08 dekabr 2023 00:47
418

Bir qütbdən başqa qütbə

Ermənistan bu yolla hara kimi gedə biləcək?..

Qarabağ münaqişəsi başa çatandan və Azərbaycan suverenliyini tam bərpa edəndən sonra regionda sülh üçün tarixi imkanlar yaranıb. Prezident İlham Əliyevin sözləri ilə desək, biz regiona sülhü artıq gətirmişik. Amma müstəqil siyasət yürüdə bilməyən, eyni vaxtda bir neçə ölkənin ətəyindən yapışan Ermənistan özünün xilası olacaq sülh müqaviləsini imzalanmasını gecikdirir. Daha doğrusu, rəsmi İrəvan bölgədə hələ də sülhə qənim kəsilmiş Fransa kimi havadarlarının çaldıqları ilə oynayır.

Sülh sazişi üzrə təklifləri, yəni 20-dən az maddədən ibarət maksimum altı-yeddi səhifəlik bir sənədi 70 gündən artıq müddətdə yubadan Ermənistan elə bu kimi səbəblərdən Azərbaycanın siyasi, diplomatik müstəvidə sülh istiqamətində atdığı addımlara nəinki adekvat cavab verir, əksinə, prosesdən yayınmaq üçün hər cür siyasi, hətta hərbi təxribatlara əl atır. Başqa sözlə desək, iki ölkə arasında münaqişənin sülh yolu ilə həll olunmaması üçün bütün çirkin yollara baş vurur. Bu mənada sülh prosesini pozan təcavüzkar ölkə hazırda barışa zərbə vuran fəaliyyətlə məşğuldur desək yanılmarıq.

Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bu vacib məqama toxunaraq bildirdi ki, Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir: “Onlar hesab edirlər ki, bununla xilas olunacaqlar. Bu, belə deyil. Onlar, sadəcə, digər böyük qardaşı qazanacaqlar. Bu böyük qardaş əvvəlki qardaşdan yaxşı olacaq? Səmimi olaraq deyək ki, bu, belə deyil. O uzaqdadır, bölgəyə o qədər də bağlı olan qardaş deyil və özünün siyasi, bəlkə də şəxsi ambisiyalarının, ideyalarının dalınca gedir. Ən azı Ermənistan öz tərəfindən iradəsini bildirməlidir. Bu, sülh üçün ilk şərtdir”.

Şübhəsiz, bu, yeganə şərt deyil. Belə ki, Azərbaycan sülh sazişindən danışarkən bunun yalnız formal tərəfini fikirləşmir. Belə ki, Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət də istəyir. Prezidentin sözləri ilə desək, çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var: “Onlar keçmiş “dağlıq qarabağ respublikası”nı unutmalı, sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur.”

Yeri gəlmişkən bildirək ki, sözügedən tədbirdə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan ilə Ermənistan münasibətlərinin normallaşması istiqamətində səylərindən də söz açıb: “…Şəxsən mən və Azərbaycan Şarl Mişelin səylərini hər zaman dəstəkləmişik. Onun tərəfindən Brüsseldə bir neçə görüş təşkil edilib. Biz indi mümkün yeni görüşü müzakirə edirik. Mənim köməkçim Hikmət Hacıyev Şarl Mişelin komandası ilə daimi əlaqədədir. Artıq 5-dən çox görüş keçirmişik. Növbəti görüşümüz isə nəticəyönümlü olmalıdır”. Bununla da Azərbaycan bölgədə sülhün və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu bir daha dünyaya bəyan edib. Görünən budur ki, İrəvan istəsə də, istəməsə də, sülh olacaq və bunun təmi­natçısı Azərbaycandır.

Qeyd edək ki, 2023-cü il iyulun 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh müqaviləsi üzrə aparılan danışıqların növbəti raundu baş tutmuşdu. Bununla bağlı mətbuata açıqlama verən Şarl Mişel bildirdirmişdi ki, görüş çox məhsuldar keçmişdir. Belə ki, görüş zamanı iki ölkə liderləri 1991-ci il "Almatı Bəyannaməsi"nə, eləcə də ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini təsdiqləmişdilər. Həmin görüşdən sonra daha bir neçə görüşün keçirilməsi planlaşdırılsa da rəsmi Bakı müəyyən səbəblərdən onlardan imtina etmişdi. Məsələn, elə götürək oktyabrın 5-də keçirilmiş Qranada sammitini. Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin iş­tirak etmədiyi həmin sammitdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq təminatlar təşkil edən müştərək sənədlər imzalanmışdı. Elə Prezident İlham Əliyevin Qranadaya get­məməsinin başlıca səbəbi Parisin ermənipərəstliyi, özünü aşkar tərəf kimi göstərməsi olmuşdur.

Qvami Məhəbbətoğlu, “İki sahil”