31 yanvar 2024 02:36
345

Dördüncü Sənaye İnqilabı

Dördüncü Sənaye İnqilabı hazırda bəşəriyyət üçün ən aktual mövzulardan biridir desək yanılmarıq. Bəs bu inqilab tam olaraq nə deməkdir? Dördüncü Sənaye İnqilabı ifadəsini ilk dəfə Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab işlətmişdir. Dördüncü Sənaye İnqilabının mahiyyətini başa düşmək üçün tarixə nəzər salmalı, sənaye inqilablarının məqsədini başa düşməliyik. 1760-cı illərdə Böyük Britaniyada başlayan Birinci Sənaye İnqilabı 1800-cü illərdə Avropa və Şimali Amerikaya yayılmışdır. Birinci Sənaye İnqilabının əsas mahiyyəti su və buxar enerjisi ilə əl əməyinin mexanikləşdirilməsindən ibarət idi - bu dövrün əsas ixtirası da məhz buxar maşınıdır. Birinci sənaye inqilabının nəticəsində manufakturalar və fabriklər yarandı, toxuculuq sənayesi sürətlə inkişaf etdi. XIX əsrin sonlarından başlayan İkinci Sənaye İnqilabı polad, neft və elektrik kimi yeni sənaye sahələrinin yaranması ilə xarakterizə edilir. Telefon, ampul və daxili yanma mühərriki ən önəmli ixtiralar hesab edilir. “Rəqəmsal inqilab” kimi də tanınan və XX əsrin ikinci yarısını əhatə edən Üçüncü Sənaye İnqilabı dövründə isə kompüter və internet ixtira edilmişdir. Beləliklə, əgər birinci sənaye inqilabı buxar maşınının kəşfi ilə istehsalın mexanikləşməsi, İkinci Sənaye İnqilabı elektrik enerjisinin kütləvi istehsalı ilə sənayeləşmə, Üçüncü Sənaye İnqilabı istehsalın avtomatlaşdırılması üçün elektronika, kompyuterləşmə və informasiya texnologiyalarından kütləvi istifadəni nəzərdə tuturdusa, Dördüncü Sənaye İnqilabı rəqəmsallaşmanı, texnologiyaların birləşməsi və fiziki, rəqəmsal və bioloji sferalar arasında sərhədlərin aradan qalxmasını səciyyələndirir.

Dördüncü Sənaye İnqilabı dövrü və bundan sonrakı dövrlərdə insanlardan mürəkkəb və kompleks məsələləri həll etmək və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində xüsusi bacarıqlar, eləcə də orjinallıq, təşəbbüskarlıq, kreativlik, analitik təfəkkür tələb olunacaq. Bu tələblərə cavab vermək üçün təhsil sahəsində islahatlar aparılır, virtuallaşma gedir. Cəmiyyət bu dəyişiklikləri görüb ona uyğun addımlar atmalıdır. Rəqəmsallaşma prosesi bizim ona uyğunlaşıb uyğunlaşmamağımızdan asılı olmayaraq çox sürətlə gedir. Cəmiyyət olaraq rəqəmsallaşmaya, müasir dövrün tələblərinə nə qədər tez uyğunlaşa bilsək bir o qədər faydalı olar. Bu səbəbdən də hazırda ölkəmizdə bu sahədə ciddi işlər görülür. Təsadüfi deyil ki, Azərbaycan İKT sahəsinin inkişafına görə dünya üzrə 65-ci yerdə qərarlaşıb və Cənubi Qafqaz ölkələri arasında liderdir. “Sənaye 4.0” Azərbaycana qlobal iqtisadi rəqabətdə öz rolunu dəyişmək imkanı verir. Bu isə ölkə iqtisadiyyatının mövcud potensialından tam şəkildə istifadə etmək, innovasiyaları tətbiq etməklə mümkündür. Azərbaycanın mövcud zaman kəsiyində malik olduğu imkanlardan tam yararlanaraq texnoloji sıçrayışla və innovativ həllərlə Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi imkanı olduqca böyükdür. Prezident İlham Əliyev öz çıxışlarında qloballaşma, müasirləşmə, Dördüncü Sənaye İnqilabı kimi mövzulara toxunarkən hökumətin bu prosesə effektiv və vaxtında qoşulması, sistemli yanaşmasını xüsusi vurğulayır. Bildirir ki, artıq ölkəmizdə həmin istiqamətdə işlər uğurla həyata keçirilir. Burada əsas amillərdən biri gənclərin hazırlıq səviyyəsi və prosesdə fəal iştirak etməsi ilə bağlıdır. Dövlət başçısı gənclərə olan diqqəti sözdə deyil, işdə sübut edir. Yüksək təhsil alıb yaxşı mütəxəssis kimi yetişmələri üçün onların dövlət hesabına dünyanın aparıcı universitetlərində oxumasına imkan yaradır.

2022-ci ildə 2 Fevral - Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumundakı çıxışında Dördüncü Sənaye İnqilabı ilə bağlı ölkə başçısının fikirləri Azərbaycanın gələcəyə baxışı nöqteyi-nəzərindən böyük önəm daşıyır. İlk növbədə, qeyd edilməlidir ki, Prezident Dördüncü Sənaye İnqilabından bəhs edərkən Davos Dünya İqtisadi Forumunu və Azərbaycanla Forum arasında münasibətləri xüsusi vurğulayıb. Bu da təsadüfi deyil. Çünki Davos İqtisadi Forumu Dördüncü Sənaye İnqilabının intellektual mərkəzi kimi çıxış edir. Forumun təsisçisi və rəhbəri, professor Klaus Şvab Dördüncü Sənaye İnqilabı sahəsində ixtisaslaşmış, dünyada böyük nüfuza malik alimdir. Xatırladaq ki, 2020-ci il yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilmiş Dünya İqtisadi Forumunda dövlətimizin başçısı İlham Əliyev və Forumun prezidenti Borge Brende niyyət protokolu imzaladılar. Həmin niyyət protokoluna uyğun olaraq, 2021-ci il yanvarın 6-da Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanda Dördüncü Sənaye İnqilabının Təhlil və Koordinasiya Mərkəzi yaradıldı. Bu, MDB məkanında yaradılan ilk belə Mərkəzdir. Onun Azərbaycanda yaradılmasının böyük əhəmiyyəti var. Mərkəzin açılması Davos İqtisadi Forumunun Azərbaycana və ölkəmizdə Dördüncü Sənaye İnqilabına xüsusi münasibətini nümayiş etdirir. Azərbaycan rəhbərliyinin bu Mərkəzin açılmasında əsas hədəfi ölkəmizin Dördüncü Sənaye İnqilabına səmərəli surətdə uyğunlaşması və ondan tam faydalanmasıdır.

Dördüncü Sənaye İnqilabının böyük faydalar gətirməklə yanaşı, ciddi çağırışlara da səbəb olacağı gözlənilir. Yəni, bu prosesdə udan və uduzan ölkələrin olması qaçılmaz görünür. Azərbaycanın məqsədi Dördüncü Sənaye İnqilabından qazanan ölkələr sırasında olmaqdır. Bu, iki əsas amildən asılı olacaq. Birincisi, hökumətin bu prosesə effektiv və vaxtında qoşulması, sistemli yanaşmasıdır ki, bu amil artıq ölkəmizdə mövcuddur və həmin istiqamətdə işlər uğurla həyata keçirilir. Digər amil isə gənclərin hazırlıq səviyyəsi və prosesdə fəal iştirak etməsi ilə bağlıdır. Prezident İlham Əliyevin Gənclər Forumunda Dördüncü Sənaye İnqilabı mövzusuna xüsusi diqqət ayırması və geniş yer verməsi bununla əlaqədardır.

Dördüncü Sənaye İnqilabının baş verməsi prosesi bir çox peşələrin sıradan çıxmasını və işsizliyin artmasını labüd edir. Digər tərəfdən, Dördüncü Sənaye İnqilabı yeni peşələrin, yeni bacarıqların yaranmasını zəruri edir. Ayrı-ayrı ölkələrin bu prosesdən mümkün qədər faydalanması isə gənclərin yeni peşələrə yiyələnməsi, yeni bacarıqlar əldə etməsi ilə əhəmiyyətli dərəcədə bağlı olacaq. Prezident İlham Əliyev bununla bağlı demişdir: “Ənənəvi peşələrin bir neçəsi, bəlkə də bir çoxu bir neçə ildən sonra olmayacaq, yəni, bu peşələrə ehtiyac qalmayacaq. Ancaq Azərbaycan bir çox ölkələrdən fərqli olaraq, əhalisi artan ölkədir. Avropa məkanında ölkələrdə ya əhali sabitdir, ya da ki, azalır, bizdə isə artır. Müstəqillik dövründə 7 milyondan 10 milyonadək artıbdır. Bütün bunlar yeni iş yerləri deməkdir. Amma biz görürük ki, Dördüncü Sənaye İnqilabı iş yerlərinin ləğvinə gətirəcəksə - bu, artıq danılmaz faktdır - ona görə Dördüncü Sənaye İnqilabı nəticəsində yarana biləcək yeni peşələrə hazır olmalıyıq. Hazır olmasaq, o işlər itiriləcək, işsizlərin sayı artacaq, biz yeni işlərə hazır olmayacağıq. Bu, təkcə işsizliyin normal səviyyədə saxlanması deyil, bu, inkişaf deməkdir. Bu inkişafdan geri qalsaq, onda bizim aqibətimiz nə olacaq? Biz, əlbəttə, o ölkə deyilik ki, özümüz hansısa texnoloji yeniliklər icad edək. Halbuki, o da mümkündür və o da var. İstedadlı azərbaycanlı gənclər indi startapları böyük firmalara satırlar, Amerikada, Avropada bizneslərini qurublar. Yəni, intellektual potensial Azərbaycanda çox yüksəkdir, bu da birbaşa təhsillə bağlıdır”.

Hazırkı şərait onu deməyə əsas verir ki, Azərbaycan bu istiqamətdə düzgün yoldadır. Vətən müharibəsində Dördüncü Sənaye İnqilabının məhsulları sayılan yüksək texnologiyalara əsaslanan dronlardan və elektron müharibə vasitələrindən geniş istifadə olunub. Həmin texnika və avadanlıqları Azərbaycan mütəxəssisləri və əsasən də gənclər idarə edirdilər. Fəxr hissi ilə vurğulanmalıdır ki, Dördüncü Sənaye İnqilabının gətirdiyi yeniliklər nəinki Vətən müharibəsində tətbiq edilib, hazırda da işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında, bərpasında və reinteqrasiyasında geniş tətbiq olunur. Buna parlaq misal olaraq Zəngilanda “ağıllı kənd” layihəsini, bütünlüklə viran qoyulmuş Ağdamda “ağıllı şəhər” konsepsiyasının tətbiqini, eləcə də işğaldan azad edilmiş torpaqların “yaşıl enerji” zonası elan edilməsini qeyd etmək olar. Həmin layihələrin icrasında əsas hərəkətverici qüvvə məhz gənclərdir.

Sevinc Azadi, “İki sahil”