29 yanvar 2024 23:32
230

Ukrayna, Moldova və Gürcüstanın AŞPA-da Azərbaycanla bağlı mövqeyi təəccüb və acı təəssüf doğurur

GUAM ölkələrinin nümayəndə heyətlərinin bu təşkilatda keçirilmiş səsvermədə nümayiş etdirdikləri mövqe  ölkələrimiz və xalqlarımız arasında formalaşmış münasibətlərin ruhuna zidd olmaqla yanaşı, Azərbaycana arxadan vurulan zərbə kimi dəyərləndirilməlidir

İkinci Qarabağ müharibəsindən, eləcə də lokal xarakterli antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələri və beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv münasibət sərgiləyərək əsassız və absurd iddialar irəli sürməkdə davam edirlər. Regionda öz maraqlarını təmin etmək üçün daim erməni amilindən istifadə edən, bölgədə söz sahibinə çevrilmək üçün ən çirkin vasitələrdən istifadə etməyə çalışan Fransanın  bu məkrli oyuna qoşduğu Almaniyanın sayəsində “qoca qitə”də anti-Azərbaycan kampaniyası gündən-günə daha da güclənir. Bu günlərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin məhdudlaşdırılması, səsvermə hüququnun bloklanması, üstəlik, mandatının təsdiqlənməməsi, bəzi avropalı parlamentarilərin nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış etmələri bunun əyani təsdiqidir.

Təbii ki, Azərbaycan nümayəndə heyəti bu təşkilatdakı ədalətsizliyin, ölkəmizə qarşı qərəzli münasibətin, Azərbaycanofobiya və İslamofobiyanın cavabını layiqincə verdi. Belə ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edərək təşkilatda fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını bildirdi.

Bundan əvvəlki yazımızda qeyd etmişdik ki, Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin tanınmaması ilə bağlı qətnamə 76 lehinə, 10 əleyhinə və 4 bitərəf olmaqla qəbul edilib. Qətnamənin əleyhinə Türkiyə və Albaniya nümayəndələri səs verib. Qardaş Türkiyə Cümhuriyyətinin AŞPA-da nümayəndə heyətinin üzvü Zeynep Yıldız qurumdakı çıxışında bildirib ki, AŞPA Azərbaycansız natamam bir qurum olacaq: “Azərbaycanın AŞPA-da olması bu qurumun güclü tərəfidir. AŞPA müxtəlif mədəniyyətlər arasında dialoq platforması olmalıdır. Qurum plüralizm fəlsəfəsinə sadiq qalmazsa, nasaz vəziyyətə düşəcək. AŞPA-nın müxtəlif münaqişələri həll edib yoluna qoymağı bacaran dünyəvi təşkilat ola bilməsi üçün Azərbaycana ehtiyacı var. Azərbaycan Avropa Şurası Parlament Assambleyasının əvəzsiz üzvlərindən biridir. Bu təşkilatın çoxtərəfliliyi kontekstində Azərbaycanın burada olması bu qurumu Avropa İttifaqı və digər beynəlxalq təşkilatlardan fərqləndirən amillərdən biridir”.

Səsvermədə iştirak edən digər ölkələrin nümayəndə heyətlərinin təsnifatına gəlincə deyə bilərik ki, Yunanıstan, Kipr kimi ölkələrin nümayəndə heyətlərinin mövqeyi əvvəlcədən bəlli idi. Çünki onlar bundan əvvəl də dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürərək, ölkəmiz haqqında yanlış, tamamilə həqiqətdən uzaq rəy yaratmaq üçün canfəşanlıq nümayiş etdiriblər. Ancaq Çexiya, Estoniya, Monteneqro, Slovakiya, Serbiya, Şimali Makedoniya, Polşa, Hollandiya, Macarıstan, Moldova, Lixtenşteyn, Latviya, Kipr, Yunanıstan, Bolqarıstan, Gürcüstan və Ukraynanın nümayəndə heyətlərinin səsvermədə iştirak etməmələri, doğrusu təəccüblə qarşılandı, desək yanılmarıq.

Xüsusilə Ukrayna, Moldova, Gürcüstan nümayəndə heyətlərinin səsvermədə iştirak etməkdən imtina etmələri təəccüb və acı təəssüf hissi doğurur. Axı bu ölkələr hələ də separatizmdən əziyyət çəkirlər. Qırx dörd günlük Vətən müharibəsi və 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın GUAM-dakı tərəfdarları olan Moldovanın Dnestryanı bölgə, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Ukraynanın Krım, Donbas, Luqansk, Donetsk kimi əraziləri daxili separatizmlə yanaşı, kənar təcavüzdən də əziyyət çəkir. Belə olan halda necə ola bilər ki, Ukraynanın, Moldovanın və Gürcüstanın nümayəndə heyətləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan qətnamə ilə bağlı səsverməyə qatılmasınlar? Birmənalı demək lazımdır ki, Azərbaycanı dost ölkə, müttəfiq, hətta strateji tərəfdaş adlandıran bu ölkələrin nümayəndə heyətləri həmin səsvermədə iştirak etməli və ölkəmizin lehinə səs verməli idilər.

Qətiyyətlə demək olar ki, Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinin AŞPA da keçirilmiş səsvermədə nümayiş etdirdikləri mövqe  ölkələrimiz və xalqlarımız arasında formalaşmış münasibətlərin ruhuna zidd olmaqla yanaşı, Azərbaycana arxadan vurulan zərbə kimi dəyərləndirilməlidir. Hamıya yaxşı bəllidir ki, Azərbaycan həmişə bu ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. 2023-cü il dekabrın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə çıxışında Ukrayna ətrafındakı vəziyyətin beynəlxalq hüquq normaları, o cümlədən Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib. 2024-cü ildən etibarən Azərbaycanın GUAM-a sədrliyi dövründə ölkəmiz təşkilat çərçivəsində siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, nəqliyyat, bağlantılar, humanitar, turizm və s. digər sahələr üzrə üzv dövlətlər arasında əməkdaşlığın təşviqi istiqamətində səylərini əsirgəməyəcəyək. Xüsusilə region ölkələrinin nəqliyyat və bağlantılar sahəsində potensialından istifadə edilməsinin, bu istiqamətdə GUAM Nəqliyyat Dəhlizi layihəsinin irəlilədilərək Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətli hissəsinə çevrilməsinin vacibliyi vurğulanıb.

Bütün bunlar bir daha təsdiq edir ki, fəal diplomatiya potensialına malik olan ölkəmiz GUAM-a sədrliyi dövründə bütün resurslardan istifadə edərək təşkilata yeni nəfəs verə bilər.  Ancaq heç kim unutmamalıdır ki,  həmin ölkələrin bu cür davranışları Azərbaycanı bir daha düşünməyə vadar edir.

Zahid Rza, “İki sahil”