29 yanvar 2024 23:57
223

Məqsəd diqqəti sülh prosesindən yayındırmaqdır - Xəritə oyunu

Hayastanın xarici işlər naziri utanıb-qızarmadan iddia edir ki, guya Qarabağda minaları azərbaycanlıların özləri hələ ötən əsrin 90-cı illərinin əvvəllərində basdırıblar

Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi və hərbi əməliyyatların dayandırıldığının elan edilməsindən sonra da minaların, mina tələlərinin və digər partlayıcı maddələrin davamlı yerləşdirilməsi vəziyyəti daha da ağırlaşdırıb və insan tələfatının sayını artırıb. İşğaldan azad olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, partlayış zamanı şəxsin sağ qalmaq ehtimalı olmasın. Bütün bunlarda məqsəd daha çox insanı qətlə yetirmək üçün partlayışın dalğasını maksimum böyütməkdir. Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan yerləri də minalamışdı. Bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir.

İşğalın davam etdiyi illər ərzində torpaqlarımıza yerləşdirilmiş minalar hələ də can almaqda davam edir. Əsasən mülki insanlar mina partlayışlarının qurbanına çevrilirlər. Növbəti mina partlaması halı yanvarın 21-də qeydə alınıb.

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı məlumatda bildirilib ki, həmin gün saat 13:30-da Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində mina partlayışı barədə məlumat daxil olub. Ağcabədi rayon Kürdlər kənd sakini, 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyə edilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisə ilə bağlı Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşım edilib. Paylaşımda qeyd edilir ki, daha bir mülki şəxs minaya düşüb. Bununla da 2020-ci ildən bu yana qurbanların sayı 342 nəfərə çatıb: “Ermənistanın ayrı-seçkilik etmədən yerləşdirdiyi minalar günahsız mülki əhali üçün təhlükə yaratmaqda davam edir. Hamı Ermənistana təzyiq göstərməlidir ki, mina xəritələri haqqında dəqiq məlumat versin”.

Dəfələrlə müraciət ünvanlanmasına baxmayaraq, Ermənistan tərəfindən minalanmış ərazilərlə bağlı dəqiq xəritələrin varlığı inkar edilib və ölkəmizə təqdim olunmayıb, bu günədək verilmiş mina xəritələrinin dəqiqlik göstəricisi isə cəmi 25 faiz təşkil edib.

Elə Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyan 23 yanvarda  İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycana verilmiş qeyri-dəqiq olan mina xəritələri probleminə toxunarkən özlərini ifşa edib. Mirzoyan qeyd edib ki, Ermənistan tərəfi Azərbaycana iki dəfə mina sahələrinin xəritələrini təqdim edib. "Biz Azərbaycan tərəfdən minaların yerini dəqiq əks etdirmədiyinə dair şikayətləri eşitmişik." O, daha sonra deyib: "İndi Ermənistanın müvafiq orqanları sorğular vasitəsilə mümkün yeni minalarla bağlı məlumatların bərpası üzərində işləyirlər. İstisna etmirəm ki, hər iki tərəfin konstruktiv yanaşması, etimadın yaradılması istiqamətində addımların atılması halında biz etibarlı məlumatları bərpa edib, yenidən Azərbaycan tərəfinə verəcəyik. Bu dəfə biz bu aksiyanı beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirməli olacağıq".

A.Mirzoyanın bildirdikləri etirafdır. Yəni, onun dedikləri təsdiqləyir ki, Ermənistan Azərbaycana düzgün mina xəritələri verməyib. Ermənistanın xarici işlər nazirinin son etirafı terrorçu ölkənin Azərbaycana qarşı həm də “yeraltı müharibə” törətdiyini bir daha sübut edir. Mirzoyan, öz fikirləri ilə sanki şərt qoyur. Deməli, indiyədək verilmiş xəritələr düzgün deyilmiş və hazırda Ermənistan düzgün xəritələri bizə şərtlə verəcəkmiş.

Ən əsası isə Mirzoyan həyasızlığa baş vurur. O deyir ki, guya Qarabağda minaları azərbaycanlıların özləri hələ ötən əsrin 90-cı illərinin əvvəllərində basdırıblar, Ermənistan isə tədqiqatlar yolu ilə yeni mina xəritələri hazırlamağa çalışır. Necə ola bilər ki, azərbaycanlılar 90-cı illərdə ərazidən çıxarkən minalar basdırıblar və ötən otuz ilə yaxın müddətdə bir nəfər də olsun erməni həmin minaların qurbanı olmayıb.

Əksinə faktlar göstərir ki, Birinci Qarabağ müharibəsindən bu günədək Ermənistan silahlı qüvvələrinin torpaqlarımızda basdırdığı minaların partlaması 357 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, ümumilikdə 3400-dən çox vətəndaşımızın minadan zərər çəkməsi ilə nəticələnib. Bununla da beynəlxalq humanitar hüququn norma və prinsipləri Ermənistan tərəfindən kobud şəkildə pozulub. Bütün bunlar sübut edir ki, A. Mirzoyanın fikirləri nə qədər absurddur.

Elə 28 yanvar tarixində Ermənistanın baş naziri Nikol Paşinyan ordu günü ilə əlaqədar çıxışı zamanı, ölkəmizə qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etdiklərini bildirməsi də bu qəbildən olan sayıqlamadır. Mirzoyan kimi, Paşinyanın da bu açıqlamaları Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır.

Nigar Orucova, “İki sahil”