08 dekabr 2023 02:15
312

Ayının min oyunu...

Fransa Ermənistanı qurban seçib

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, Cənubi Qafqaz regionunda tezliklə sülhün və sabitliyin təmin edilməsində maraqlı olması Ermənistana havadarlıq edən beynəlxalq dairələri ciddi narahat edir. Azərbaycanın uğurlarını həzm edə bilməyib paxıllıqdan qıvrılan qüvvələr arasında Fransa daha çox seçilir.  Rəsmi Paris bölgədə yenidən gərginliyin yaradılmasında,  beynəlxalq müstəvidə ölkəmizin imicinə zərbə vurmaq üçün əl atmadığı yol qalmayıb.

Fransa bu prosesə bütövlükdə Avropa İttifaqını (Aİ) cəlb etməyə çalışır. Bu yaxınlarda İrəvanda Avropa İttifaqının monitorinq missiyasının hüquqi statusuna dair sazişin imzalanması da buna xidmət edir. Aİ missiyasının Ermənistanda gücləndirilməsi Fransanın və Avropadakı digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunudur. Görünən odur ki, dünyada baş verən proseslər fonunda Ermənistan “manevrlər” etməyə çalışır. Paşinyan hakimiyyəti Aİ-yə sığınmaqla Fransanın regionda tam yerləşdirilməsinə cəhd edir. Çünki missiyanın statusuna dair sazişin imzalanması göstərir ki, əslində bu, mülki deyil, hərbi yönümlü missiyadır. Fransanın Ermənistanı silahlandırması da bunu təsdiqləyir. Aİ-nin missiyasının Ermənistana göndərilməsində Fransanın birbaşa rol oynaması buna dəlalət edir. Missiyanın bu ölkəyə göndərilməsinin ardından, Parisin silahlandırma siyasəti gerçək məqsədləri ortaya qoymuş oldu. Burada məqsəd Ermənistana hərbi dəstəyi davam etdirmək və İrəvanı yeni təxribatlara sövq etməkdir. 

 Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş  Beynəlxalq Forumda bildirib ki, Ermənistana silah təchiz edən Fransa və Hindistan kimi ölkələr hazırda odun üstünə yağ tökür və Ermənistanda reallıqdan uzaq xülyalar yaradır ki, guya onlar həmin silahlardan istifadə edərək Qarabağı geri ala bilərlər.

Dövlətimizin başçısı deyib: “Mən həmin silahların keyfiyyəti ilə bağlı təfərrüatlara varmaq istəmirəm, baxmayaraq ki, onların hansı növ silah olmasını bilirəm. Lakin hətta əgər çox müasir silahlar olsa belə, onların şansı olmayacaq, çünki müharibə və onun nəticəsi silahla deyil, insanlar və onların əzmkarlığı ilə həll edilir. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın öz bəyanatlarına görə, erməni ordusunda döyüş meydanında 12 min fərari oldu, Azərbaycan Ordusunda isə sıfır. Beləliklə, onların şansı yoxdur. Bir sözlə, mənim onlara mesajım ondan ibarətdir ki, qoy burada, regionda elə vəziyyət yaratmasınlar ki, bizə hər hansı ziyan vurmağın planlaşdırılmamasından əmin olaq! Hələ ki, biz əmin deyilik. Bu səbəbdən, biz reaksiya vermirik. Fransanın Ermənistana heç kəsin almaq istəmədiyi zirehli maşınların təchiz olunmasını müşahidə edirik. Onlar bizə hər hansı təhlükə ehtiva etmir. Lakin əgər görsək ki, zərərli ola biləcək hər hansı ciddi qurğu olarsa, biz cavab verməli olacağıq və mən bu haqda hər kəsi məlumatlandırmışam ki, sonradan şikayət olmasın. Biz cavab verməli olacağıq, çünki hər ölkə öz xalqını müdafiə etməlidir və ümid edirəm ki, bu cür cavaba ehtiyac qalmayacaq. Lakin bunun üçün yeni böyük qardaş rolunu oynamaq istəyən Ermənistanın yeni havadarlarına öz gözəl paytaxtında oturub dincəlməsi, rahat olması məsləhətlidir.”

Göründüyü kimi, Ermənistanın son zamanlar daha çox silahlanmağa üz tutması və bu prosesin sürətləndirilməsini, bir tərəfdən, Azərbaycan Ordusunun parlaq Qələbəsi ilə başa çatmış Vətən müharibəsi zamanı silah və texnikası məhv edilmiş erməni əsgərinin silahsız qalması ilə izah etmək olar. Rusiya-Ukrayna müharibəsi və Ermənistanın Rusiya ilə münasibətlərinin pozulması fonunda Moskvanın əvvəlki kimi Ermənistana silah yardımı etməməsini də nəzərə alsaq, İrəvan başqa ölkələrdən silah almaqla bu boşluğu doldurmalı idi. Ekspertlər də Fransanın son günlər  Ermənistana “Bastion” tipli 24 zirehli texnika göndərməsini, eləcə də iki ölkə arasında üç GM2-200 radarına dair sifariş imzalaması və “Mistral” zenit-raket komplekslərinin tədarükü üçün danışıqlar aparmasını səhv addım hesab edirlər. 

Fransanın dünyada, xüsusən də İs­lam dininə etiqad edən ölkələrdə sürət­lə nüfuzdan düşməsinin bir səbəbi də Prezident Emmanuel Makronun yürütdüyü islamofob siyasət­lə bağlıdır. Fransada neokolonializmlə yanaşı, islamofobiya və irqi ayrı-seçkilik geniş vüsət alıb. Fransa cəmiyyətindəki Yaxın Şərq və Afrika mənşəli insanla­rın bir çoxu müxtəlif formada təzyiq və ayrı-seçkiliyə, irqçi hücumlara məruz qalırlar. Fransa qoşunlarının bu yaxın­larda Mali, Niger və Burkina-Fasodan çıxarılması onun Afrikadakı neokolonia­list, həmçinin islamofob siyasətinin nəti­cəsidir. Qeyd edilməlidir ki, ölkədə miqrant­lara qarşı zorakılıq, antisemitizm halları güclənib. Nifrət zəminin­də cinayətlərin sayı artıb. Ölkənin müsəlman əhalisinə, Afrika əsilli vətəndaşlara, digər etnik və dini qruplara münasibətdə ayrı-seçki­lik halları kəskinləşib.

Fransa dünyada özünü söz azadlığının və demokratiyanın carçısı kimi təqdim etsə də, jurnalistlərin fəaliyyətinə maneçilik törətməkdən, onları təqib etməkdən və təzyiq altında saxlamaqdan, hətta təhdidlərə məruz qoymaqdan çəkinmir.  Fransız müstəmləkəsi Yeni Kaledoniyada yerli polisin oraya ezam olunmuş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovaya münasibətdə nalayiq, qəddar rəftarı, ona qarşı qanunsuz davranışı - Şengen vizası olmasına baxmayaraq, əsassız tələblər irəli sürməsi Fransanın söz və ifadə azadlığına dözümsüzlüyünün aşkar göstəricisi, növbəti bariz nümunəsidir. Baş vermiş hadisə bir daha təsdiqləyir ki, özünü dünya demokratiyasının beşiyi sayan Fransa ali dəyər və prinsiplərə qətiyyən məhəl qoymur. AZƏRTAC-ın əməkdaşının saxlanılması, həbslə hədələnməsi, “arzuolunmaz şəxs” kimi təyyarəyə mindirilərək digər ölkəyə yola salınması jurnalistin sərbəst fəaliyyətinin qarşısının qeyri-qanuni yolla alınmasıdır. Belə yanaşma yalnız diktatura rejiminə xas ölkələr üçün xarakterikdir. Düşünməyə əsas var ki, ümumən Prezident Emmanuel Makronun administrasiyası Yeni Kaledoniyada, belə demək mümkünsə, avtoritarizm ocağı qurmaqdadır. Bu isə Fransa adına da son dərəcə utancverici durumdur.

Makronun öz ölkəsinin əha­lisi arasında da nüfuzunu sürətlə itirdiyi məlum olur. Fransa Prezidentinin bu cür narazılıq dalğası fonunda vəzifəsində sonadadək qalacağı suallar doğurur. Fransa tarixinə ən uğursuz, yarıtmaz idarəçilik illəri “bəxş edən” Makronun impiçmenti məsələsinin artıq daha çox insan tərəfindən gündəmə gətirilməsi bu mənada təsadüfi hesab olunmamalıdır. Hö­kumət baş verənlərdən nəticə çıxar­maq əvəzinə, qərəzli və birtərəfli mövqe ortaya qoyur. İrəvanı si­lahlandırmaq kimi riyakar siyasət yürüdən Makron iqtidarı regionda gərginliyin artmasına, Ermənistan­da revanşizmin güclənməsinə xid­mət edir. Ancaq onun ölkə daxilində siyasəti uğursuz olduğu kimi, xarici siyasəti, o cümlədən Ermənistan–Azərbaycan münasibətlərində oy­nadığı destruktiv rol uğursuzluğa,  Cənubi Qafqazla bağlı ümidləri isə iflasa  məhkumdur.

Yaqut Ağaşahqızı, “İki sahil”