13 dekabr 2023 12:33
119

Postmüharibə dövründə loqistika siyasəti: Qarabağda yol infrastrukturu

İkinci Qarabağ müharibəsində düşmən üzərindəki misilsiz qələbə nəticəsində öz tarixi torpaqlarını işğaldan azad edən Azərbaycan ordusu Cənubi Qafqazdakı siyasi reallığı tamamilə dəyişdi. Regionda onsuz da, iqtisadi, hərbi üstünlüyə malik Azərbaycan siyasi qüdrətini daha da artırdı. Xalqın 30 illik Qarabağ həsrəti bitdi və öz dədə - baba yurdlarına qayıdış prosesinə sürətli şəkildə start verildi. Uğurlu siyasət nəticəsində bölgədə bərpa – quruculuq prosesi həyata keçirilməyə başlandı ki, bu indi də müvəfəqiyyətlə davam etdirilir. İqtisadi inkişafın davamlı reallaşdırılması üçün yol – nəqliyyat infrastrukturu olduqca vacib məsələlərdən biridir. Şəxsən Azərbaycan Respublikasının Ali Baş Komandanı Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ ərazisində tikinti – quruculuq işləri, yenidənqurma, abadlaşdırma layihələri icra olunmaqdadır, bu da sözügedən bölgədə həyatın yedinən canlanmasına əvəzsiz töhfələrini verir. Regional inkişaf proqramlarının icrası xüsusi diqqət və qayğı altında həyata keçirilir. Yol xəritəsi planlarının düzgün və sürətli gerçəkləşdirilməsi üçün xaricdən dəvət olunan mütəxəssislər, yerli mühəndislər mühüm loqistik layihələrin icrasını səmərəli və dəqiq yerinə yetirir. Qarabağdakı hər tərəfli nəqliyyat infrastrukturunun mövcudluğu nəinki, ölkənin iqtisadi potensialı üçün böyük imkanlar açır, o eləcə də, region dövlətlərin, həmçinin, beynəlxalq müstəvidə Azərbaycanla ticari və mədəni əlaqaləri olan ölkələrin də maraq dairəsindədir. Mühüm tranzit yollarının məkanı olan Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bir sıra beynəlxalq layihələrin reallaşdırılması üçün böyük fürsətlər pəncərəsi açıldı.

2021-ci ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, Ermənistanla həmsərhəd olan Qarabağ ətrafı rayonların  vahid iqtisadi – coğrafi rayonun tərkibində birləşdirilib, Şərqi-Zəngəzur adının verilməsi də təsadüfi deyildi. Qədim Azərbaycan toponimi olan və hal-hazırda Ermənistan Respublikasının sərhədləri çərçivəsində yerləşən böyük Zəngəzur mahalı ciddi coğrafi – strateji əhəmiyyət daşıyır. Müharibədən sonra Azərbaycanla Naxçıvan Muxtar Respublikasını birləşdirən və tarixi önəmi olan böyük “Dəhliz” layihəsinin icrasına dərhal başlanıldı. Zəfər yolunun inşası düşmən üzərində qazanılmış və özündə dərin tarixi – siyasi məqamları əks etdirən şanlı Zəfərin bariz nümunəsidir. Dağıdılmış, viran edilmiş ərazilərdə yenidən həyatın canlandırılması, yaşayış və dövlət əhəmiyyətli obyektlərin bərpa edilməsi həm yerli, həm də xarici medianın gözü önündə baş verir ki, bu da işğaldan əvvəlki və sonrakı vəziyyətin çılpaqlığı ilə işlandırılıb, dünya çapında nəşr edilməsinə yol açır. Rayonlara, şəhərlərə birbaşa çıxış imkanı yaradan əsas yolların çəkilməsi Qarabağda bərpa – quruculuq işlərinin təməl mahiyyətini özündə ehtiva edir. O cümlədən, rəşadətli ordumuz tərəfindən işğaldan azad edilən şəhər mərkəzli bölgələrdə Beynəlxalq Hava Limanlarının inşası həm paytaxt Bakı ilə, həm də digər xarici dövlətlərlə iqtisadi mübadilələrin aparılması üçün vacib addımlardan biri oldu. Modern texnoloji avadanlıqlarla, standartlara cavab verən qurğular vasitəsi ilə həyata keçirilən, quru yolların çəkilməsi, aviasiya məqsədli layihələrin reallaşdırılması dinc şəraitdə Azərbaycanla yanaşı başqa dövlətlərin də əməkdaşlıq maraqlarına tam uyğundur. Etibarlı tərəfdaş statusunu müharibədən əvvəl də qazanan ölkəmiz beynəlxalq səviyyədə səmərəli münasibətlərin yaradılmasında istər iqtisadi, istər siyasi, istərsə də hərbi əməkdaşlığa daim açıq olmuşdur. Ölkə başçısının yürütdüyü istənilən sahədə məqsədyönlü siyasəti bunu deməyə imkan verir. Bu strateji – xəttin ideyaca banisi olan Ulu Öndərimiz Heydər Əliyevin milli məfkurəsində də qeyd olunduğu kimi “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir” fikrini rəhbər tutaraq, bu gün də eyni prinsiplərə uyğun, məhz həmin ideologiyanın siyasi varisi, dövlət başçısı Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Çoxşaxəli iqtisadi inkişafın təməlində yol amili aparıcı rol oynadığından bu istiqamətdə böyük məbləğlərdə dövlət büdcəsindən vəsaitlər ayrılaraq, yatırımlar edilir. Yerli əhəmiyyətli – rayonlararası, habelə şəhərdaxili magistral avtomobil yollarının təmiri və yenidənqurma planları yüklərin daşınması, abadlıq işləri üçün ağır tonnajlı materialların mübadiləsi, vətəndaşların təhlükəsiz gediş-gəlişi üçün vacib önəm daşıyır. Qarabağdakı bu iri layihələrin icrası Azərbaycanı cənub qonşumuz İranın asılılığından azad edir və büdcə gəlirlərinin artımını stimullaşdırır. Digər dövlətlərin də bu və ya başqa istiqamətlər də investisiya proqramlarında iştirak etməsi ölkəmizin lokal və regional yol infrastrukturunu olduqca aktual edir.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra dərhal sonra Prezident İlham Əliyev düşmən təcavüzündən azad olunmuş rayonların sosial-iqtisadi inkişaf planının tərtib edilməsi üçün müəyyən tapşırıqlar vermişdir.

Zəfər yolunun inşasına 2020-ci ilin noyabr ayında başlandı. Uzunluğu 101,5 km olan bu yolun istifadəyə verilməsi 2021-ci ilin noyabr ayına təsadüf etdi. Qısa müddət ərzində bu uğura nail olmaq Qarabağdakı proqressiv addımların sürətindən xəbər verir. Çətin relyefi olan, Qarabağın şimal hissəsini əhatə edən və Murovdağ silsiləsinin ətəklərindən çəkilən digər yol 2020-ci ildə tikintisinə başlanan Tərtər – Çaylı – Suqovuşan – Talış avtomobil magistralı oldu.

Zəngəzur dəhlizinin vacib hissəsini təşkil edən Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd yolunun inşası isə artıq başa çatdırılmaq üzrədir. Bu magistralın uzunluğu 123,6 km təşkil edir ki, bu da təkcə Azərbaycana aid olan tərəfidir. Qarabağdakı rayonlararası yol xətləri də demək olar ki, bərpa olunub. Əsas xətlərlə müqayisədə alternativ xarakter daşıyan bu yollardan biri Hadrut – Cəbrayıl – Şükürbəyli magistralıdır. Ümumi uzunluğu 39,7 km olan yol Cəbrayıl, Xocavən, Füzuli şəhərlərini əhatə edəcək. Yeri gəlmişkən, Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Cəbrayıla yol çəkmək” xülyalarını bu gün Azərbaycan qətiyyətlə, şanlı qələbənin təcəssümü kimi gerçəkləşdirir.

Bununla yanaşı, Ağdam ilə Bərdəni, Füzuli şəhəri ilə Hadrutu, Kəlbəcər və Laçın rayonlarını birləşdirən geniş zolaqlı yol proyektlərin böyük hissəsi artıq istismara verilmişdir. Qarabağın cənub – qərbi ilə uzanan, uzunluğu 70,4 km olan Xüdafərin – Qubadlı – Laçın magistral yolu cari ildə nəzərdə tutulan layihələrdən olmuşdur.

Zəfər yolunun Füzuli və Şuşa şəhərlərinə aid olan hissəsinin təməlqoyma mərasimində Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Vitse – Prezidenti Mehriban xanım Əliyeva şəxsən iştirak etmiş və bu yolun inşasının başa çatdırılması 2023-cü ilədək planlaşdırılmışdır. Sözügedən layihəyə uyğun olaraq, 2020-ci il noyabr ayının 17-də Prezident İlham Əliyev Əhmədbəyli – Füzuli – Şuşa magistralının layihələndirilməsi və inşası ilə əlaqədar tədbirlər planı haqqında Sərəncama imza atmışdır. Sənədə müvafiq, ümumi uzunluğu 101,5 km olan Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır.

Qarşıdakı illərdə də icrası planlaşdırılan mühüm yol infrastrukturları üçün kifəyət qədər maliyyə məbləğləri ayrılıb. Bunu da Azərbaycanın Qarabağdakı yol çəkilişlərinə nə qədər önəm verdiyi ilə səciyyələndirmək olar. Quru avtomobil xətləri ilə yanaşı Hava məkanında da mühüm işlər həyata keçirilməkdədir. Qarabağdakı loqistika siyasətinin əsasını təşkil edən Beynəlxalq Hava Limanlarının tikintisi olduqca əhəmiyyətli addımlardan hesab olunur. Zəngilanda, Füzulidə, Laçında təməli qoyulan bu aeroportların inşası daxili və beynəlxalq yükdaşımalar üçün olduqca əlverişli olacaq.  Ölkəmizin Sənaye Potensialını da nəzərə alsaq, sənaye məhsullarının Qarabağa idxal və ya ölkədən ixrac olunması çəkilən xərcləri böyük ölçüdə azaldacaq. Zəngilan Hava Limanının əhəmiyyəti xüsusidir. Bu hava xəttinin Zəngəzur Dəhlizi üzərindən keçməsi Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında baş tutan sərnişin və yük daşınmalarını asanlaşdıracaq. Həmçinin Türkiyə ilə iqtisadi əlaqələri də artan xətt ilə müşaiət edəcək. Laçın Hava Limanının mövcudluğu isə birbaşa hərbi mənada Azərbaycanın xeyrinə işləyəcək. Müəyyən hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən hər hansı bir törədiləcək təxribatın qarşısı Laçında və Zəngilanda olan Aeroportların “Bayraktar TB-2” və PUA-larla təmin olunması ilə aviasiya – döyüş imkanları hesabına alınacaq.

Ümumiyyətlə Qarabağda loqistikanın davamlı inkişafı turizm sektoruna da müsbət təsir göstərəcək. Burada gedən işlər, o cümlədən Qarabağın əsrarəngiz təbiəti yerli əhali ilə yanaşı xarici medianın və turistlərin diqqətindən yayınmır. Nəzərə alsaq ki, bölgənin təbii imkanları genişdir və tarixi – memarlıq abidələri baxımından zəngindir. Bu gözəllik əcnəbi qonaqların marağını indidən cəlb edir. Bu kompleks addımlar ölkəyə maliyyə axınını sürətlədirəcək və yaxın gələcəkdə Qarabağı regional turizm mərkəzinə çevirəcək.

Bu gözləntilər Azərbaycan iqtisadiyyatının maliyyə imkanlarını əhəmiyyətli dərəcədə artırır. Əlbəttə biz, xalq olaraq, bu uğurları dövlət ərazi bütövlüyünün bərpa olunması fonunda Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli addımları, ağıllı və uzaqgörən siyasəti hesabına əldə edirik. Azərbaycan tarixinin görkəmli sərkərdəsi kimi yaddaşlara yazılacaq dövlət başçımız Ümumilli Lider Heydər Əliyevin milli ideyalarını məsuliyyətlə və layiqincə yerinə yetirib, tamamlamaqdadır. “Nəyi, necə və nə vaxt” edəcəyini dəqiqliklə bilən Ölkənin Ali Rəhbərinin qeyd etdiyi kimi Azərbaycanın uzunmüddətlik Qarabağ probleminin öz həllini tapmasını biz şərəfli şəhidlik məqamına ucalan igid oğullarımıza və qazilərimizə borcluyuq.

Fuad Qarayev,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,
Magistrant