27 yanvar 2024 01:36
1068

AŞPA-nın öz qapısına vurduğu top

Avropa Şurası Parlament Assambleyası (AŞPA), eləcə də digər qurumlar ikili standartlardan xilas ola bilmirlər ki, bilmirlər. Elə AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və buna cavab olaraq parlamentarilərimizin buradakı fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırması qurumda baş alıb gedən qərəzli yanaşmalarla, dini və milli ayrı-seçkiliklə bağlıdır.

AŞPA-nın 44 günlük Vətən müharibəsi, Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbirləri zamanı və postmüharibə günlərində daim ermənipərəst mövqe sərgilədiyi hər kəsə məlumdur. İstəkləri Azərbaycanı təcavüzkar Ermənistanla danışıqlar masasına oturtmaq və prosesi rəsmi İrə­van üçün əlverişli maddələr üzrə yekun sazişin imzalanması ilə nəticələndirmək idi. Elə bu səbəbdən son 3 ildə bu qurumun an­ti-Azərbaycan ritorikası daha da inten­sivləşmişdi. Amma Azərbaycan onlara boyun əymədi, haqq yoluna davam etdi. Nəticədə  ermənipərəst təsisata çevrilmiş AŞPA Ermənistanı süddən çıxmış ağ qaşıq kimi təqdim etməklə bəhanə ilə Azərbaycanı “zərərsizləşdirmək” qərarına gəldi. Daha doğrusu, qurumun səlibçi, islamofob mahiyyətini bir daha nümayiş etdirdi. Bununla da  futbol şərhçilərinin təbirincə desək, öz qapısına növbəti qol vurdu. Şübhəsiz, nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının reputasiyasına ciddi zərbə vuracaq.

Tutarlı dəlillər olsa da...

Otuz il davam edən işğal, azərbaycanlılara qarşı etnik təmizləmələr, soyqırımlar, insanlığa qarşı digər cinayətlər məhz AŞPA-da, eləcə də digər beynəlxalq təşkilatlarda mövcud olan ikili standartlara, belə hallara göz yummalara görə baş verimişdi. Nə qədər qəribə olsa da sözügedən  qurum indiyədək Ermənistanın bu kimi özbaşnalıqları ilə bağlı hər hansı ciddi çağırış  etməyib. Üstəlik AŞPA öz yurd-yuvalarından zorla qovulmuş, didərgin düşmüş və doğma yurduna qayıtmaq hüququndan məhrum olmuş bir milyondan çox azərbaycanlı məcburi köçkünün hüquqlarını müdafiəsinə qalxmayıb. Uzun illər ölkəmizə qarşı həyata keçirilən qarayaxma kampaniyalarına, ikili standartlara və oyunbazlıqlara baxmayaraq, Azərbaycan nümayəndə heyəti baş verənlərə səbirlə yanaşıb, söylənilən hədyanları tutarlı faktlarla cavablandırıb.

Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında səsləndirdiyi bəyanatda da bu məqamlar öz əksini tapıb: “Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizə deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir”.

Zəfərimizi həzm edə bilməyənlər

Şübhəsiz, AŞPA-nın atdığı analoqu olmayan belə bir addım  Azərbaycanın müstəqil siyasət yürütməsindən irəli gəlib. Çünki bu qurum yaxşı dərk edirdi ki, ölkəmizin apardığı siyasət bəzi dairələrin Cənubi Qafqazda təsir imkanlarını heçə endirir. AŞPA  bununla barışa bilmədi. Elə bu səbəbdən əgər belə demək mümkünsə son yola əl atdı. Bəli, AŞPA da Azərbaycanın  separatizmə son qoymasını, suverenliyinin tam bərpasını, bölgədə söz sahib olmasını, bir sözlə Zəfər əldə etməsini  həzm etməkdə çətinlik çəkdi. Amma AŞPA unutmasın ki, Azərbaycan nümayəndə heyəti Monitorinq Komitəsinin qərarını gözləmədən qurumun iclasını tərk etməklə  siyasət meydanında ermənipərəstlər üzərində zəfər çaldı.

Artıq bu faktı dünyanın tanınmış siyasətçiləri, elm adamları da təsdiq edirlər. Məsələn, Rumıniyada geniş auditoriyaya malik “Geopolitika” jurnalının baş redaktoru, professor Vasile Simileanu bildirib ki, AŞPA-nın Azərbaycana qarşı atdığı addım “köhnə qitə”də bəzi dairələrin Azərbaycanın müstəqil siyasət yürütməsinə qarşı olmasından xəbər verir.

Azərbaycanda keçiriləcək prezident seçkilərinə qısa müddət qalmış sərgilənən  bu qərəzli mövqeyin arxasında Fransa, bəzi makronsayağı avropalı ermənipərəstlərin və erməni əsilli AŞPA-cıların dayanması şəksizdir. Bu məsələdən söz açan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri, Atlantik Şurasının eksperti Metyu Brayza bildirib ki,  son bir neçə həftə ərzində Azərbaycanla AŞPA, o cümlədən Avropa İttifaqının Xarici əlaqələr  və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel arasında gərginliyin yaranmasında başlıca faktor Fransanın Azərbaycana qarşı tutduğu mövqedir.

Əsassız və absurd iradlar

AŞPA-nın bu məsələdə insan haqları ilə bağlı iddiaları əslində boş bəhanədir. Bu, qurumun qətnaməsində də aydın görünür. Guya AŞPA özünün “Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz gediş-gəlişin təmin edilməsi” adlı 2508 (2023) saylı qətnaməsində Laçın dəhlizi boyunca azad və təhlükəsiz hərəkətin olmamasını müəyyən edibmiş və Azərbaycan rəhbərliyinin on aya yaxın davam edən bu vəziyyətin humanitar və insan hüquqları nöqteyi-nəzərindən çox ciddi nəticələrini qəbul etməməsindən sarsılıbmış. Halbuki, Azərbaycan bu kimi məsələlərin hər birində beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edib. Bundan başqa, AŞPA-nın “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı 2517 (2023) saylı qətnaməsində və 2260 (2023) saylı tövsiyələrində göstərilib ki, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi lokal antiterror əməliyyatı zamanı guya erməni əhalisi "etnik təmizləmə"yə məruz qalıbmış. Amma bölgəyə səfərlər etmiş BMT rəsmiləri də vurğulayıblar ki, heç bir etnik təmizləmədən söhbət gedə bilməz. Hətta bildiblər ki, erməni əsilli şəxslər özləri könüllü şəkildə əraziləri tərk ediblər. Daha bir “irad” isə Azərbaycanın AŞPA qarşısında “öhdəlikləri” yerinə yetirməməsi ilə bağlıdır. Bu “öhdəliklər”də əsas yeri LGBT (Lezbiyan, Gey, Biseksual və Transgender) hüquqlarının qorunması təşkil edir.  Azərbaycan isə öz milli mentalitetinə, əxlaqi dəyərlərinə zidd olan bu “dəyərlər”i özünə yaxın buraxmayıb. Qərbi qıcıqlandıran daha bir məqam Azərbaycan xalqının yekdilliklə “Qalib xalqın qalib lideri”nə, yəni Prezident İlham Əliyevə verdiyi dəstəkdir.

Göründüyü kimi, Azərbaycanın Qarabağdan imtina etməməsinə,  ərazisində ikinci erməni dövlətinin yaranmasına göz yummamasına, ərazi bütövlüyü və suverenliyini bərpa etməsinə, Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsinə, ölkəmizin milli mentalitet və əxlaqımıza zidd “dəyərlərdən” imtina etməsinə cavab olaraq Fransa, Almaniya kimi ölkələr ABŞ-ın dəstəyi ilə təzyiqləri gücləndiriblər.

Frank Şvabe sifariş yerinə yetirir

Amma bu məsələdə Fransa, daha doğrusu, Fransa Senatına Azərbaycana qarşı qətnamə qəbul etdirməyə nail olan, Avropa İttifaqının Xarici əlaqələr  və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borreli üstümizə qaldıran,  Makron  bu dəfə öz “ürək sözlər”ini ermənilərə yaxınlığı ilə seçilən almaniyalı deputat Frank Şvabe vasitəsilə səsləndirib. Bununla da yeni Fransa-Almaniya tandemi formalaşdırılıb. Halbuki tarixən bu ölkələr bir-birinə rəqib olublar. Amma  müsəlman dünyasına qarşı müttəfiq kimi çıxış edirlər. Təsadüfi deyil ki, Türkiyəyə qarşı yaradılmış “Daşnaksutyun” da Osmanlıdakı alman və fransız məktəblərində formalaşıb. Bəli, son günlər bu iki ölkə öz bəd niyyətlərini gerçəkləşdirmək məqsədilə  sözün həqiqi mənasında qardaşlaşıblar.  Almaniyanın Azərbaycana qarşı siyasətinin kəskinləşməsini bu ölkənin Fransa ilə birgə koordinasiya olunmuş siyasəti kimi dəyərləndirmək olar. Hətta bu yaxınlarda Bakıda ifşa olunan Fransanın casus şəbəkəsinin formalaşdırılmasında Almaniyanın da iştirakı istisna olunmur. Hələ bu azmış kimi, paralel şəkildə Almaniya və Fransa ABŞ-ın da dəstəyi ilə  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un və BMT-nin nüfuzlu Ümumdünya Şəhərlər Forumunun Azərbaycanda keçirilməsinə imkan verməmək üçün əlindən gələni etdilər. Amma istəklərinə nail ola bilmədilər.   

Makronsifətlər

Yeri gəlmişkən qeyd edək ki, yanvarın 24-də AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə ən çox çalışan Ermənistan parlamentinin vitse-spikeri və Ermənistan-Türkiyə normallaşma prosesində əsas şəxslərdən olan Ruben Rubinyanın rəhbərlik etdiyi Hayastan nümayəndə heyəti olub. Bununla da o, ölkəsinin sülh və dialoqda maraqlı olmadığını bir daha nümayiş etdirib. Elə bu fakt da AŞPA-nın ermənipərəst dairələrin sifarişlərini yerinə yetirməsini bir daha təsdiq edir. Xatırladaq ki, ötən ilin oktyabr ayında “Qarabağda humanitar vəziyyət” adlı qətnamənin qəbulunda Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyanın çıxışı əsas götürülmüşdü. Amma inkarolunmaz bir fakt da var: Qarabağ Azərbaycandır!

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, AŞPA və digər beynəlxalq qurumlar Fransanın alətinə çevrilib. Fransa öz daxili gündəliyini Avropa təsisatlarına daşımaqla Azərbaycan əleyhinə cəbhələr formalaşdırır. Göründüyü kimi, AŞPA-da və digər beynəlxalq qurumlarda oturan, Azərbaycana qarayaxmanı özlərinin məşğuliyyətinə çevirən makronsifətlər Cənubi Qafqazda sülhün bərqərar olmasında əsla maraqlı deyillər. Azərbaycan kimi güclü dövlətin getdikcə daha da möhkəmlənəcəyinə və bütün maneələrə baxmayaraq, müəyyənləşdirdiyi yolla uğurla inkişaf edəcəyi, bölgədə sülh naminə bütün imkanlarından bəhrələnəcəyi isə şübhəsizdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”