30 yanvar 2024 00:35
303

Demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, ölkəmizin hərtərəfli inkişafının əsasıdır

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi potensial, sosial müdafiə sahələrində aparılan işlər, eləcə də dövlətin siyasəti demokratik standartların səviyyəsini artırır

«Azərbaycan müxtəlif beynəlxalq təşkilatların üzvüdür və onlarda fəal iştirak edir. Bəzi təşkilatlara üzv olduqda, üzərimizə öhdəliklər götürmüşük və çalışırıq ki, bu öhdəlikləri vaxtlı-vaxtında və tam şəkildə yerinə yetirək. Beynəlxalq təşkilatlar çərçivəsində bu fəaliyyəti gələcəkdə də davam etdirəcəyik. Azərbaycanda bütün sahələr, o cümlədən insan hüquqları sahəsi, demokratikləşmə proseslərinin güclənməsi meyilləri daha da geniş vüsət alacaqdır. O ki qaldı başqa ölkələrlə ikitərəfli münasibətlərimizə, bu münasibətlər bərabərhüquqlu xarakter daşımalıdır və daşıyır. Bu münasibətlərdə yalnız ikitərəfli məsələlər müzakirə mövzusu ola bilər. Biz daxili işlərə hər hansı bir yersiz müdaxiləni heç vaxt qəbul etməmişik və etməyəcəyik.» Dövlət başçısı İlham Əliyevin bu fikirləri Azərbaycanın xarici siyasət, demokraktik inkişaf sahəsində qazandığı uğurların təməlində dayanan prinsipləri önə çəkməklə yanaşı, hədəfləri də açıqlayır.

Ümumilikdə ölkəmizdə iqtisadi və siyasi islahatların paralelliyinin qorunması davamlı uğurları şərtləndirən amillər sırasındadır. Azərbaycan sabit, müasir və demokratik ölkə kimi dünyanın diqqətindədir. Azərbaycan ənənələri olan ölkə kimi təqdir edilir. Çünki ölkəmizdə demokratik təsisatların inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Bütün fundamental hüquqlar, o cümlədən media azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı, vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Ümummilli Lider Heydər Əliyevin «Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respubilkası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur» tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Ulu Öndər, eyni zamanda, bu çağırışı edirdi ki, hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir.

1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən milli Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat verən, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi.

Ötən 28 ildən artıq dövrdə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Konstitusiyaya bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edildi. Konstitusiyamız etnik, dini, dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

Ölkəmizdə insan hüquqlarının qorunması dövlət siyasətinin əsasıdır. Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu önə çəkən cənab İlham Əliyev insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atır. “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlaq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq” söyləyən Prezident İlham Əliyev, eyni zamanda, bu fikri də önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü olan ölkədə demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları yüksək səviyyədə qorunmursa uğurdan danışmaq qeyri-mümkündür. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi, bunun davamı olaraq ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın uğurlu icrası, 18 iyun 2007-ci il tarixli Sərəncamla İnsan Hüquqları Gününün təsis edilməsi bu reallığın təsdiqidir ki, insan amili dövlət siyasətinin əsasında dayanır. Cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı gündən bu çağırışı etdi ki, neft kapitalını insan kapitalına çevirməliyik. Bu çağırış da həyata keçirilən siyasətin əsasında dayandı: «İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir.» Bu çağırış insan amilinə verilən dəyəri ifadə etməklə yanaşı, demokratiyanın, şəffaflığın təminatında əsas faktorlardan biri olan dövlət-məmur münasibətlərinə də işıq salır.

Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi də demokratik ənənələrin inkişafına xidmət edən addımlar sırasındadır. Azərbaycan hakimiyyəti müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Dövlət başçısı İlham Əliyev 2018-ci il prezident seçkilərində parlaq qələbəsindən sonra andiçmə mərasimində qarşıdakı dövrdə həyata keçiriləcək islahatların anonsunu vermişdir. Sistemli islahatlar öz növbəsində siyasi münasibətlər sistemini də əhatə edir. Siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində önəmli addımlar atılır və bu prosesin davamlı olacağı bildirilir. Bütün bunların nəticəsidir ki, ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir.

Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi də son 20 ildə diqqətdə olan məsələlər sırasındandır. “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edildi. Vətəndaş cəmiyyəti quruculuğu prosesində QHT-lərin rolunu yüksək dəyərləndirən cənab İlham Əliyev 2005-ci ildə imzaladığı Sərəncamla 30 faizdən artıq maliyyəsini xaricdən alan QHT-lərin seçkiləri izləmələrinə qoyulan qadağanı aradan götürdü. Vətəndaşların sərbəst toplaşma azadlığının təminatı da dövlət siyasətinin əsasında dayanır. Bununla bağlı qəbul olunan qanun da dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilir.

İctimai-siyasi həyatımızda aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının 2019-cu ildə ölkədə həyata keçirilən islahatların qanunverici orqanda da öz əksini tapması məqsədilə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Cənab İlham Əliyevin Sərəncamı əsasında 2020-ci il 9 fevral tarixində altıncı çağırış Milli Məclisə seçkilər keçirildi. Milli Məclisin ilk iclasında cənab İlham Əliyev bildirmişdi: «Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır.» bu fikir də qeyd edilmişdi ki, ötən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var: «Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır. Deyə bilərəm ki, həm altıncı çağırış Milli Məclis bu sahədə, əlbəttə, öz sözünü deyəcək, eyni zamanda, Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.»

Siyasi islahatların partiyalararası geniş dialoq aparılmadan həyata keçirilməsinin mümkünsüzlüyünü bildirən ölkə Prezidenti, eyni zamanda, qeyd etmişdir ki, bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir: «Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır.»

Hakimiyyətin hər üç qolunda- icra, qanunvericilik və məhkəmə-hüquq sistemində təkmilləşmə ölkəmizin hərtərəfli inkişafını sürətləndirir. Hazırkı dövrdə siyasi partiyalar arasında dialoqun təşkili məsələsi əsas müzakirə olunan məsələlər sırasındandır. Siyasi proseslərin iştirakçıları arasında etibarlı və işgüzar münasibətləri təşviq edən siyasi dialoqla bağlı iqtidarın təşəbbüsləri davam edir. Bu fikir xüsusi qeyd edilir ki, siyasətdə etibarlı və davamlı münasibətlər mühitini təmin edən əsas amillərdən biri dialoq prinsiplərinin bərqərar olunmasıdır. Ölkəmizdə demokratik ənənələrin formalaşması prosesini şərtləndirən dialoqun inkişafı naminə Azərbaycan iqtidarı son illərdə müxtəlif təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatların prinsipial istiqamətlərindən biri siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasından ibarətdir. Bu mənada siyasi dialoqun şaxələnməsi və iştirakçı tərəflərin sayının artırılması gözləniləndir. Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir. Son zamanlar iqtidarın şahidi olduğumuz dialoq təşəbbüsləri siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin bərqərar olunmasına xidmət edir.

Ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar sözügedən proseslərdə fəal iştirak etməli, milli və siyasi birliyin, həmrəyliyin qorunması naminə bütün zəruri tədbirləri görməlidirlər. Siyasi partiyalar arasında sağlam dialoq mühitinin formalaşması hədəflərə yüksək səviyyədə nail olmağa öz töhfəsini verəcək. Hakimiyyət daim belə dialoqların təşkilində maraqlıdır və bu səbəbdən də bütün siyasi partiyaları birliyə, həmrəyliyə çağırır. Beləliklə, hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın siyasi dialoq mühitinin formalaşdırılması istiqamətində də təqdim etdiyi model beynəlxalq səviyyədə təqdir olunur. Bu model belə bir ümumi mənzərəni ortaya qoyur ki, ölkəmizdə dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə demokratikləşmə prosesinin sürətləndirilməsi sadəcə bir şüar, niyyət deyil, ölkəmizin hərtərəfli inkişafının əsasıdır.

Demokratik, hüquqi cəmiyyəti azad mətbuatsız təsəvvür edə bilmərik. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. «Media haqqında» Qanunun qəbulu da özündə mühüm məqamları ehtiva edir. 9 fəsildən, 78 maddədən ibarət olan “Media haqqında” Qanunun qəbulunu zəruri edən səbəblər aydındır. Nəzərə alsaq ki, media hər bir ölkənin inkişaf səviyyəsini, yeniliyə, təkmilləşməyə nə qədər açıq olduğunu göstərir, bu halda məlum olur ki, 1999-cu ildə həmin dövrün reallıqları fonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanunla sonadək addımlamaq mümkün deyildi. Ölkə Prezidenti İlham Əliyevin çağırışlarında da daim bu məqam xüsusi yer alır ki, Azərbaycan mətbuatı dövrün tələblərini lazımi səviyyədə yerinə yetirməlidir. Ona görə ki, Azərbaycan dövləti daim yeniliyə, təkmilləşməyə maraq göstərir. Bu baxımdan cəmiyyətin idarə olunmasında, ayrı-ayrı sahələrin inkişafında əsas rol oynayan qanunlarımız da dəyişməz olaraq qalmır, vaxtaşırı qanunvericilik aktlarında əlavə və dəyişikliklərin edilməsinə zərurət duyulur və dövrün tələbləri nəzərə alınır. “Kütləvi informasiya vasitələri haqqında” Qanuna ötən 23 ildə 79 dəfə dəyişiklik edilmişdi. Bu müddət ərzində digər sahələr kimi, mətbuatda da çoxsaylı yeniliklər baş verib, müasir çağırışlar ortaya çıxıb. Tarixi Zəfərimizin yaratıdığı reallıqlar qalib Azərbaycanın mətbuatının da qarşısında mühüm vəzifələr qoydu. Cənab İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli «Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında» Fərmanında qeyd olunduğu kimi, ötən illər ərzində həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

Azərbaycan mediası özünəməxsus inkişaf yolu ilə diqqətdə olu. Ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərilir. Bununla yanaşı, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyacın olduğu özünü qabarıq şəkildə büruzə verdi.

Ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan sənədə əsasən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. Qısa müddətdə Agentliyin gördüyü işlər müstəqil mətbuatın inkişafına, jurnalist peşəkarlığının artırılmasına geniş imkanlar yaradır. Yuxarıda qeyd etdiyimiz kimi, medianın inkişaf səviyyəsi hər bir ölkənin inkişafının aydın mənzərəsinin təqdimatı olduğu üçün bu sahə hər zaman dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşir, yenilikləri özündə əks etdirir.

Demokratiyanın vacib amillərindən biri də seçkilərin demokratik, azad və beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri olan bütün addımların atılmasıdır. 2003-cü ilin mayında qəbul olunan Seçki Məcəlləsi ölkəmizdə bütün seçkilərin, o cümlədən ümumxalq səsverməsinin demokratikliyini təmin edir. Azərbaycan zəngin seçki təcrübəsinə malikdir. Hər zaman ilklərə imza atan ölkəmiz seçkilərdə də yeni təcrübələrin tətbiqinə xüsusi diqqət göstərir. «Exitt poll»un keçirilməsi, barmağın gözəgörünməyən mürəkkəbə boyanması və sair kimi addımlar bunun bariz nümunəsidir. Hər bir seçki prosesi Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir uğur səhifəsini yazır.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın digər sahələrdə olduğu kimi, demokratiya sahəsində uğurları da xarici anti-Azərbaycan qüvvələr tərəfindən böyük qısqanclıq hissi ilə qarşılanır. Ölkəmiz 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməklə demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etmişdir. Lakin bu reallığı etiraf edək ki, həmin vaxtdan hadisələri təhlil etdikdə Avropa Şurasının parlament qolu olan AŞPA-nın bu və ya digər ölkələrin əlində təzyiq vasitəsinə çevrildiyini görürük. Hələ 2008-ci ildə ölkəmizin ev sahibliyi etdiyi «Demokratiya və sabitlik naminə: Əməkdaşlığın yeni imkanları» mövzusunda beynəlxalq konfransda dövlət başçısı İlham Əliyev bu reallığı diqqətə çatdırmışdır ki, bəzi hallarda demokratiya mövzusu süni şəkildə ortalığa atılır və bəzi ölkələrin dairələrinin maraqlarının təmin olunması üçün bu və ya digər ölkə ya demokratik, ya da qeyri-demokratik ölkə kimi qələmə verilir. Biz bəzi hallarda ikili standartlar elementləri ilə də qarşılaşırıq. Cənubi Qafqazda yerləşən üç ölkədə gedən siyasi proseslər bəzi hallarda qeyri-obyektiv şəkildə təhlil olunur: «Bəzi hallarda biz görürük ki, Azərbaycanda gedən quruculuq işlərinə müasir yanaşma elementlərinin inkişafına qısqanclıqla yanaşılır. Bəzi hallarda üç Cənubi Qafqaz ölkəsini müqayisə etmək üçün yanlış meyarlar seçilir. Biz özümüzü heç vaxt heç kimlə müqayisə etməmişik və belə fikrimiz yoxdur. Biz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına çalışırıq, Azərbaycanın möhkəmlənməsinə çalışırıq. Amma müqayisəyə gəldikdə, onu da deyə bilərik ki, qonşularımızdan fərqli olaraq, Azərbaycanda nə fövqəladə vəziyyət elan olunur, nə siyasi opponentlər həbs edilir, nə senzura tətbiq olunur, nə də ki, bütün mətbuat, müstəqil mətbuat orqanları bağlanır və Ermənistandan fərqli olaraq, Azərbaycanda dinc əhaliyə qarşı zor tətbiq olunmur və onlarla günahsız insan qətlə yetirilmir.»

Azərbaycan dünyanın ikili standartlar siyasətini demokratik inkişafa yanaşmada da aydın görür. Avropa Şurası Parlament Assambleyasının son ədalətsiz qərarı bunun bir daha nümayişi oldu. Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdırmaqla Ermənistana dəstəyini açıq-aşkar büruzə verən qurum ölkəmizin tarixi Zəfərindən, ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən narahatlığını təsdiqlədi. Azərbaycan nümayəndə heyəti bəyanatı ilə bir daha ölkəmizin ədalətin, beynəlxalq hüququn yanında olduğunu, müstəqil siyasət yürütdüyünü, heç bir qüvvənin diktəsi ilə oturub durmadığını təsdiqlədi. Bir daha sübut olundu ki, heç kim bizimlə diktat dili ilə danışa bilməz.

Təbii ki, ötən 20 ildə demokratik islahatlar sahəsində qazanılan uğurları bir yazıda əhatə etmək qeyri-mümkündür. 7 fevral seçkiləri ölkəmizin demokratik inkişafının bir daha təqdimatı olacaq. Azərbaycanın atdığı addımlar hansısa təşkilata xoş gəlmək deyil, ölkəmizin uğurlu gələcəyi üçündür. Yeni dövr yeni hədəflərə çağırışlar edir. Dövrün tələblərinə uyğun olaraq atılan addımlar Azərbaycanın hər sahədə təcrübəsini nümunə etməklə yanaşı, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkana çevrilməsini şərtləndirir. Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkədir. Avropa ilə Asiyanın qovuşağında yerləşən Azərbaycan ölkələr, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Cənab İlham Əliyev inkişaf etmiş ölkələrin təcrübəsinə söykənərək bildirir ki, demokratiya qurmuş ölkələrdə bütün sahələrdə, o cümlədən iqtisadi baxımdan sabitlik mövcuddur. Demokratik ölkələr arasında yoxsul, zəngin olmayan ölkə tapmaq çətindir. Ona görə də rifah, iqtisadi potensial, sosial müdafiə sahələrində aparılan işlər, eləcə də dövlətin siyasəti demokratik standartların səviyyəsini artırır.

Yeganə Əliyeva, «İki sahil»