08 dekabr 2023 01:58
302

Daha bir mina terroru

Ermənistan müharibə cinayətlərini davam etdirir

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə qədər Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin ərazilərimizə kütləvi şəkildə yeni minalar döşəməsi, bununla da Azərbaycana qarşı mina terroru siyasətini davam etdirməsi hər kəsə məlumdur. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsindən sonra 340 nəfərə yaxın Azərbaycan vətəndaşı ermənilərin mina terrorunun qurbanı olub. Təəssüf ki, bu rəqəm günbəgün artmaqdadır. Çünki ermənilər minaları basdırarkən bütün hiylələrdən istifadə ediblər.

Dekabrın 7-də Şuşa şəhərində Tar sexi adlanan ərazidə növbəti mina partlayışı baş verib. Elektirik təsərrüfatı sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Məlum olub ki, R.Həbibov ayağından xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib. Bildirək ki, təkcə 2021-ci ildə işğaldan azad edilən ərazilərdə Ermənistanda istehsal olunmuş 2 min 728 mina aşkarlanıb və zərərsizləşdirilib. Bunların 1119-u Azərbaycanla Ermənistan arasında sərhəd ərazisində, Kəlbəcər və Laçın rayonlarında, 1609-u isə Qarabağ iqtisadi rayonunun ərazisində aşkarlanıb. Ümumilikdə isə 1-ci Qarabağ müharibəsi dönəmindən bu günə kimi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarında 1,5 milyon mina basdırılmış, 147 988 hektar ərazi yüksək səviyyədə, 675 570 hektar ərazinin isə orta və aşağı səviyyədə çirkləndirilmişdir. Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində 3 min 415 nəfər azərbaycanlı mina hadisəsinin qurbanı olub. Onların 357 nəfəri uşaq, 38 nəfəri qadındır. 10 noyabr 2020-ci il bəyanatından ötən 3 ilə yaxın müddətdə Ermənistan mina terrorunu bir gün da olsun dayandırmayıb. Əvvəlcə Ermənistan hakimiyyəti “mina xəritələri”nin olmasını danıb, daha sonra Azərbaycanın tələbi qarşısında guya bəzi “mina xəritələri”ni təqdim edib, ancaq məlum olub ki, onlar yalançı, saxta xəritələrdir və reallığı əks etdirmir. Ermənistan 30 ilə yaxın dövr ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki şəhər və rayonları yalnız işğal altında saxlamaqla kifayətlənməyib, işğalçılar insanlarımızın həyat və sağlamlığına zərər vermək məqsədilə həmin əraziləri kütləvi şəkildə minalayıblar. Vətən müharibəsi başa çatandan sonra Azərbaycanın qarşısına qoyduğu əsas vəzifələrdən biri də məhz işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. İndiyədək 20 faizdən çox ərazi minalardan təmizlənib. Proses bu gün də sürətlə davam etməkdədir. Statistikaya əsasən, 2020-ci il noyabrından bu ilin sentyabrın 1-nə qədər isə 95 318 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, 93 410 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra artıq gorbagor olmuş qondarma rejimin həmin ərazilərdə əlavə minalar basdırdığı üzə çıxıb. 480 km-dən artıq təmas xətti boyunca yerləşdirilən yarım milyondan artıq mina heç də təsadüfi partlayıcı və ya partlamamış hərbi sursatlar deyil. Ən son məlumata görə, Azərbaycan Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlayıblar. İnzibati binalara baxış keçirilən zaman bunların qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırıldığı üzə çıxıb. Bundan əvvəl isə məlum olub ki, aprelin sonunda - Laçın dövlət sərhədindən buraxılış məntəqəsi yaradılmazdan əvvəl, Ermənistan yeni istehsal olunmuş minaları Qarabağa çatdırmaq üçün Laçın yolundan sui-istifadə edib. Minalar müharibə silahı kimi istehsal olunsa da, görünən odur ki, qurbanların yalnız 10 faizi hərbçilərdir. Düşmən məhz mülki sakinləri, o cümlədən qadın və uşaqları, təsərrüfat işləri ilə məşğul olan insanları hədəfə alıb.

Qeyd edək ki, bu minaların zərərsizləşdirilməsi çox böyük səylər tələb edir. Belə ki, ermənilər ərazilərimizdə “sürpriz” minalardan daha çox istifadə ediblər. “Sürpriz” minalar dedikdə tank əleyhinə və digər minaların zərərsizləşdirilməsini mümkünsüz edən qurğu nəzərdə tutulur. Bundan başqa, onlardan “əlavə yükdən azad olunma zamanı işə düşən mina tələsi” kimi istifadə etmək mümkündür. Bu metod əvvəlcə tank əleyhinə, onun üzərində isə piyada əleyhinə minanın basdırılmasını nəzərdə tutur. Tank əleyhinə (və ya digər) minanı quraşdırıldığı yerdən çıxarmağa cəhd edəndə ilk növbədə alt hissədə yerləşdirilən “sürpriz” mina partlayır, bu da öz növbəsində üst tərəfdə yerləşdirilən əsas minanın partlamasına və ikiqat zərərin yaranmasına səbəb olur. Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Həmin konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür. Bunun üçün beynəlxalq birlik tərəfindən Ermənistana qarşı təzyiq mexanizmləri işə salınmalıdır.

Sevinc Azadi, “İki sahil”