26 yanvar 2024 22:53
189

Avropanın bizə sırımağa çalışdığı “rəngli dəyərlər”

Yaxud cinsini don kimi dəyişənlərin dünyanı dəyişmək iddiaları...

Xəbər verildiyi kimi yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldi, nümayəndə heyəti bununla bağlı bəyanat verdi. Avropa Şurası Parlament Assambleyası rəsmi Bakının öz üzərinə götürdüyü “əsas öhdəlikləri” yerinə yetirmədiyi qənaətinə gəlib və bu barədə qətnamə qəbul ediblər. Guya rəsmi Bakı ölkədə plüralist demokratiya və qanunun aliliyi, eləcə də fundamental insan hüquq və azadlıqlarına hörmətlə bağlı öhdəlik götürsə də bu müddət ərzində bu tələbləri həyata keçirməyib. Ən əsası isə Azərbaycanın “yerinə yetirmədiyi” öhdəliklər dedikdə burada ilk növbədə “LGBT hüquqlarının qorunması” nəzərdə tutulur. Yəni, AŞPA-nın Azərbaycandan əsas istəyi bundan ibarətdir: Azərbaycanın milli-mənəvi dəyərlərinə kökündən zidd olan LGBT hüquqlarının qorunması, eynicinsli nikahlara icazənin verilməsi, Azərbaycan orta məktəblərdə LGBT mövzusunun tədris edilməsi və s. Bu tələb xüsusilə 2018-ci ildən etibarən açıq şəkildə dilə gətirilir. Altı il öncə Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muiznieks iddia etdi ki, “Azərbaycanda LGBT icmasına qarşı ayrı-seçkilik edilir və bu, insan haqlarının pozulmasıdır”. Həmçinin bir neçə il öncə Avropa Şurasının (AŞ) təşkilatçılığı ilə videokonfrans formatında keçirilən tədbirdə AŞ-də xüsusi status daşıyan bir xanım (LGBT nümayəndəsi) dünyada, Cənubi Qafqazda, xüsusən də Azərbaycanda LGBT-yə münasibətin pis olmasını kəskin tənqid edir və bu barədə içdən, ürək yanğısı ilə danışırdı. Bu şəxs bizi düzgün olmayan əxlaq normalarında, geridə qalmışlıqda, yeni dünyəvi çağırışlara cavab verməməkdə ittiham edirdi. AŞPA-nın 2019-ci ildə yayımlanan “Azərbaycanın öhdəliklərini yerinə yetirməsi” adlı hesabatında da LGBT üzvlərinin “ovu” haqqında iddialar yer alırdı. Azərbaycanda LGBT hüquqlarının qorunması məsələsinin xüsusilə 2018-ci ildən etibarən açıq tələb kimi qoyulması təsadüfi deyildi. Çünki 2015-ci ildə bütün dünyaya “insan haqlarının təməl prinsipi” kimi təqdim edilən eynicinsli nikahlara icazənin verilməsi prosesinin Cənubi Qafqazda da qəbul etdirilməsinə start verilmişdi.

Xatırladaq ki, 2011-ci ildə İstanbulda qəbul edilən və LGBT hüquqlarının, eləcə də abort haqqını müdafiə edən “Avropa Şurasının Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Konvensiyası”na qoşulan ölkələrin sayı da 2015-ci ildən sonra sürətlə artmağa başladı. Konvensiyaya 45 ölkə imza atıb, 34 ölkə bunu ratifikasiya edib. İstanbul Konvensiyası qəbul ediləndə Türkiyə bunu ilk ratifikasiya edən ölkə olsa da, 2021-ci ilin martında Prezident Rəcəb Tayyip Ərdoğan Konvensiyadan çıxmaq haqqında fərman imzaladı. Çünki Konvensiya qadın hüquqları adı altında ailə dəyərlərini hədəfə alır, LGBT+ hüquqlarını ölkələr üzərinə “öhdəlik” olaraq qoyur. Azərbaycanın Konvensiyaya qoşulmamasının səbəbi də məhz milli-mənəvi dəyərlərimizin qorunmasıdır və buna görə zaman-zaman təzyiqlərə məruz qalır. AŞPA-nın müxtəlif bəhanələrlə Azərbaycana təzyiq etməsinin arxasındakı əsas səbəblərdən biri də məhz budur. Çünki Cənubi Qafqazın üç ölkəsindən ən çox dirəniş göstərən yalnız Azərbaycandır.

Gürcüstanda 2013-cü ilə qədər eynicinsli nikahlara qarşı kilsə və dövlət səviyyəsində etiraz edilirdisə, 2015-ci ildən sonra ABŞ-ın LGBT hüquqları haqqında çağırışından sonra müəyyən yumşalmalar başlandı. Kilsə səviyyəsində etirazlar davam etsə də, LGBT üzvlərinin yürüş etməsinə şərait yaradılır. Ermənistanda yumşalma dövrü 2018-ci ildə qərbyönümlü kimi tanınan Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra başlandı. 2019-cu ildə transgender Lilit Martirosyanın Ermənistan parlamentində çıxışı bunun əsas nümunələrindəndir.

Bu gün müsəlman əxlaqından irəli gələn ailə institutu Şərqin bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da möhkəm dayaqlar üzərində dayanıb. Əgər cəmiyyət bu cür halları qəbul etmirsə, nə etmək olar? Minillik adət və ənənələrimizdən Avropanı məmnun etmək üçün əl çəkə, kimlərəsə zorla üçüncü cinsin nümayəndələrini sevdirə bilmərik ki… Biz heç birimiz yaranarkən nə xalqımızı, nə ölkəmizi, nə ailəmizi, nə cinsimizi seçə bilmirik. Gözəl və ya çirkin, sağlam və ya xəstə doğulmaq da bizim seçimimiz deyil. Ruhunun sahib olmadığı bədəndə doğulmaq da ayıb sayılmamalıdır. Ayıb olan şey öz rəngli şəxsiyyətini, hətta öz “yol”unu əxlaqsızca təbliğ etmək, bunu dünyaya normativ kimi sırımaqdır.

İndi sual onunur, illərlə 1 milyon qaçqınımızla bağlı ağzına su alıb susan, işğal altındakı torpaqlarımızda baş verənləri görmək istəməyən Avropaya nə oldu ki, birdən-birə Azərbaycanda 3-5 LGBT nümayəndəsinin hüquqlarının qorunması ilə bağlı növbəti tələb irəli sürdü? Əslində burada səbəb başqadır: Belə ki, Azərbaycan son illərdə regional və qlobal əhəmiyyətli uğurlar əldə edir, layihələr reallaşdırır. Ən əsası isə ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyi bacardı. 2001-ci ildən 2020-ci ilə qədər AŞPA-nın, eləcə də 30 ilə yaxın müddətdə BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir qurumun edə bilmədiyini Azərbaycan cəmi 44 gün ərzində yerinə yetirdi. Bundan üç il sonra isə Qarabağda birgünlük antiterror tədbirləri zamanı Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi. Bax, budur AŞPA, Fransa və bunlara bənzər digər ermənipərəstləri, ağa qara deyən “demokratları” yandırıb-yaxan. Həm də ona görə yanıb-yaxılırlar ki, onların ötən ildən Laçın yoluna, ümumilikdə Qarabağa monitorinq göndərmək cəhdləri alınmadı, Azərbaycanın ərazisində ikinci Erməni dövlətinin yaradılması planları alt-üst oldu. Cəmi 32 il müstəqillik tarixi olan bir ölkənin siyasi, iqtisadi, hərbi və mədəni sahələrdəki sürətli inkişafını həzm edə bilməyən “rəngli demokratlar” bu tərəqqinin qarşısını almaqda aciz olduqlarını artıq gizlədə bilmirlər. Hər dəfə yalana, böhtana, saxtakarlığa, riyakarlığa əl atırlar. Bu da heç bir fayda vermir və verməyəcək. Çünki Azərbaycan belə riyakarlıqlarla, qərəzli qətnamələrlə, təhdid və təzyiqlərlə çox qarşılaşıb, hamısına da layiqli cavab verib. İflasa uğrayanlar isə milçək kimi ürək bulandırmaqda davam edirlər.

Sevinc Azadi, “İki sahil”