31 yanvar 2024 03:26
398

İnkişafın Azərbaycan modeli: Güclü iqtisadiyyat, təkmil sosial siyasət

Qüdrətli dövlət və yüksək rifah naminə həyata keçirilən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də ölkəmizin əsas inkişaf istiqamətləri öz əksini tapıb

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan ölkəmizdə həyata keçirilən islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlılığının güclənməsini və müasirləşməsini, sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, habelə bir çox sosial problemlərin ardıcıl həllini və xalqın maddi rifahının yüksəlməsini, insan kapitalının davamlı inkişafını təmin etməkdədir. Geosiyasi və geoiqtisadi mövqeyi ilə diqqət çəkən, dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları, enerji təhlükəsizliyinin təminatında strateji rolu ilə beynəlxalq və regional əməkdaşlığa töhfələr verən Azərbaycan önəmli layihələri ilə dünya iqtisadiyyatında söz sahibi kimi «qlobal oyunçu» statusunu qazanmışdır. COVID-19 pandemiyasının ölkənin ixrac gəlirlərinə əhəmiyyətli təsirinə baxmayaraq, düşünülmüş siyasət, görülmüş tədbirlər nəticəsində respublikamızda milli iqtisadiyyat qısa müddətdə yeni qlobal reallıqlara uyğunlaşdırılmış, makroiqtisadi stabillik təmin edilmişdir.

«Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası»na uyğun inkişaf edən ölkə iqtisadiyyatının yeni istiqamətləri təsdiq olunmuş «Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də daha təkmil müəyyənləşdirildi. İnsan kapitalının davamlı inkişafını, milli iqtisadiyyatda innovasiyaların sürətlə mənimsənilməsi üçün zəruri ekosistemin formalaşmasını, ölkənin «yaşıl enerji» məkanına çevrilməsini və ətraf mühitin sağlamlaşması prosesinin sürətlənməsini iqtisadiyyatımızın şaxələndirilməsinin başlıca amili kimi diqqətdə saxlayan Prezident İlham Əliyev «Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir» sözləri ilə milli iqtisadiyyatımızın zamanın tələblərinə uyğun istiqamətlərini uzaqgörənliklə müəyyənləşdirdi. Əhalinin sosial müdafiəsi, xüsusilə həssas təbəqələrin təminatının gücləndirilməsi başlıca vəzifə kimi qarşıya qoyuldu. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq neft kapitalının insan kapitalına çevrilməsi siyasətinin uğurlu həlli öz bəhrəsini verir.

Qüdrətli dövlət və yüksək rifah naminə həyata keçirilən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də ölkəmizin əsas inkişaf istiqamətləri öz əksini tapıb. Dünya iqtisadiyyatına inteqrasiya üçün ölkəmizin təbii sərvətlərindən, daxili imkanlardan səmərəli istifadə ilə şaxələnən maliyyə mənbələrini möhkəmləndirən Azərbaycanın beynəlxalq hesabatlarda ilk onluqda yer alması düşünülmüş siyasətin məntiqi nəticəsidir. Beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artan, dövlətçilik ənənələri təkmilləşən, vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi üçün ciddi islahatların aparıldığı Azərbaycanın inkişaf modelinin nümunə göstərilməsi təsadüfi deyil. Regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı əməkdaşlığın formalaşması, iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün rolunu, əhəmiyyətini artıran Azərbaycan bu sahədə də liderliyini qoruyur.

Milli Prioritetlərdə qeyd olunduğu kimi, uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar Azərbaycanın 2030-cu ilə qədər ölkə iqtisadiyyatının müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə etibarlı zəmanətdir. Bu baxımdan Azərbaycan ölkədə əhalinin rifahının daha da yüksəldilməsi üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir. Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin daha da sürətlənməsi, Böyük Qayıdış Proqramına uyğun keçmiş köçkünlərin yurd yerlərinə dönüşü müəyyən mənada iqtisadi inkişafımızın dinamikasının göstəricisidir. Dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış, təmiz ətraf mühit və «yaşıl artım” ölkəsi» kimi tanınmaq Azərbaycan iqtisadiyyatının mühüm istiqamətlərindəndir. Birləşmiş Millətlər Təşkilatının «Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik» çağırışından irəli gələn öhdəliklərin icrasında mühüm əhəmiyyətə malik həmin prioritetlər inkişafımızın əsasını təşkil edir.

Sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. COVID-19 pandemiyasının dünya dövlətlərinin iqtisadi inkişafına ciddi zərər vurduğu dövrdə iqtisadi tənəzzüldən nisbətən az itki ilə çıxan ölkələrdən olan Azərbaycanda əhalinin sosial müdafiəsinin qorunması üçün həyata keçirilən islahatlar paketinin təməlində də inkişaf dinamikası başlıca amil kimi özünü doğruldur. «Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq. Ancaq biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir» sözləri ilə dövlət siyasətimizin sosialyönümlü olmasını məmnunluqla bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu məqsədlə 80 milyard dollara bərabər vəsaitin ayrılması ölkəmizin iqtisadi inkişafının uğurlarındandır. Respublikamızda artan xarici ticarətin səviyyəsi 50 milyard dolları ötüb. İqtisadi və sosial islahatların paralel inkişafının nəticəsidir ki, Azərbaycanda əmək haqlarının, pensiya və müavinətlərin artımı ildən-ilə yüksəlir. Dünya Bankının qiymətləndirilmələrinə görə, 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olan Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 6,2 milyard dollardan 78,7 milyard ABŞ dollarına çataraq 4, dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Minimum əməkhaqqı 38 , orta aylıq əməkhaqqı 12 , minimum pensiya 14 , orta aylıq pensiya 18, yaşa görə orta aylıq pensiya 19 , əlilliyə görə pensiya 14 , ailə başçısını itirməyə görə pensiya 19 artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb. Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib. Orta aylıq əməkhaqqı 77,4 manatdan 839,4 manata yüksəlib; Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib.

Ölkə iqtisadiyyatının əsas sahələrindən olan kənd təsərrüfatı 2003-2022-ci illər ərzində 2,2, nəqliyyat sektoru 4,9, turizm və ictimai iaşə 18,9, informasiya və rabitə sahəsi isə 23 dəfə artıb. Sadalanan bu uğurların təməlində inkişafın Azərbaycan modelində nəzərdə tutulan konseptual proqramların mərhələli həlli, idarəetmədə nəzarətin güclənməsi, inhisarçılığa qarşı mübarizə kimi amillər dayanır. Ötən müddət ərzində əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın səhiyyə obyekti, 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi tikilib. Minimum pensiya 16,7 faiz artırılaraq 280 manata çatdırılıb. Aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı sosial yardımların verilməsində tətbiq edilən yeniliklərlə bu sahədə maliyyə şəffaflığı təmin olunub. Hazırda ölkə üzrə 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır. Tələblə təklifin şərtlərinə görə ildən-ilə artan bu məbləğ aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirir. Bir ailəyə düşən müavinətin həcmi təqribən 460 manat səviyyəsindədir. Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün hər il dövlət büdcəsindən xeyli vəsait ayrılır. Keçən il bu istiqamətdə önəmli addımlar atılmış, 1500 ailəyə dövlət tərəfindən mənzillər, minik avtomobilləri verililmişdir Ümumiyyətlə bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb. İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Əksər ölkələrdə bu cür humanitar təcrübənin olmadığı halda İkinci Qarabağ müharibəsinin çətinliklərini yaşamış ölkəmizdə həyata keçirilən bu cür islahatlar şəhid ailələrinə dövlətimizin, xalqımızın mənəvi borcudur.

«Yəni, sosial sahə çoxşaxəli sahədir. Məsələn, biz buraya özünüməşğulluq proqramını da əlavə edə bilərik. Bu, həm sosial, həm iqtisadi sahədir. Çünki bu, kiçik biznesi təşviq edən sahədir. Ancaq mən buna daha çox sosial sahə kimi baxıram. Bir neçə il ərzində belə bir təşəbbüs irəli sürüldü. Çox böyük maraq doğurdu və bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Hətta biz beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb etmişik. Bu, həm sosial, həm iqtisadi, həm iş yerlərini, yəni, bütün bu sahələri əhatə edən bir sahədir. Ona görə bu il də istisna olmayacaq. Çünki bir daha demək istəyirəm, Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik. İmkan daxilində bu il də bu proqramlar icra ediləcək» söyləyən Prezident İlham Əliyevin ölkə əhalisinə diqqəti, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi naminə görülən işlər göz qabağındadır. Hazırda ən mühüm məsələ işğaldan azad edilmiş ərazilərə qayıdan keçmiş köçkünlərin normal yaşayışını təmin etmək, Füzuliyə, Laçına qayıdan insanların rahat həyat tərzini formalaşdırmaq, yeni iş yerləri açmaqdır.

Milli Prioritetlərdə qeyd olunduğu kimi, ölkə əhalisinin sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir. Bu gün dünya dövlətləri Azərbaycan həqiqətlərini etiraf edirlər. İşğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri, müşahidə olunan canlanma, bu torpaqların gülüstana çevrilməsi iqtisadi inkişafımızın uğurlarındandır.

«Böyük vəsait tələb edən bütün bu işləri Azərbaycan öz vəsaiti hesabına edir, heç kimə möhtac deyil, heç kimdən yardım istəmir. O cümlədən, azad edilmiş torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur» söyləyən Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün bir neçə ili əhatə edən proqramlar hazırlanıb: «Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur.»

Xuraman İsmayılqızı, «İki sahil»