27 yanvar 2024 00:12
230

Biz gələcəyə baxırıq

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib

Dövlət başçısı İlham Əliyevin əsas çağırışlarından biri budur ki, ölkəmiz müasir dövlətə çevrilməlidir. Müasirləşmə, əlbəttə ki, dövlət siyasətinin düzgün qurulmasından və bununla bərabər, gənclərin fəaliyyətindən asılıdır. Azərbaycan gəncləri müasir, Vətənə,  millətə, dövlətçiliyə sadiq olmalıdırlar. Ancaq, eyni zamanda, gənclərimiz bütün mütərəqqi təcrübəyə də açıq olmalıdırlar. 

Sirr deyil ki, hər bir ölkənin inkişafını müəyyən edən enerji resursları deyil, intellektual potensialdır. Məhz bizim məqsədimiz gələcəkdə, sözün əsl mənasında, inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır.  Ölkə Prezidenti İlham Əliyevin çağırışlarında bu məqam da xüsusi yer alır ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək. Cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək!” tezisinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı addımlar atıldı. Ən əsası qarşıya qoyulan məqsədə nail olmaq üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadənin prioritetliyi önə çəkildi və buna uyğun olaraq regional inkişaf proqramları qəbul olundu, uğurla icra edilir. Təsdiqlənən Dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının, keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına geniş imkanlar açıb.

Qeyd etdiyimiz kimi, davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafı və tətbiqidir. İqtisadiyyatın inkişafı elmin və yeni texnologiyaların inkişafı ilə zəncirvari bağlıdır. «İnformasiya -kommunikasiya texnologiyaları İli» son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmiş, ölkənin iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və bütövlükdə ictimai həyatın demokratikləşməsinə mühüm töhfələr verir. Ölkə əhalisinin 85 faizdən çoxu internet istifadəçisidir. Bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir. Azərbaycanda internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət alır. İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bunun nəticəsidir ki, bir çox maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirən Dünya Bankının, həmçinin Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan bu sahədə də liderliyini qoruyur.

Bu sahəyə diqqətin bariz nümunəsi dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə «İnformasiya-kommunikasiya texnologiyaları İli»” elan edilməsini xüsusi qeyd etməliyik. İKT İlində ölkəmizin ilk telekommunikasiya peyki orbitə buraxıldı. Ölkə Prezidenti İlham Əliyev bu hadisəni xalqımızın, dövlətimizin böyük nailiyyəti kimi dəyərləndirərək bildirmişdir ki, bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük. “Azərspace-1” ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə, peyk texnologiyalarının geniş tətbiqinə, telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətlərinə olan tələbatın ödənilməsinə şərait yaradaraq, iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrdə inkişafa təkan verir. 2016-cı ildə “Azərsky” müşahidə peyki və 2018-ci ildə isə “Azərspace- 2” peyki orbitə buraxıldı. “Bu peyklərin çox böyük əhəmiyyəti var” söyləyən ölkə Prezidenti bildirir ki, bu, ilk növbədə, Azərbaycanın informasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edirlər. Peyklərin kommersiya tərəfi də xüsusi qeyd olunmalıdır. Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar öz növbəsində qeyri-neft sektorunun inkişafını şərtləndirir. “Azərsky” müşahidə peyki vasitəsilə nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim izləyə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsində “Azərsky” peykinin xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində bu sahədə də xaricdən asılılıq tamamilə aradan qaldırılıb. Bir sözlə, Azərbaycan qısa müddətdə dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilib. Bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. Azərbaycan İKT sahəsində təkcə region deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan tədbirlərin fəal iştirakçısı və təşkilatçısıdır. Ölkəmizdə ənənəvi olaraq hər il keçirilən “Bakutel” beynəlxalq sərgi və konfransının Xəzəryanı və Qafqaz regionlarında ən iri telekommunikasiya və informasiya texnologiyaları sərgilərindən birinə çevrilməsi, ildən-ilə onun əhatə dairəsinin və iştirakçılarının tərkibinin genişlənməsi də deyilənlərin təsdiqidir.

Azərbaycan ötən il 74-cü Beynəlxalq Astronavtika Konqresinə  ev sahibliyi etdi. Dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması bir daha bu sahədə malik olduğumuz imkanların təqdimatına böyük töhfə oldu.  “XX əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır” bildirən dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində son illər ərzində əldə edilmiş təcrübə bizə imkan verdi ki, Konqres ən yüksək səviyyədə keçirilsin. Bundan sonra da kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində əlavə addımlar atılacaq.

Dövlət başçısı Konqresdəki çıxışında qeyd etmişdir ki, belə bir mühüm qlobal tədbirə ev sahibliyi etmək bizim üçün şərəfdir. Tədbirdə  100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçının olduğunu öncə çəkən cənab İlham Əliyev belə bir əminliyi də ifadə etmişdir ki,  qonaqlarımız Konqresdəki işlərindən əlavə, Azərbaycanı, onun xalqını, tarixini və mədəniyyətini daha yaxından tanımaq imkanı qazandı.  Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizin uğurlu inkişafı diktə edir ki,  elmi-texniki tərəqqiyə daha da böyük diqqət göstərək. Gələcəkdə İKT sektoru Azərbaycan iqtisadiyyatında daha da təsirli rol oynayacaq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz gələcəyə baxırıq. Gələcək də elmi ixtiraların uğurundan asılı olacaq: «Hazırda Azərbaycan kimi resurslarla zəngin olan ölkələr xaricdən texnologiyaları alırlar. Bu, ən asan yoldur. Halbuki burada da siyasət düzgün aparılmalıdır, bizə lazım olan texnologiyalar alınmalıdır. Ancaq uzun illər bundan sonra belə davam edə bilməz. Biz texnoloji inkişafın bir parçası olmalıyıq. Ona görə hazırda Azərbaycanda İKT sektorunda, hərbi sənaye sektorunda birgə müəssisələrin yaradılması məsələləri öz həllini tapır.»

Dünyaya səs salan tarixi Zəfərimizdə yeni texnologiyaların rolunu xüsusi qeyd etməliyik. Azərbaycan Silahlı Qüvvələrinin ən müasir texnika ilə təchiz edilməsi, yüksək ixtisaslı hərbi kadrların yetişdirilməsi, keçirilən təlimlərdə  ən yeni təcrübələrin mənimsənilməsinə xüsusi diqqətin göstərilməsi və sair kimi biri-birindən mühüm məqamlar Ordumuzun öz şərəfli missiyasını uğurla yerinə yetirməsinə geniş imkanlar açır. Müasir gənclik yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə xüsusi diqqət göstərir.

Onu da qeyd edək ki, 2019-cu ildən  dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirlərinin tələblərinə uyğun olaraq Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə videoformatda ev sahibliyi etdi, yaxud qatıldı. Bu da ölkəmizin yenilik, müasirlik sahəsində imza atdığı uğurların göstəricisi idi.  Belə ki, tədbirlər əhatə etdiyi mövzunun müzakirəsi, təcrübə mübadiləsi baxımından əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın malik olduğu imkanların, yeni texnologiyaların inkişafına göstərdiyi diqqətin təqdimatı baxımından əhəmiyyətli oldu. Azərbaycanın bu sahədə də zəngin təcrübəyə malik olduğu beynəlxalq səviyyədə etiraf edildi.

Bu reallığı da qeyd edək ki,  ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, dövrün, zamanın tələblərinə uyğun islahatlar həyata keçirilir, zəngin idarəçilik təcrübəsinə malik rəhbəri vardır. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2011-ci ildə  keçirilən «Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar» mövzusunda  beynəlxalq tədbirdə ölkəmizin təkmil idarəçilik təcrübəsindən geniş bəhs olunaraq bildirilmişdir ki,  yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir.  Dövlət başçısı İlham Əliyev  konfrans iştirakçılarına  təbrikində bildirmişdir ki,  bəşəriyyətin  üzləşdiyi qlobal problemlər ənənəvi  iqtisadi və  sosial  inkişaf modelinə  yenidən baxmağı tələb edir. Gələcək nəsillərin  inkişaf və rifah içində  yaşaması bugünkü çağırışlara  düzgün  cavabların tapılmasından  çox asılıdır. Müasirləşmək, yeniləşmək siyasətimizin  əsas mənasını, bizi inkişafa aparan yolun  baş xəttini  təşkil edir.

Azərbaycan yenilikçi, innovasiyalar ölkəsi olduğunu atdığı hər addımında təsdiqləyir. Dünyaya Azərbaycan brendi kimi səs salan «ASAN xidmət», ABAD, DOST layihələri də ölkəmizin nə qədər yeniliyə meyilli olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev postmüharibə dövrünün reallıqlarından bəhs edərkən “ASAN xidmət” mərkəzlərinin sayının artırılmasından geniş bəhs edir. Bu il Qarabağın tacı Şuşada “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq.  Gələcək illərdə  Ağdam, Cəbrayıl və Laçın şəhərlərində də regional  «ASAN xidmət» mərkəzləri  fəaliyyət göstərəcək.

Təhlillər əsasında bu ümumiləşdirməni apara bilərik ki, Azərbaycan innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaradıb. Sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafəni qısaldıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyəti şəffaflaşdırıb. Dövlət bu misilsiz nəticəni xidmətlərin göstərilməsini müasirləşdirməyə bütün hökumət qurumlarının birgə yanaşması, ASAN mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə əldə edib. Daim ilklərə imza atan Azərbaycan uğurlu layihələri ilə dünyaya nümunə göstərir. Yeni iqtisadi və sosial inkişaf modelinə söykənərək dünyada innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açılır.

Onu da qeyd edək ki, azad olunmuş ərazilər şəhərlərin inşası baxımından yeni yanaşma nümayiş etdirəcək. Bu təcrübə bir çox ölkələr və şəhərlər üçün faydalı olacaq. Ötən il dövlət başçısı İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər”  mövzusunda Forumda onu da vurğulamışdır ki, azad edilmiş ərazilərə gəldikdə, digər mühüm məsələ də var. Biz, həmçinin yeni idarəçilik modelini sınaqdan keçiririk: «Artıq gördüyünüz kimi, biz prezidentin xüsusi nümayəndələr institutunu yaratmışıq. Bu vaxta qədər dörd nümayəndə var. Onların sayı daha çox olacaq. Bu, tamamilə yeni idarəçilik üsuludur və həmin müsbət təcrübə, ola bilsin, ölkənin qalan hissəsində də tətbiq edilsin. Texnoloji inkişaf, ekoloji baxımdan münbit biznes mühiti – bütün bunlar tətbiq ediləcək. Bir sözlə, bizim həmin planlarımız artıq var. Hələ onları kağız üzərinə köçürməmişik, çünki biz əsasən keçmiş məcburi köçkünlərin əsas hissəsini qaytarmalıyıq və bu, Azərbaycanın qalan hissəsinin yenidən qurulmasına və inkişafına dair yol xəritəsi olacaq.» 

Azərbaycan bu torpaqlarda bərpa işləri ilə yenə də diqqətdədir. Yeniliklər tətbiq olunur.  «Ağıllı şəhər» və «ağıllı kənd» layihələri çərçivəsində qurulan kənd və şəhərlər müasir dövrün bütün yeniliklərini özündə əks etdirir.  Ağdam və Zəngilanda keçirilən  Milli Şəhərsalma forumları bütün bu məqamlara aydınlıq gətirdi. Bunlardan öncə cənab İlham Əliyev Polşanın Katovitse şəhərində keçirilən  Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasına videoformatda qatıldı. Dövlət başçısı sessiyadakı çıxışında bu mühüm məqama xüsusi diqqət yönəltdi ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı  şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.

Ölkə Prezidentinin vurğuladığı kimi,   Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşür. Dövlət başçısı həmin  sessiyada bu istəyimizi də ifadə etmişdir ki,  Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır: «Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır.»  Azərbaycanın bu istəyi də  reallığa çevrilir. Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun  2026-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar elan edilib.  BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən bu Forum sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platformadır. Ümumdünya Şəhərsalma Forumunun regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacağını əminliklə söyləmək olar. Tədbir çərçivəsində həm Azərbaycan, həm də xarici ölkələrdən maraqlı tərəflər – dövlət rəsmiləri, QHT-lər, bu sahədə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər, özəl sektorların nümayəndələri bir araya gələcək, geniş fikir mübadiləsi apararaq yeni bilik və təcrübə ilə paylaşmaq imkanı əldə edəcəklər.  Ümumdünya Şəhərsalma Forumu 2022-ci  ildə  "Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək" mövzusu altında Polşanın Katovitse şəhərində  17 min nəfərin iştirakı ilə baş tutdu. Daha öncə müxtəlif illərdə Forum Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur və bir sıra digər şəhərlərdə təşkil edilərək, bir tədbirə 23 min nəfərə qədər iştirakçı cəlb edilib. Növbəti Forum  2024-cü il noyabrın 4-dən 8-dək Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək. Bu önəmli tədbirin 2026-cı ildə paytaxtımızda keçirilməsi Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar, ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasının daha bir bariz nümunəsidir.

Qısa təhlil əsasında bu ümumiləşdirməni apara bilərik ki, Azərbaycan hər sahədə təkmil təcrübəsi ilə dünyaya nümunədir. Buna əsas verən daim yeniliyə, təkmilləşməyə maraqlı olması, yeni təcrübələrin ölkəmizdə tətbiqinə səy göstərməsidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Yeganə Əliyeva, «İki sahil»