09 dekabr 2023 01:57
429

Sülhün bir addımlığında...

Ermənistanla Azərbaycan arasında yeni münasibətlər dövrünün başlanması üçün tarixi imkan yaranıb

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabrın 7-də yayılmış birgə açıqlaması iki ölkə arasında dayanıqlı sülhə nail olunması istiqamətində atılmış çox mühüm addım olmaqla yanaşı, həm də özündə bir sıra ilkləri ehtiva edir.

Birincisi, SSRİ-nin dağılması ilə müstəqilliklərini bərpa etdikdən indiyə kimi birinci dəfədir iki ölkənin adından hansısa sənəd yayılır, Azərbaycan və Ermənistanın siyasi hakimiyyətləri birgə bəyanat verir. Özü də heç bir vasitəçinin iştirakı olmadan. Məlum olduğu kimi, keçmiş Qarabağ münaqişəsi hələ Sovet İttifaqı dağılmamışdan əvvəl yaranmışdı. Hətta bir sıra analitiklər ermənilərin milli zəmində başlatdıqları bu münaqişəni yetmiş illik imperiyanın parçalanmasını sürətləndirən amillərdən biri kimi də dəyərləndirirdilər. Yəni, 1991-ci ildən bəri müharibə şəraitində yaşamış Ermənistanla Azərbaycanın adı son birgə açıqlamaya qədər heç zaman yaxşı mənada birlikdə hallanmayıb. Əksinə, adətən qarşılıqlı ittihamedici bəyanatlar səsləndirilib. İstisna kimi yalnız Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş Moskva, Soçi və Brüssel görüşlərinin nəticəsi olaraq danışıqların təşəbbüskarları və vasitəçilərinin də imza atdıqları yekun sənədləri göstərmək olar. Ancaq hadisələrin sonrakı inkişafı da göstərdi ki, bir sıra səbəblərdən əldə edilmiş çoxtərəfli razılaşmaları praktik icra mərhələsinə qədər irəlilətmək mümkün olmur.

İkincisi, ilk dəfədir iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Bu razılığa əsasən,

Azərbaycan humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım kimi 32 erməni hərbçini, Ermənistan isə öz növbəsində eyni prinsiplərlə 2 azərbaycanlı hərbçini azad edir. Sənədin bu hissəsində bir məqam xüsusilə diqqət çəkir ki, azad ediləcək ermənilərin siyahısında vaxtilə dinc azərbaycanlılara qarşı soyqırımı aktlarında və digər ağır cinayətlərdə iştirak etmiş qatı cinayətkarların, həmçinin Qarabağdakı qondarma xunta rejiminin “rəhbərləri” olan separatçıların adları yer almayıb. Görünür, Ermənistanın siyasi hakimiyyəti bu mövzuda Azərbaycanın haqlı və qətiyyətli mövqeyini qəbul edib.

Məlumdur ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra da iki ölkə arasında hərbi əsirlərin mübadiləsi həyata keçirilmişdi. Ancaq həmin vaxt hərbçilərin dəyişdirilməsi sırf humanizm xarakterli idi və etimad mühitinin yaradılmasına xidmət etmirdi. Ancaq birgə açıqlamada iki ölkənin yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin də həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəkləri qeyd edilib. Üstəlik beynəlxalq ictimaiyyət iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırılır.

Nəhayət, birgə açıqlamada ilk dəfə olaraq iki ölkənin beynəlxalq platformada bir-birilərini dəstəkləmələri ilə bağlı razılaşma da öz əksini tapıb ki, bu da Azərbaycanın və Ermənistanın müstəqillik tarixlərindəki münasibətlərində yeni bir dövrün başlanğıcı sayıla bilər. Sənəddə qeyd edilir ki, xoş niyyətin təzahürü olaraq Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycanın namizədliyini, Azərbaycan isə öz növbəsində Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Beləliklə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlaması da sübut edir ki, iki ölkə arasında etimad mühitinin yaradılması, yeni münasibətlərin formalaşdırılması, dayanıqlı sülhə nail olunması və sülh müqaviləsinin imzalanması üçün aparılan danışıqların ən yaxşı formatı birbaşa təmaslardır.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusundakı Forumda da bildirdi ki, Azərbaycanla Ermənistan arasında heç bir vasitəçilik olmadan ikitərəfli format da mümkündür: “Vasitəçilik hər iki tərəfin izah edə bilmədiyi bəzi ideyaların vasitəçi tərəfindən işlənib hazırlanması baxımından faydalı ola bilər. Beləliklə, vasitəçilik prosesi başa çatsa, bu, ikitərəfli formatda olacaq.”

Hətta vasitəçilik missiyasını üzərlərinə götürməyə çalışan beynəlxalq aktorlar da bilirlər ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını ləngidən Ermənistanın siyasi hakimiyyətinin son dövrlərə qədər nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe olub. Çünki Azərbaycan Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra Ermənistana sülh çağırışı edib və hər zaman sülh gündəminə sadiqlik nümayiş etdirib. Bu gün isə hər iki tərəfin son addımları sülhün kifayət qədər əlçatan olmasına ümid yaradır, Ermənistanla Azərbaycan arasında yeni münasibətlər dövrünün başlanması üçün tarixi imkan yaranıb. Cənubi Qafqazın bu iki ölkəsi uzun illərdən sonra sülhün bir addımlığındadırlar. Qalır bircə həmin son addımı atmaq...

Mahir Rəsuloğlu, “İki sahil”