30 yanvar 2024 00:58
306

Yağı əlində əsir olanların qaranlıq taleyi...

Ermənistan əsir və itkin azərbaycanlılarla bağlı növbəti ağ yalanlar yaydı

XX əsrin 90-cı illərində Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Birinci Qarabağ müharibəsində dörd mindən çox Azərbaycan vətəndaşı itkin düşdü. Hərbi təcavüz nəticəsində hərbçilərlə yanaşı, itkin düşən yeddi yüzdən artıq mülki şəxs arasında uşaqlar, qadınlar və qocalar da var idi. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin, o cümlədən 29 uşaq, 98 qadın və 112 qocanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalması şahid ifadələri ilə təsdiq edilib. Bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib. Araşdırmalar təsdiq edir ki, Birinci Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşmüş və onlar barədə bu illər ərzində heç bir məlumat verilməyib. Bu hal yalnız azərbaycanlı itkinlərin ailələrinə deyil, bütün insanlığa hörmətsizlikdir. Faktlar və şahid ifadələri təsdiq edir ki, Birinci Qarabağ müharibəsində Ermənistan hərbçiləri tərəfindən Azərbaycan Respublikasının suveren əraziləri işğal edilərkən beynəlxalq humanitar hüquq normaları kobud halda pozularaq mülki əhali hədəfə alınıb, qarşı tərəfin yaşayış məntəqələrinə qəfil hücumu zamanı evlərini tərk edə bilməyən ahıl insanlar yaşadıqları evlərlə birlikdə yandırılıb, döyülərək ağır işgəncələrə məruz qalıb, asılıb və ya güllələniblər.

Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Lakin 30 ildən çoxdur ki, itkin düşmüş azərbaycanlıların ailə üzvləri bu hüquqdan məhrum edilib. Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatları təqdim etməkdən imtina etməsi onların ailələrini əzab və iztirablara məhkum edib. Ermənistanın qeyri-humanist mövqeyi nəticəsində minlərlə itkin ailəsi 30 ildir ki, bu dəhşətli faciənin acısı ilə yaşamağa məcbur edilib, yaxınları barədə məlumat ala bilməyiblər.

Məlumdur ki, Birinci Qarabağ müharibəsində işğal edilmiş Azərbaycan əraziləri 30 il ərzində Ermənistan ordusunun nəzarətində olub. Bu səbəbdən itkin düşmüş bütün şəxslər, o cümlədən onların dəfn yerlərinə dair ətraflı məlumatlar Ermənistan tərəfindədir. Ermənistan parlamentinin deputatı, Ermənistan müdafiə nazirinin keçmiş müavini, general-leytenant Qaqik Melkonyanın 2021-ci ilin dekabr ayında Ermənistan kütləvi informasiya vasitələrinə müsahibəsi bunu bir daha təsdiq edir. Həmin müsahibədə Qaqik Melkonyan 1994-cü ildə Azərbaycan Ordusunun həlak olmuş yüzlərlə hərbi qulluqçusunun meyitlərinin döyüş meydanında qaldığını və ermənilərin onları dəfn etdiyini bildirmişdi. Məsələ ilə bağlı Azərbaycan tərəfindən beynəlxalq təşkilatların vasitəçiliyi ilə Ermənistana rəsmi müraciət edilsə də, cavab alınmamışdır.

2020-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Ordusu Vətən torpaqlarını işğaldan azad edərək BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri özü icra etdi. Lakin işğal dövründə ərazilərin Ermənistan tərəfindən minalarla həddindən artıq çirklənməsi oradan qovulmuş insanlara, o cümlədən itkin ailələrinə yurd yerlərinə getməyə imkan vermir. Bundan başqa, Ermənistan dəqiq mina xəritələrini, itkinlərin kütləvi məzarlıqları barədə məlumatları təqdim etməməklə yanaşı, həm də Azərbaycana qarşı yalan ittihamlarla çıxış edir. Belə ki, bu günlərdə Ermənistanın Əsir, itkin və girovlarla bağlı komissiyası adı qoyduqları qurum növbəti ağ yalanlar yayıb. Düşmən tərəfin məlumatına görə, 90-cı illərdə həlak olmuş 140 azərbaycanlının bədən qalıqlarını Azərbaycana təhvil versələr də, guya 90-cı illərdən əsir və itkin hesab etdikləri 993 nəfər erməni barədə Azərbaycan heç bir məlumat vermir. Yalana baxın... 993  nəfər erməni Azərbaycanda hansı şəraitdə əsir, itkin və girov götürülmüş sayıla bilər? Azərbaycan Ermənistana və öz ərazisi hesab etdiyi keçmiş Dağlıq Qarabağa nə vaxt hərbi hücum etdi ki?! Əksinə, Azərbaycanın Əsirlər, itkin və girovlarla bağlı Dövlət Komissiyası 4500-dən çox azərbaycanlının siyahısını tutsa da, bu günə qədər Ermənistandan onların taleyi ilə bağlı heç bir məlumat ala bilmir. Bu məsələdə Ermənistan əməkdaşlıqdan açıq yayınır. 993 nəfər erməninin 90-cı illərdə guya itgin düşdüyü xəbərini ermənilər hansı fakta əsasən yayırlar? Ancaq azı 4500 azərbaycanlı əsir, itkin və girov düşmüş kimi qəbul olunan azərbaycanlının siyahısı beynəlxalq təşkilatlarda da var.

Mina xəritələrinin verilməməsi səbəbindən son üç ildə üç yüzdən artıq Azərbaycan vətəndaşı mina partlayışının qurbanına çevrilib. Son illərdə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən itkinlərin sonrakı taleyinin aydınlaşdırılması sahəsində atılan addımlar, o cümlədən ailələrdən bioloji nümunələrin götürülməsi, DNT profillərinin çıxarılması, işğaldan azad edilmiş ərazilərdə qazıntıların aparılması itkin ailələrində böyük ümidlər yaradır. Ancaq qısa müddətdə 10 kütləvi məzarlığın və yaxınlarımızın işgəncələrlə qətl edilərək qeyri-insani halda basdırılması faktlarının aşkar edilməsi qəlbimizi göynədir. Təhlillər, o cümlədən Q.Melkonyanın məlumatı yeni-yeni kütləvi məzarlıqların aşkar ediləcəyini göstərir. İnsanların işgəncələrlə öldürülərək kütləvi halda basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə ən böyük hörmətsizlikdir. Otuz ilə yaxın bir müddətdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırımının, etnik təmizləmələrin, müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır. Baxmayaraq ki, ermənilər bu günə qədər girovların qaytarılması, habelə kütləvi məzarların yerləri ilə bağlı məlumatların verilməsi istiqamətində heç bir tədbir həyata keçirməmişlər, irəli sürülən yalan ittihamların, həqiqəti əks etdirməyən məlumatların qarşısını almaq üçün Azərbaycan artıq işğaldan azad olunmuş ərazilərdə aşkar etdiyi kütləvi məzarlar haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaqdadır. Dörd Cenevrə Konvensiyasının iştirakçısı olan dövlətimizin humanizm prinsipini rəhbər tutaraq hərbi əməliyyatlar zamanı əsir düşmüş erməni hərbçilərini beynəlxalq hüququn norma və prinsiplərinə əsasən dəfələrlə qarşı tərəfə qaytarması, regionda davamlı sülhü, əmin-amanlığı qorumaq üçün əlindən gələn bütün tədbirləri həyata keçirməsi Ermənistan tərəfini arxayın salmamalıdır. Dünya ictimaiyyəti Azərbaycanın Ermənistandan fərqli olaraq beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiq olduğunu görür. Azərbaycan tərəfi tələb edir ki, mövcud ədalətsizliklər, siyasi riyakarlıq, başqa dövlətlərin ərazisində gözü olan Ermənistana qarşı tutulan güzəştli mövqeyə baxmayaraq soydaşlarımıza, həmvətənlərimizə qarşı törədilmiş hərbi cinayətlər cəzasız qalmasın.

Sevinc Azadi, “İki sahil”