30 yanvar 2024 02:37
311

Tarixin ironiyası

Cənubi Qafqazda erməni separatizmini dəstəkləyən Vaşinqton indi özü separatizmin bir addımlığındadır

ABŞ Prezidenti Co Baydenin miqrasiya ilə bağlı qərarları ölkədə gərginlik yaradıb və insan hüquq və azadlıqlarının pozulması kimi dəyərləndirilir. Yəni, hazırda miqrasiya problemləri ilə bağlı ABŞ-ın Texas ştatında vəziyyət gərgin olaraq qalır. Belə ki, bir müddət öncə Texas qubernatoru Qreq Abbottun qərarı ilə qanunsuz miqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhədə 50 kilometrlik tikanlı məftildən sədd çəkilib. Lakin qubernatorun bu addımı ilə razılaşmayan Bayden administrasiyası ondan Ali Məhkəməyə şikayət edib. Məhkəmə yanvarın 22-də administrasiyanın xeyrinə qərar çıxartmaqla qubernatoru səlahiyyətlərini aşmaqda ittiham edib. Bundan sonra ABŞ Prezidenti sərhədçilərə tikanlı məftilləri sökmək əmri verib. Məhz bundan sonra qubernator Bayden hakimiyyətinə qarşı sərt açıqlamalarla çıxış edib. O, Texasın ştatlara xüsusi hüquqlarla daxil olmasını nəzərə alaraq onun işğala məruz qaldığını bildirib. Qubernator ştatın problemlərini özü həll edəcəyini deyib. Hətta daha dərinə gedərək bildirib ki, Texas mərkəzi hakimiyyətlə qarşıdurmaya tam hazırdır.

KİV-lərin yaydığı məlumatlara görə, qubernator qeyri-qanuni miqrantların öz ərazilərindən köçürülməsi proqramının bir hissəsi kimi 102 mindən çox insanı Amerikanın digər ştatlarına daşıyıb. Məhz bu hadisə qarşıdan gələn prezident seçkiləri ərəfəsində ölkədə ciddi səs-küy yaradıb. Bu, əlbəttə, hazırda müxalif düşərgəni təmsil edən, yəni keçmiş Prezident, Respublikaçıların əsas siması hesab olunan Donald Trampın xeyrinədir. Tramp sərhəddəki vəziyyəti tarixin ən pis hadisəsi kimi qiymətləndirib.

Təbii ki, Baydenin bu uğursuz addımlarından daha çox yararlananlar respublikaçılardır. Onlar bununla da Baydeni ölkəni idarə edə bilməməkdə suçlamağa başlayıblar. Hətta Texas rəsmiləri artıq ştatın ABŞ-dən ayrılması barədə fikirlər də səsləndirirlər. Vəziyyət belə davam edərsə ABŞ-da ciddi parçalanmalar qaçılmazdır. Burada diqqətçəkən hadisə odur ki, özünü demokratiyanın beşiyi hesab edən bu ölkədə antidemokratik hadisələr müşahidə edilir. Yəni, ABŞ sanki get-gedə idarəolunmaz dövlətə çevrilir. Bunu ABŞ kimi güclü bir dövlətə qarşı tarixin ironiyası da hesab etmək olar. Belə ki, dünyanın müxtəlif yerlərində, xüsusilə də Cənubi Qafqazda fərqli vaxtlarda separatizm ocağını dəstəkləyən Vaşinqton indi özü separatizmin bir addımlığındadır. Belə yerdə deyirlər ki, özünə umac ova bilməyən özgəsinə ərişdə kəsir…

Hadisələrin gedişi göstərir ki, gələcəkdə Texasın ABŞ-dən ayrılması reallaşa bilər. Təbii ki, bunun qarşısı demokratik və hüquqi yollarla alınmazsa, gələcəkdə münaqişə digər ştatlara da sıçraya bilər. Bu isə fövqəlgüc, hegemon ABŞ-ın çökməsi deməkdir.

Bu gün beynəlxalq hüquq qeyri- qanuni miqrasiyanı humanitar hüquq üçün ciddi problem hesab edir. Bayden hakimiyyəti hazırda qanunsuz miqrasiyanı dəstəkləməklə beynəlxalq hüquqa hörmət etmədiyini göstərir. Butün bunlar bir daha göstərir ki, rəsmi Vaşinqton üçün daimi prinsiplər yox, daimi maraqlar mövcuddur.

Siyasi analitiklərin fikrincə, bu gün ABŞ-da baş verən beynəlxalq miqrasiya qanunpozmalarının gələcəkdə Avropada, xüsusilə də Fransa və Almaniyada baş verməsi gözləniləndir. Çünki bu ölkələr zaman-zaman ABŞ hakimiyyətinin kölgəsində sürünməklə onların siyasi gedişlərini təqlid ediblər. Xatırladaq ki, həmin Avropa ölkələrində də miqrantlarla bağlı hökumətə yönəlik davamlı sərt çağırışlar olur.

Bu arada ABŞ-da prezidentliyə namizədliyini irəli sürmək istəyən keçmiş Prezident Donald Trampa qarşı siyasi təzyiqlər də artıb. Hətta Trampı çoxsaylı cinayət işlərində günahlandırırlar ki, bu da onun həbs edilməsinə gətirib çıxara bilər. Məqsəd birmənalıdır-Baydenin ən nüfuzlu rəqibinin sıradan çıxartmaq. Xatırladaq ki, hələ ötən seçkilərdə Trampın hakimiyyətə yolunu kəsmək üçün səslərin hesablanması zamanı saxtakarlıqlara yol verildiyinə dair iddialar da səslənmişdi. Bu gün isə Bayden tərəfdarları Trampa qarşı sosial mediada feyk və dezinformasiya yaymaqla məşğuldurlar. Bu isə bir daha göstərir ki, ABŞ-da demokratik mühit tamamilə deqradasiyaya uğrayıb.

Elçin Zaman, «İki sahil»