31 yanvar 2024 01:37
293

AŞPA ərazi bütövlüyünü bərpa etmiş Azərbaycandan qisas almağa çalışır

Ölkəmiz Avropanın bu kimi qeyri-adekvat addımlarına ləyaqətlə, həm də artıqlaması ilə cavab verir

Acı həqiqətdir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) yarandığı gündən regional münaqişələrə ikili standartlarla yanaşıb. Bu isə onun beynəlxalq nüfuzunu davamlı olaraq aşağı salıb. Sözügedən təşkilat  xüsusilə  uzun illər ərzində Ermənistanın Azərbaycana təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib. Əvəzində mənasız və heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.

Lakin bu ilin yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası ölkəmizə qarşı  qərəzli münasibət sərgiləyərək əleyhimizə qətnamə qəbul etdi. Bu təşkilat iddia edir ki, guya ötən il onların missiyalarını Laçın dəhlizinə buraxmamışıq və 7 fevral prezident seçkilərini müşahidə etməyə dəvət etməmişik. Eyni zamanda, guya ötən ilin sentyabrın 19-da  Azərbaycan Ordusunun birgünlük  lokal antiterror tədbirlərindən sonra Qarabağda erməni əhalisinin etnik təmizlənməsi həyata keçirilib. Bundan başqa, guya  Azərbaycanda «siyasi məhbus»ların sayının gündən- günə artması onları narahat edir.

Məhz onların Azərbaycana qarşı belə ikili standartla yanaşmalarına görə Azərbaycan nümayəndə heyəti yanvarın 24-də bəyanatla çıxış edərək qurumdakı fəaliyyətini qeyri –müəyyən vaxtadək dayandırdı  son verdilər. AŞPA-nın bu qərarı ölkəmiz üçün ciddi əhəmiyyət kəsb etmir və  ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Vaxtilə Azərbaycan bu qurumun Qarabağ münaqişəsinin həllinə dəstək  verməsi məqsədilə görə Avropa Şurasına üzv olmuşdu. Artıq Azərbaycan bu problemi hərbi yolla özü həll edib

Hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan AŞPA-ya Azərbaycanın heç bir ehtiyacı yoxdur.

Avropa məğlub Ermənistandan istifadə edərək Cənubi Qafqazda möhkəmlənmək istəyir

Bəli, bu gün müxtəlif Avropa platformalarında Azərbaycana qarşı qərəzli müzakirələr aparmaqdadır. Bunun əsas səbəbi odur ki,  Azərbaycan öz gücü ilə işğaldakı torpaqlarını azad edib və həmin ərazilərə Böyük Qayıdış başlayıb. Bu isə sanki Avropanı xeyli əndişələndirir. Çünki keçmiş münaqişə vəziyyəti ermənipərəst Avropaya Cənubi Qafqaz regionunda öz mövcudluğunu qoruyub saxlamağa və məkrli maraqlarını təmin etməyə imkan verirdi. Onlar məhz İkinci Qarabağ müharibəsinədək işğalçı, bu gün isə məğlub ölkə həyatını yaşayan Ermənistandan istifadə edərək hələ də Cənubi Qafqazda möhkəmlənmək istəyirlər. Lakin onların bütün bu vandal hərəkətlərinə rəğmən ölkəmiz dimdik ayaqdadır və bizə qarşı atılan bütün qeyri- adekvat addımlara vaxtında, həm də artıqlaması ilə cavab verilir.

Qondarma «dağlıq qarabağ respublikası» özünü buraxdığını elan etdikdən sonra hələ də AŞPA-nın onu müdafiə etməsi siyasi riyakarlıqdan xəbər verir və bölgədə vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. Təşkilat  Azərbaycan torpaqlarının işğalı dövründə bu qondarma quruma dəstək verməklə işğalın uzun illər davam etməsi, on minlərlə azərbaycanlının qətlə yetirilməsi üçün məsuliyyət daşıyır.

Məhz bu cür qərəzli və obyektivlikdən uzaq fəaliyyəti ilə bəzi Avropa ölkələri də nüfuzlarına sarsıdıcı zərbə vurur, erməni lobbisinin və onu dəstəkləyən qüvvələrin əlində oyuncağa çevrildiklərini göstərirlər. AŞPA-nın anti-Azərbaycan və islamofob siyasətinin nəticəsidir ki, bu qurumla ölkəmiz arasında münasibətlər həmişə aşağı səviyyədə olub. Sanki burada təmsil olunan bir sıra deputatlar Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil edirlər. Belə davranış həm də şovinizmin, ifrat sağ düşüncənin təzahürüdür.

Bu gün davam edən ən qanlı müharibələrin qızışdırıcıları ABŞ və onun marionetkaları olan Avropa ölkələridir 

Sual olunur: ölkəmizə qarşı belə ədalətsiz mühitin olduğu Avropaya biz necə inteqrasiya edə bilərik? Axı onlar ədaləti görmək istəmədikləri üçün özlərini hələ də korluğa vururlarsa, ölkəmizin haqlı istək və əməllərini görməzdən gəlirlərsə biz onlarla necə bir yerdə addımlaya bilərik? Yeri gəlmişkən, Fransa və onun nökəri olan  bəzi beynəlxalq təşkilatların islamofob, irqçi və müstəmləkəçi siyasəti Prezident İlham Əliyevin sərt şəkildə səsləndirdiyi fikirlərlə ifşa edilib. Ölkəmizin başçısı ötən il Bakıda «Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik» mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində bəyan edib ki, məhz Fransada neokolonializm meyilləri ilə paralel olaraq irqçilik və islamofobiya da geniş vüsət almaqdadır.

Bütün bunlar bir daha onu göstərir ki, Avropa hər zaman öz davranışlarında, mövqelərində səmimiyyətdən uzaq olub, diskriminasiya halına yer verib. Nəzərə almaq lazımdır ki, Avropa bununla həm də özünün maraqlarını təhlükə qarşısına qoyur. Çünki Avropanın enerji təhlükəsizliyi bu gün birbaşa  Azərbaycandan asılıdır. Avropa İttifaqı rəsmiləri də bunu dəfələrlə vurğulayıblar.

Ən acınacaqlısı isə odur ki, bu gün Avropa hələ də xaricə demokratiya ixracı adı altında ölkələrin daxili işlərinə müdaxilə edir, hakimiyyətlərin dəyişdirilməsinə çalışır. Ancaq haradakı xalqla iqtidar birliyi var orada onların avantürası baş tutmur. Necə ki, bu oyunu dəfələrlə ölkəmizə qarşı oynasalar da planları iflasa uğramışdır. Bundan başqa, hazırda dünyada davam edən ən qanlı müharibələrin də qızışdırıcıları ABŞ və onun marionetkaları olan Avropa ölkələridir.  Onlar sözdə dünyada sülhə çağırış etsələr də əslində Ukraynada və Qəzzada başlayan müharibələrin başa çatmasına, atəşkəs elan olunmasına birbaşa mane olurlar. 

Elçin Zaman, «İki sahil»