11 dekabr 2023 10:30
86

Azərbaycan öz istəyinə nail oldu

Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ötən 30 il ərzində ATƏT-in Minsk qrupu formatında danışıqlar aparılıb. Respublikamız danışıqlar prosesində daim yüksək fəallıq göstərib və konstruktiv mövqedən çıxış edib. Torpaq itkisinə məruz qalmasına baxmayaraq, otuz ilə yaxın bir dövrdə danışıqlar prosesində iştirak etməsi ölkəmizin sülhə necə böyük önəm verməsini təsdiqləyir. Azərbaycan danışıqların formal aparılmasının əleyhinə idi. Lakin münaqişənin yaranmasında bilavasitə günahkar olan Ermənistan fərqli mövqe sərgiləyərək işğal rejiminin saxlanmasına çalışırdı. Anlaşılmaz məqam ondan ibarət idi ki, ATƏT-in Minsk qrupu işğalçı Ermənistanla təcavüzə məruz qalan Azərbaycan arasında daim bərabərlik işarəsi qoyurdu. Biz son illərdə beynəlxalq birliyin hansısa bir dövlətin digər ölkənin sərhədlərini pozmasına, ərazisini işğal etməsinə sanksiyalarla müşayiət edilən çox operativ və kəskin münasibət bildirməsinin şahidi olmuşuq. Bəs zor tətbiq etməklə Azərbaycanın ərazisinin 20 faizini öz nəzarəti altına alan Ermənistan nə üçün belə sanksiyalardan kənarda qalmalı idi? Belə ikili standartlar qlobal miqyasda təhlükələrə yol açır. ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə həll olunmurdu. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub.

Azərbaycan bu münaqişəni hərbi-siyasi vasitələrlə həll etdi. “Hərbi variant yoxdur” deyənlərin indi özləri də anlayırlar ki, münaqişənin hərbi yolla həlli var idi. Sadəcə, müəyyən qüvvələr mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun fəaliyyətindəki qeyri-ardıcıllıq diqqət çəkməyə bilməz. Gəlin, xatırlayaq. Minsk qrupunun həmsədrləri olan ölkələrin prezidentləri Akvildə, Muskokada söylədilər ki, status-kvo qəbuledilməzdir. Sonra da bəyan etdilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo artıq qəbul edilir və ATƏT-in Minsk qrupu Ermənistanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20 faizini öz nəzarəti altında saxlaması faktı ilə barışır. Belə görünür ki, beynəlxalq təşkilatların təmsilçiləri Azərbaycan xalqının iradəsinə yaxşı bələd olmayıblar. ATƏT-in Minsk qrupunun həmsədrlərindən fərqli olaraq, Azərbaycan ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmadı. Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünün təmin olunacağına həmişə inandı və qələbəmizə addım-addım yaxınlaşdı. Beləliklə, 44 günlük Vətən müharibəsində Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi

Azərbaycanın müzəffər Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi birləşmələrinə sarsıdıcı zərbələr vuraraq düşməni diz çökdürdü. Döyüş meydanında acizliyini görən düşmən onun üçün kapitulyasiya hesab olunan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Ümumiyyətlə, 44 günlük müharibə Azərbaycanla Ermənistan arasında fərqi bütün cəhətləri ilə ortaya qoydu. Azərbaycan rəhbərliyi öz xalqı və beynəlxalq ictimaiyyətlə həmişə səmimi olub, niyyət və məqsədlərini açıq ifadə edib. Ermənistan rəhbərliyi isə bütün dövrlərdə həm beynəlxalq aləmi, həm də öz xalqını aldadıb. Müharibə dövründə Azərbaycan xalqı bütün məsələlər barədə daim ətraflı məlumatlandırılırdı. Ermənistan hakimiyyəti isə öz xalqını aldatdı və noyabrın 10-da üçtərəfli Bəyanat imzalananda işğalçı ölkənin ictimaiyyəti şok yaşadı. Xatırlatmaq yerinə düşər ki, Ermənistanın baş naziri Nikol Paşinyan zamanında Azərbaycana qarşı 7 şərt irəli sürəndə Prezident İlham Əliyev bu şərtləri rədd etdi və cəmi bir şərt irəli sürdü – işğala son qoyulmalıdır, əks təqdirdə Azərbaycan digər vasitələrlə buna nail olacaq. Beləliklə, Azərbaycan Ermənistanın təxribatlarına əzəli torpaqlarını öz gücü ilə işğaldan tam azad etməklə cavab verdi. Prezident İlham Əliyev Öz sözünü tutdu. Ermənistan kapitulyasiya etdikdən və Azərbaycanın şərtlərini yerinə yetirməyə razı olduqdan dərhal sonra Azərbaycan hərbi əməliyyatları dayandırdı. 1993-cü ildə azərbaycanlıları doğma ev-eşiklərindən heç bir vaxt vermədən, zorla qovan Ermənistandan fərqli olaraq, Azərbaycan torpaqların azad olunmasına vaxt da verdi, hətta Kəlbəcərin boşaldılması üçün verilən müddətin 10 gün uzadılmasına da razı oldu. Öz torpaqlarını işğaldan təmizləyən Azərbaycanın hərbi əməliyyatları düşmən ərazisinə keçirmək imkanları olsa da, ölkəmiz bunu etmədi, çünki bizim belə bir niyyətimiz olmayıb.

Azərbaycan otuz il ərzində münaqişədən, soyqırımından, nifrətdən əziyyət çəkən xalq və ölkə kimi ciddi siyasi iradə göstərdi. Azərbaycan müvafiq komissiyaların yaradılmasını təklif etdi ki, sərhədin delimitasiyası aparılsın. Ancaq Ermənistan buna müsbət cavab vermədi. Bu yeni sülh danışıqları heç bir tərəqqiyə gətirib çıxarmadı. Üç il ərzində bunu etmək olardı. Yenidən yanlış hesablama, yenidən hansısa xarici himayədarlara arxalanma yenidən çətin və mürəkkəb vəziyyət yaratdı. 2020-ci il noyabrın 8-də Şuşa Ordumuz tərəfindən azad olundu və bu, bizim iradəmizin təzahürü idi. Bundan iki gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu. Cari il aprelin 23-də ölkəmiz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratmaqla ərazi bütövlüyünü, 19-20 sentyabr tarixlərində keçirilmiş bir saatdan az davam edən antiterror tədbirləri nəticəsində isə öz suverenliyini bərpa etdi.

Azərbaycanın işğaldan azad olunan ərazilərdə yenidənqurma işlərini aparması artıq ölkəmizə gələn əcnəbi qonalarda da dərin müsbət təəssürat yaradıb. Bu ərazilərdə strateji planlaşdırma, infrastrukturun bərpası, minatəmizləmə işi və insanların bu tezliyə geri qaytarılması inanılmaz fəaliyyətdir. Yeri gəlmişkən, dekabrın 6-da “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda iştirak edən 60-dan artıq xarici qonaq bu haqda öz müsbət fikilərini məmnunluqla bölüşüblər. Onların fikrincə, müasir dövürdə dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur. Buna görə onlar Prezident İlham Əliyevə təşəkkür edirblər. Onu da deyək ki, ADA Universitetində keçirilən forumda Prezident İlham Əliyevin iştirak edib və məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən bu qonaqların suallarını cavablandırıb. Dövlətimzin başçısı Qarabağın işğaldan azad olunmasını zəruri edən amillər və ərazi bötüvlüyümüzün bərpası haqqında geniş danışıb: “Bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı”.

Əlbəttə ki, cənab Prezidentin istəyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü bərpa etmək idi. Bu, bütün dünya azərbaycanlılarının arzu və istəyi idi. Prezident İlham Əliyevin dediyi kimi, artıq Azərbaycan öz istəyinə nail olub. Bundan sonra isə qaçqın və məcburi köçkünlərin evlərinə qayıtması əsas prioritetdir. Bununla bağlı cənab Prezident öz fikrini belə ifadə edib: “Azərbaycan əlindən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər, çünki onlar 30 il ərzində çətin şəraitdə yaşayıblar. Burada söhbət təkcə fiziki durumdan getmir. Söhbət 30 il ərazində doğma evlərindən məhrum edilmiş insanların psixoloji vəziyyətindən gedir. Onlar geri qayıtmaq vaxtını gözləyirdilər və bu gün biz əraziləri azad etdiyimiz üçün əlimizdən gələn hər şeyi edirik ki, prosesi sürətləndirək”.

Qeyd edək ki, forumdan bir gün əvvəl qonaqlar azad olunmuş Zəngilan rayonunun ağıllı və ekoloji cəhətdən təmiz Ağalı kənddə olublar. Qonaqlara “Ağıllı kənd” pilot layihəsinin icrası zamanı nəzərə alınan 5 əsas komponent barədə məlumat verilib və bildirilib ki, bu böyük həcmdə maliyyə tələb kənd Qarabağdakı quruculuq prosesini və Azərbaycan iqtisasiyyatının inkişafını özündə əks etdirir. Həmçinin Zəngilanda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumu çərçivəsində panel müzakirə keçirilib. ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən panel müzakirədə dünyanın müxtəlif ölkələrindəki nüfuzlu beyin mərkəzlərinin və akademik qurumların nümayəndələri iştirak ediblər. Müzakirədə Azərbaycan Respublikası Prezidentinin Şuşa, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, eləcə də Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Xüsusi Nümayəndələri çıxışçısı qismində iştirak ediblər. Müzakirə zamanı Qarabağda aparılan bərpa və quruculuq işləri, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesində Azərbaycan modeli barədə xarici ekspertlərə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Panelistlər repatriasiya prosesindəki dünya təcrübəsindən, işğaldan azad edilmiş ərazilərdəki icma quruculuğu və inteqrasiya prosesindən bəhs ediblər.

Ümumiyyəylə, forumda qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektləri və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqi mövzusunda müzakirələr, sual və cavablar olub. Dövlətimizin başçısının dediyi kimi, azad olunmuş ərazilər şəhərlərin inşası baxımından yeni yanaşma nümayiş etdirəcək. “Bu təcrübə bir çox ölkələr və şəhərlər üçün faydalı olacaqdır, o şəhərlər ki, müəyyən dərəcədə bizimlə eyni vəziyyətdədir”, - deyə cənab Prezident əlavə edib. Bu mövzuda Prezident İlham Əliyevin fikirləri forumda iştirak edən ekspert və tədqiqatçılar üçün çox faydalı olacağı şəksizdir. Çünki Qarabağın işğaldan azad olunması və bərpa edilməsində bir Azərbaycan təcrübəsi var. Eyni zamanda məcburi köçkünlərin qayıdış prosesində də Azərbaycan təcrübəsi özünü göstərməkdədir.

Nurlanə Abdullayeva,
YAP Xətai rayon təşkilatının "General Şixlinski" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü