09 dekabr 2023 10:53
160

Milli dövlətçilik ənənələri

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkədə bir sıra sosial-iqtisadi çətinliklər yaşandı. Qarabağ münaqişəsi, nəmərd qonşularımızın xarici havadarlarına arxalanaraq əsassız torpaq iddiaları mövcud gərginliyi daha da artırırdı. Hakimiyyətə gəlmiş şəxslərin siyasi səriştəsizliyi həmvətənlərimizin zorla dədə-baba torpaqlarından çıxarılması, minlərlə şəhid verməyimiz, günahsız insanların məhvilə nəticələndi. Belə mürəkkəb vəziyyətdən xilas olmaq üçün hakimiyyətə uzaqgörən, təcrübəli siyasətçinin gətirilməsi vacib idi.

Ulu Öndər Heydər Əliyev  uzun illər siyasi işlərdə müxtəlif vəzifələrdə işləmiş, zəngin təcrübəyə sahib şəxsiyyət idi. O, 1982-ci ildən Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdı. Heydər Əliyev   o dövrün siyasi hakimiyyətinə, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti kimi 1987-ci ildə tutduğu vəzifələrdən istefa vermişdi.

90-cı il yanvar hadisələri zamanı Ulu Öndər Heydər Əliyev xalqımıza qarşı törədilmiş bu qanlı hadisəyə biganə qalmayaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, bu cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi. 1990-cı il iyulunda Azərbaycana qayıtmış, 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi seçildi və bu vəzifədə o, 1993-cü ilə kimi çalışdı.

1993-cü il ölkədə baş verən qarışıqlıqlar, yaranmış vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsinin qarşısını almaq məqsədilə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Xalqın etimasını qazanmış müdrik siyasətçi 1998-ci il seçkilərində də yüksək faizlə səs toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü ildə keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Ulu Öndər Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini öz layiqli davamçısı İlham Əliyevin xeyrinə geri götürdü.

Bu gün ölkəmizin sosial-iqtisadi vəziyyətini 30 il əvvəl müstəqilliyini yeni qazanmış Azərbaycanla müqayisə etdikdə bütün sahələrdə sürətli inkişaf, dəyişikliyi müşahidə olunur. Qazandığımız ən böyük uğurumuz isə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Müzəffər Ordumuzun Vətən müharibəsindəki Zəfərimizdir.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri