, dini radikalizmə, zorakılığa, milli münaqişələrə, terrorçuluğa, dini ayrı-seçkiliyə qarşı birgə mübarizəyə səsləməsi Azərbaycanın multikulturalizmə sadiqliyinin ifadəsi adlandırıldı.

Bu ilin iyul ayında Bakıda təsisatın Əlaqələndirmə Bürosunun «Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli» mövzusunda nazirlər görüşündə də qurumun Qadınlar Platformasının yaradılması təşəbbüsünü irəli sürən Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin bu təklifi artıq reallaşır. Nazirlərin görüşündəki çıxışında «Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır» sözləri ilə neokolonializm meyillərinin artmasından narahatlığını diqqətə çatdıran Prezident İlham Əliyev Avropadan kənarda müstəmləkə kimi, idarə etdiyi ölkələrdə azadlığı uğrunda mübarizə aparan yerli əhalini kütləvi qırğınlara məruz qoyan, Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarını pozan Fransanın iyrənc siyasətini ciddi tənqid etmişdir.

«Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik» sözləri ilə insan hüquqlarının toxulmazlığını müdafiə edən Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində də Ermənistan kimi digər dövlətlərin də daxili işlərinə qarışan rəsmi Parisin Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olunduğu növbəti dəfə diqqətə çatdırılır. Fransada Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi, hicablı qadınlara qarşı hüsumların təşkili irqi ayrı-seçkiliyin nəticəsi kimi pislənilir.

«Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması» mövzusunda konfransda çıxış edənlərin əksəriyyəti dünyada geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlıqlarını ifadə edərək Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması hallarına etirazlarını bildirdilər.

Qeyd olundu ki, insan hüquqlarının ən çox pozulduğu, qeyri millətlərə, qaradərililərə qarşı amansız rəftarların baş verdiyi ölkələr arasında özünü demokratiyanın beşiyi adlandıran Amerika Birləşmiş Ştatlarının adı ilk sıralarda çəkilir. «Demokratiya» adı ilə Liviyanı, Əfqanıstanı, Suriyanı, daha çox İraqı xaraba qoyan ABŞ islamofob siyasəti yeridərək müsəlmanlara qarşı soyqırım siyasəti yeridir.

Birləşmiş Ştatların İraqda keçirdiyi hərbi əməliyyat zamanı Amerika əsgərlərinin törətdikləri zorakılıqlar təsvvür edilməyəcək dərəcədə dəhşətli olub. Bu ölkədə guya «atom silahının olmasını və hökumətin rəsmi dairələrinin beynəlxalq terrorizmə dəstək verməsini» bəhanə edən ABŞ və koalisiya qüvvələri 10 ilə yaxın müddətdə İraqı tamamilə dağıtdılar, sərvətlərini talan etdilər. Əslində isə İraqa müdaxilənin əsas məqsədi bu ölkənin neftinə sahiblənmək, hökuməti devirmək idi. Amerika əsgərlərinin bu ölkədə qadınlara, uşaqlara qarşı törətdikləri vəhşiliklər insanlıq tarixində görünməyən qəddarlıq kimi tarixə yazıldı. Müharibə yüz minlərlə iraqlının ölümünə və ölkədə uzun müddət davam edən qeyri-sabitliyə səbəb oldu.

ABŞ-ın İraqı işğalı nəticəsində təxminən 9 milyon insanı əzablı miqrant həyatı sürməyə məhkum oldu. Zorakılıq nəticəsində ən azı 300 min mülki vətəndaşı öldürüldü , şəhər və kəndlər dağıdıldı. Ekspertlərin açıqlamalarına görə, ABŞ da törədilən 11 sentyabr terrorundan sonra Ağ evin beynəlxalq terrorizmə qarşı mübarizə adı altında müxtəlif ölkələrin daxili işlərinə hərbi müdaxilələrlə qarışması nəticəsində yurdlarından didərgin düşmüş insanların sayı ən azı 38 milyon nəfərdir.

ABŞ-ın törətdiyi cinayətlərə göz yuman, Birləşmiş Ştatların yaratdığı oyuncaq təşkilat olan Beynəlxalq Ədalət Məhkəməsi adının əksinə olaraq ədalətsizliyə göz yumur. Cinayət qurbanları deyil, cinayətkar müdafiə edilir. Artıq bütün dünya ictimaiyyəti bilir ki, öz ölkəsində qaradərililərə qarşı amansız rəftar edən ABŞ dünya miqyasında ən çox soyqırımlar törətmiş dövlətdir. ABŞ-ın 1945-ci ildə Naqasaki və Xerosimaya atdığı atom bombalarının fəsadları hələ də kabus kimi davam edir. Koreyada, Vyetnamda, Əfqanıstanda, Pakistanda və digər ölkələrdə törətdiyi soyqırımlarla kifayətlənməyən ABŞ-ın hədəfi Orta Şərqdir. Maliyyələşdirdiyi terror təşkilatları vasitəsilə insanlığa qarşı amansız rəftarı ilə seçilən ABŞ-ın demokratiyadan, insan hüquqlarının müdafiəsindən danışmağa haqqı yoxdur. ABŞ-ın ikili standartlar siyasətindən ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Xatırladaq ki, bu gün də Ermənistanı silahlandıran ABŞ 1992-ci ildə erməni- bolşevik birləşməsinin törətdiyi Xocalı soyqırımını nəinki pisləmədi, əksinə qırğından iki ay sonra «Azadlığı Müdafiə Aktı»nın 907-ci maddəsinə «düzəliş edərək» Azərbaycana qarşı sanksiya tətbiq etdi. Bu kimi faktların açıqlandığı Bakı konfransı göstərdi ki, terroru, separatizmi dəstəkləyən dövlətlərdən fərqli olaraq Azərbaycanın daxili və xarici siyasəti mehriban, qarşılıqlı münasibətlər, etimad əsasında davam edir. Bütün analar körpələrini müharibəsiz dünyada böyütmək istəyirlər.

Xuraman İsmayılqızı, «İki sahil»