30 yanvar 2024 10:33
309

AŞPA-da dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti mövcuddur

Azərbaycanın digər sahələr kimi demokratik inkişaf sahəsində də təcrübəsi təqdir edilir. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, azad mətbuatın  formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin  demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi  üçün zəruri addımların atılması və sair kimi istiqamətlərdə görülən işlər öz müsbət nəticəsini verir. Azərbaycanın 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ölkəmizin demokratik inkişaf sahəsində qazandığı uğurların nəticəsi idi. Amma bu məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizin bu quruma üzv qəbul olunmasına gedən yol heç də hamar olmamışdır. Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasını istəməyən xarici dairələr nə qədər cəhdlər etdilər. Lakin Ümummilli Liderin uğurlu siyasəti nəticəsində bütün bu cəhdlər dəf olundu, Azərbaycan quruma tamhüquqlu üzv qəbul edildi. 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasına üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.Təşkilatı təzyiq etmə alətinə çevirən Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir desək, yanılmarıq. Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Artıq bu problem Azərbaycanın daxili gücü ilə həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da  nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik.

Ölkəmiz 30 il dünyanın ikili standartlara söykənən siyasətinin yaratdığı problemlərin mövcudluğu şəraitində yaşasa da daim irəliyə doğru addımlar atdı, ədalətin, haqqın gec-tez qalib gələcəyinə əminliyini ifadə etdi.  Ölkəmizə qarşı hansı qarayaxma kampaniyasının aparılmasına baxmayaraq Azərbaycan daim mövqeyini ədalətə və beynəlxalq hüquqa söykənən addımları ilə möhkəmləndirir. Tarixi Zəfərimiz bu kimi məqamlara geniş şəkildə aydınlıq gətirdi. Azərbaycan demokratik dəyərlərə sadiq olan ölkədir. Ölkəmizlə əməkdaşlıqda maraqlı olan və mövcud əlaqələrini yüksələn xətlə inkişaf etdirən dövlətlər ilk olaraq Azərbaycanda demokratik inkişafa diqqət yetirirlər. Demokratiyanın sabitliyin və qanunun aliliyinin hökm sürdüyü şəraitdə inkişaf etdiyini nəzərə alsaq Azərbaycanın hər iki istiqamətdə qazandığı uğurlar təqdirəlayiqdir. Ümumilikdə insan amili dövlət siyasətimizin əsasını təşkil edir. AŞPA məlum qərarı ilə özünə olan inamı tamamilə heçə endirdi. Tarixi Zəfərimizdən sonra bu qurumun daha da bəzi güclərin əlində təzyiq vasitəsinə çevrilməsi birmənalı qarşılana bilməz. Hər bir beynəlxalq qurum məqsəd və məramına doğru ədalət və beynəlxalq hüquq çərçivəsində addımlasa münasibətlərdə ən vacib faktor olan etimad mühitinin qorunmasına dəstək göstərilər. Avropanın əsl niyyətlərini ifşa edən həqiqətlərə qısa nəzər salsaq görərik ki, 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən suveren ərazimizdə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsinə çağırış etdi. Bu çağırışlar dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasının tələb edilməsi idi. AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul etdi. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə etdi və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla Ermənistana dəstəyini nümayiş etdirdi. 

Bu gün Azərbaycana beynəlxalq baxışa diqqət yetirsək Avropa Şurasının son qərarının nə qədər qərəzli, planlaşdırılan addım olduğunu görürük. Yaranan bu vəziyyət Avropa Şurasına heç bir fayda gətirməyəcək. Bu gün Azərbaycanın AŞPA ilə əməkdaşlığı və təşkilatdakı iştirakını qeyri-müəyyən müddətə dayandırması beynəlxalq səviyyədə təqdir olunur. Bir daha vurğulanır ki, Azərbaycanın hazırda nəinki dünya səviyyəsində,  Avropada belə  nüfuzu olmayan Avropa Şurasına  heç bir ehtiyacı yoxdur.Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bəyanatında qeyd edildiyi kimi, AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Qurumda dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti mövcuddur. Avropa Şurası üçün ikili standartlar siyasəti normadır. Bu qurum heç bir dövlətin milli maraqlarını nəzərə almır və yalnız özünün korporativ maraqlarından çıxış edir. AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir.  Günümüzün əsas reallığı budur ki, Azərbaycan tarixi Zəfəri və onun yaratdığı reallıqlarla qürur duyur. Bu reallıqlar ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Azərbaycan sülhün, əməkdaşlığın tərəfindədir. Ölkəmizin tarixi Zəfərimizdən dərhal sonra Ermənistana sülh təklifini edib  münasibətlərdə yeni səhifə açmaq istəyini ortaya qoyması da bunun təsdiqidir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri