31 yanvar 2024 02:57
357

Bədbəxt Hayastan, axmaq Paşinyan...

O, “fakt”dan yan keçib “pakt” axtarır

Növbəti axmaqlıqlarından birini də göstərən Ermənistanın baş naziri Nikol Paşinyanın bildirdiyinə görə, onun hökuməti “hücum etməmək barədə pakt”ın imzalanması haqqında Azərbaycana təkliflə müraciət edib. Özünü siyasətin "peşkası" kimi aparan hayların baş naziri guya “sülh gündəliyinə sadiq olduğunu” gəvəzələsə də, dərhal sözündən dönərək prosesin uzana biləcəyini istisna etməyib: “Əgər, sülh prosesi gözlənildiyindən daha çox uzanarsa, “hücum etməmək barədə pakt”ın imzalanmasına ehtiyac yarana bilər. Eyni zamanda, Azərbaycana qarşılıqlı olaraq, silahlara nəzarət edilməsi barədə də təklif göndərmişik”.

Zəli kimi gözü qandan doymayan rəsmi İrəvan yenə “suyu bulandırmaq” niyyətinə düşüb. Heç şübhə ola bilməz ki, qorxaq və abdal Paşinyan hakimiyyəti "ipini tutanlardan" Azərbaycanla sülh sazişinin imzalanmasından imtina olunması barədə təlimat alıb və ona Ermənistanın təhlükəsizliyi barədə vəd verilib. Yoxsa regionunun sülh prosesindən uzaqlaşdırılmasına istiqamətlənmiş pozucu təkliflər uydurmağa cəsarət göstərməzdi. Paşinyanın və onun komandasının bir şeyə yaramadığını kim bilmir ki? Deməli, yenə başını doldurub qızışdıranlar var.

Məlumdur ki, Cənubi Qafqazda uzunmüddətli əmin-amanlığa, dayanıqlı sabitliyə yalnız sülh sazişinin imzalanması təminat verə bilər. Çünki belə bir hüquqi sənədin imzalanması Azərbaycan və Ermənistan arasında bütün mübahisəli məsələlərin aradan qaldırılması kimi qəbul ediləcək. Hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanımış olacaq, ərazi iddialarından imtina edəcək, sərhədlərin toxunulmazlığını qəbul edəcək. Nəticədə Azərbaycan və Ermənistan arasında yeni müharibə üçün heç bir səbəb qalmayacaq. Ancaq belə anlaşılır ki, rəsmi İrəvan bunu istəmir. Böyük ehtimalla Paşinyan hakimiyyəti Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını gələcəyə saxlamağa çalışır. Buna nail olmaq üçün müxtəlif siyasi manipulyasiyalarla vaxt qazanmaq istəyir. “Hücum etməmək barədə pakt”ın uydurulması da, əslində, Paşinyan hakimiyyətinin bu məkrli niyyətinə xidmət edir. Məqsəd sülh danışıqlarını illərlə uzatmağa çalışmaqla yanaşı, həm də bu müddət ərazində Azərbaycanın hərbi müdaxiləsindən özünün sığortalamağa cəhd göstərir. Haylar Birinci Qarabağ müharibəsindən sonra bu üsula əl atmışdılar. Daşnaklar düşünürdülər ki, işğalı uzun illər davam etdirməklə Qarabağı bizə unutduracaqlar. Lakin gözlədikləri gözlərində qaldı, alınmadı.

Bundan dərs götürməyən rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirə bilmək üçün vaxt qazanmağa cəhd göstərir. Çünki o, İkinci Qarabağ müharibəsində Ermənistanın darmadağın edilmiş ordusunu yenidən bərpa edərək daha güclü silahlarla silahlandırmaq planları qurub. Bu prosesin illərlə davam edə biləcəyini Paşinyan hakimiyyəti anlayır. Ona görə də, öz aləmində “pakt” uydurması ilə ordusunun yenidən silahlanmasına nail olana qədər ölkəsinin təhlükəsizliyinə rəsmi təminat almaq "priyomu" işlədir. Ancaq bunu nə qədər gizlətməyə çalışsa da, İrəvanın silahlanma istiqamətində atdığı son addımlar göz önündədir. Belə ki, Ermənistan Fransadan və Hindistandan hərbi texnika idxal etməyə başlayıb. Eyni zamanda, bir müddət öncə Rusiyanın da Ermənistana hərbi texnika göndərməsi ilə bağlı razılıq əldə olunması barədə xəbərlər yayılmaqdadır. Üstəlik, Kremllə yeni hərbi-ticari müqavilələrin icrası barədə də müzakirələr aparılır. Baş nazir Nikol Paşinyan artıq rəsmən etiraf edib ki, Ermənistan silah-sursat və hərbi texnika alınması üçün istehsalçı ölkələrlə bir neçə milyard dollar dəyərində müqavilələr imzalayıb. Eyni zamanda, daxili hərbi istehsal üçün də bir neçə yüz milyon dollarlıq maliyyə vəsaiti ayrılıb. Erməni baş nazir vurğulayıb ki, Ermənstan ordusunun gücləndirilməsinə hər hansı başqa alternativ variant yoxdur.

Bütün bunlardan sonra aydın görünür ki, rəsmi İrəvanın sülh çağırışları Azərbaycanın arxayınlaşdıraraq diqqətini yayındırması məqsədi güdür. Əslində, Paşinyan hakimiyyəti bütün sülh manipulyasiyalarına paralel olaraq Ermənistan ordusunu yeni müharibəyə hazırlayır. Əgər belə davam edərsə, Ermənistan növbəti dəfə sülh prosesindən maksimum səviyyədə uzaqlaşmış olacaq. Hazırda təcavüzkar İrəvanın davranışları sülh prosesindən imtina etmək, gələcəkdə Azərbaycana qarşı yenə də ərazi iddiaları irəli sürmək üçün məkrli planlar qurmaq niyyətində olduğunu büruzə verir. Bütün hallarda işğalçı ölkə Azərbaycan Ordusunun əlinin “suyunu” bir dəfə əməlli-başlı dadıb. Əgər yenidən səhvə yol versə, onda dövlətçiliyini də itirə bilər. Beləliklə, haylar yüz cildə girib onun-bunun hesabına quraşdırdıqları bir qurumdan da məhrum olarlar. Düşünsünlər, can da hayların, cəhənnəm də.

Vəli İlyasov, “İki sahil”