07 dekabr 2023 00:21
248

Azərbaycanın ərazi bütövlüyünün imza ilə təsdiqlənməsini gözləyirik

Dövlət başçısı İlham Əliyev ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumdakı çıxışında bir daha bildirdi ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil

Dünyanın diqqəti yenidən Azərbaycana yönəlib. Bu fikir daim müqayisəli təhlil əsasında qeyd edilir ki, əvvəlki illərdə həqiqətlərimizi beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bu və ya digər ölkələrə səfər etməyə ehtiyac duyulurdusa, bu gün artıq vəziyyət tamamilə fərqlidir. Elə həftə, gün yoxdur ki, ölkəmiz hansısa mövzu ilə bağlı beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməsin. Bu, ölkəmizin artan nüfuzunun, beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin təqdimatıdır. Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdə davam edir. Bu, həm ikitərəfli əməkdaşlıqda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin genişləndirilməsində özünü aydın şəkildə nümayiş etdirir.

ADA Universitetində ənənəvi olaraq keçirilən beynəlxalq konfranslar və forumlar Azərbaycanla bağlı bütün həqiqətlərin iştirakçılara çatdırılmasında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevun bu tədbirlərdə iştirakı və çıxışı, sualları əsaslı şəkildə, təmkinlə cavablandırması ölkəmizlə bağlı dolğun məlumatların əldə olunmasına geniş imkanlar yaradır. ADA Universitetində dekabrın 6-da “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçirildi. Forumda dünyanın 30 ölkəsindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloqlar iştirak etdilər. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olundu, qlobal dünyanın əsas çağırışları ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı İlham Əliyevin çıxışında 30 illik işğal dövründən bu günədək keçilən yolun reallıqları öz əksini tapdı. Düzgün qurulan siyasət hər bir ölkənin qarşısında geniş imkanların açılmasında əsas faktordur. Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın tarixi Zəfərinə yol açdı. Azərbaycanın hər sahədə təcrübəsi nümunədir və siyasi, iqtisadi, humanitar mərkəzə çevrilməsində mühüm rol oynayır. Ölkəmiz möhtəşəm Qələbəsi ilə regionun və dünyanın siyasətində dəyişiklikləri bir zərurətə çevirdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Regional təhlükəsizliyin bu gün Azərbaycanda müzakirə edilməsi ölkəmizin söz sahibliyinin təqdimatında öz sözünü deyir.

Forumun mövzusu postmünaqişə dövrünün reallıqlarını özündə əks etdirir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri müasir tələblər çərçivəsində həyata keçirilir. Azad edilmiş ərazilərdə ən son texnologiyalardan istifadə edilir. Üç il əvvəl, müharibə bitəndən dərhal sonra dövlət başçısı İlham Əliyev “Qarabağı yenidən quracağıq və yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik” çağırışını etdi. İndi bu, həyata keçirilir. Biz şəhərlərimizi və kəndlərimizi smart texnologiya platformasına əsaslanaraq tikirik və yenidən qururuq. Şəhər və kəndlərimiz “ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında bərpa edilir. Artıq Zəngilan rayonunun Ağalı kəndi ilk “ağıllı kənd”dir. Cənab İlham Əliyev ilk gündən soydaşlarımız üçün ən yüksək səviyyədə şəraitin yaradılmasının vacibliyini bildirdi. O da qeyd olundu ki, bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik.

Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında da bu məqama xüsusi diqqət yönəldərək bildirdi: “Biz də çalışırıq əlimizdən gələni edək ki, məcburi köçkünlər üçün maksimal həyat şəraiti yaradılsın, onlar buna layiqdirlər. Onlar, həmçinin psixoloji sarsıntı keçiriblər.” Bunun da davamı olaraq minalar məsələsinə diqqət yönəldərək vurğuladı ki, biz istəyirik proses mümkün qədər tez getsin. Lakin biz anlayırıq ki, ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan irəli gələrək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin ən yaxşı şəraitləri yaratmaqla buna nail olmalıyıq.

O da məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilən zaman idarəçilik sistemində təkmilləşmə prioritet məsələ kimi öndə dayandı. İlk olaraq Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada Prezidentin şəxsi nümayəndəliyi fəaliyyətə başladı. Bu, prosesin səmərəliliyinin artırılmasında, nəzarətin gücləndirilməsində əhəmiyyətli rola malikdir. Prezident İlham Əliyev azad edilmiş rayonların Baş planlarının hazırlanması prosesinə şəxsən nəzarət etməklə, bütün detalların nəzərə alınmasına, prosesin müasir şəhərsalma trendlərinə uyğunlaşdırılmasına çalışır. Bu ərazilərin Ümumi Planı artıq təsdiqlənib. Azad edilmiş torpaqlarda qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir.
Artıq Qarabağın, Şərqi Zəngəzurun həyatında yeni dövr zənginliyi ilə diqqət çəkir. Bu baxımdan ki, həm minalardan təmizlənmə işləri həyata keçirilir, həm avtomobil, dəmir və hava yollarının tikintisi və istifadəyə verilməsi həyata keçirilir, həm də bu torpaqların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Milli Prioritetlər təsdiqlənərək uğurla icra edilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, tezliklə bu ərazilərimizdə 30 ilin işğalını özündə əks etdirən dağıntıları deyil, müasir tələblər səviyyəsində qurulan, bərpa edilən şəhərləri, kənd və qəsəbələri görəcəyik.

Cənab İlham Əliyev Forumda onu da qeyd etdi ki, biz keçmiş məcburi köçkünləri layiqli iş yerləri ilə təmin edə, şərait yarada bilərik. Həmin sahələrdə məşğulluq məhz vacib məsələdir. Bir halda ki, qayıdış prosesini planlı həyata keçiririk və qayıtmış insanların əksər hissəsi artıq bu iş yerlərinə malikdir. Bu, onu göstərir ki, tətbiq edilmiş yanaşma tamamilə əhatəlidir.

İkinci Qarabağ müharibəsindən sonrakı illər ərzində Qarabağ ermənilərini öz vətəndaşlarımız hesab etdiyimizi xatırladan dövlətimizin başçısı bildirdi ki, bu, hər hansısa separatçı liderlər tərəfindən manipulyasiya predmetinə çevrildi. Biz isə onlara elə bir şərait yaratmağa hazır olduğumuzu bildirdik ki, onlar həmin o sahədə qalıb yaşaya bilərdilər və bu, beynəlxalq hüquqa tam uyğun idi. Təbii ki, onlar bu qaydalara uyğun olaraq Azərbaycan vətəndaşlığı üçün müraciət edə bilərdilər. O ki qaldı, onların təhlükəsizliyinə, hüququna, bu məsələ də öz həllini tapmışdır. Təhlükəsizlik Azərbaycanın Konstitusiyasına və Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq təmin edilməlidir.

Azərbaycan hər zaman hazırda tarixin arxivinə atılan Qarabağ münaqişəsinin həllində sülh variantına üstünlük verirdi. Heç zaman qan tökülməsini istəməyən Azərbaycan dövləti 30 il qarşı tərəfdən ədalətli mövqe, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həllini gözlədi. Cənab İlham Əliyevin daim çıxışlarında qeyd olunduğu kimi, artıq son illərdə münaqişənin həlli ilə bağlı danışıqların aparılması heç bir məna daşımırdı. Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm bəyanatları, təhqiredici addımları ilə açıq-aşkar münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını bildirirdi. Baxmayaraq ki, işğalçı Ermənistana havadarlıq edən dövlətlər münaqişənin hərb yolu ilə həllinin olmadığını bildirirdilər, Ermənistanın baş naziri bunun əksinə olaraq münaqişənin diplomatik həllinin mümkünsüzlüyünü bəyan edirdi. Azərbaycan dövləti, xalqı Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdə hücumlarından sonra artıq səbrin tükənməz olmadığını nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, «Artıq yetər» söyləyib «Azərbaycan əsgəri, irəli!» əmri verildi. Azərbaycan Ordusu daim Ali Baş Komandanın bu əmrini gözləyirdi. Onların döyüş ruhu, şücaəti 44 günlük müharibənin gedişində özünün aydın mənzərəsini yaratdı. Dövlət başçısı İlham Əliyev Forumda bir daha diqqəti tarixi Zəfərimizə yönəldərək bildirdi ki, biz regiona sülhü artıq gətirmişik. Onu müharibə yolu ilə etmişik: “Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik.” İşğal dövründə Minsk qrupunun həmsədrlərindən münaqişənin hərbi yolunun olmaması ilə bağlı vahid mövqe eşitdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, hər üç ölkənin yanıldığını sübut etdik. Dövlətçilik tarixlərinə, beynəlxalq təcrübələrinə və onların BMT Təhlükəsizlik Şurasının üzvləri olmalarına baxmayaraq yanılırdılar: “Bu, yanlış qiymətləndirmə idi. Azərbaycana müəyyən bir mesaj idi ki, siz hərbi yola əl atsanız buna müvəffəq olmayacaqsız. Lakin biz bunu sübut etdik ki, bu münaqişənin hərbi yolu var. Bu münaqişə 3 il bundan əvvəl həll edildi.”

Azərbaycan bu gün bir neçə beynəlxalq çağırışla üzləşir. Cənab İlham Əliyev çıxışında bu məqama da diqqəti yönəldərək təəssüf hissi ilə qeyd etdi ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıq yaşayırıq: “Biz öz mövqeyimizi onlara çatdırırıq və bütün ölkələrə qarşı beynəlxalq hüququn şamil olunmasının vacibliyini qeyd edirik. Bu, selektiv olmamalıdır, onun həyata keçirilməsi hamı üçün məcburidir. Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə həll edib. Bu, Azərbaycanın suveren hüququ idi ki, öz ərazisinə tam şəkildə nəzarəti həyata keçirsin.”

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı həqiqətlərimizin təbliğində zəngin mənbədir. Belə ki, Forumda müxtəlif məsələlərlə bağlı fikirlərini açıqlayan dövlətimizin başçısı Azərbaycanın Ermənistana təklif etdiyi, beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsinin imzalanması məsələsindən bəhs etdi. “Bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmamışdı. Ən azı 2020-ci ilin noyabrında belə bir şey yox idi, mən bunu çox aydın şəkildə deyə bilərəm” söyləyən cənab İlham Əliyev iki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmalı olduğunu vurğuladı: “Otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq”. Sülh müqaviləsinin prinsiplərini tərtib edib Ermənistana göndərildiyini, lakin yenə də sükut olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil.

Hər bir məsələnin həllində ədalət və beynəlxalq hüquq əsasdır. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına səbəb də dünyanın ikili standartlara əsaslanan siyasətidir. Hazırda arxivə atılmış ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin işğalçı Ermənistana maddi və mənəvi dəstəklərinin davamlı olması problemlərin dərinləşməsində öz sözünü dedi. ABŞ Konqresi hər il Ermənistana ayırdığı vəsaitlərin miqdarını artırsa da, bunu müxtəlif adlar altında ört-basdır etməyə çalışır. Hansı ki, bu ölkəni təmsil edən bəzi beynəlxalq hüquq təşkilatları Qarabağı Ermənistanla Azərbaycanın müştərək ərazisi kimi qeyd edirdilər. Ermənistana belə sığallar davam etdikcə ədalətdən, beynəlxalq hüquq normalarından xəbərsizliyi daha qabarıq şəkildə özünü nümayiş etdirdi. Ermənistanın yeni ərazilər uğrunda yeni müharibə planları bu prinsiplərdən “xəbərsizliyinin” nümayişidir. Xatırlasaq 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə Ermənistanın baş naziri Nikol Paşinyan xarici mətbuata müsahibəsində jurnalistin beynəlxalq hüquqla bağlı sualını böyük çaşqınlıqla qarşılayaraq heç də utanmadan “Beynəlxalq hüquq mövcuddurmu?” cavabını vermişdi. Təbii ki, bu da başadüşülən idi. 30 illik işğal dövründə havadarlarından yalnız sığal görən, törətdiyi faciələrə görə heç bir təzyiqlə üzləşməyən işğalçı dövlət üçün beynəlxalq hüquq deyilən məfhum olmayacaq.

44 günlük İkinci Qarabağ müharibəsində, həmçinin bir gün davam edən lokal antiterror tədbirlərində Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha sübut olundu ki, ədalət və beynəlxalq hüquq mövcuddur, sadəcə bunun tətbiqi üçün vahid mexanizm olmalıdır.

Postmünaqişə dövrünün reallıqları Fransa, ABŞ kimi kiçik dövlətlərə ədalət və beynəlxalq hüquq dərsi keçən güclərin özünün bu prinsiplərdən xəbərsiz olduğunu təsdiqləyir. Yenə də işğalçı dövlətə dəstəklər davam edir. Cənab İlham Əliyev Forumdakı çıxışında “Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar” söyləyərək onu da bildirdi ki, Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər: “Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər.”

Dövlət başçısı İlham Əliyev çıxışında Azərbaycanın iqtisadi uğurlarının fonunda siyasi müstəqilliyinin möhkəmləndirilməsindən, işğaldan azad edilmiş ərazilərimizdə bundan sonra daha da sürətləndirilməsi əsas hədəf olan bərpa işlərindən bəhs edərək bu mühüm məqamı da açıqladı ki, bu gün türk dünyasının birliyi, həmrəyliyi əsasdır. Bu birlik hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa işlərində də özünü nümayiş etdirir.

Azərbaycanın reallığa çevirdiyi enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir. Ölkəmizin tranzit imkanları genişlənir. Bu isə öz növbəsində yeni əməkdaşlıq formatlarının yaradılmasında öz sözünü deyir. “Azərbaycan ərazisi bir çox Mərkəzi Asiya dövlətləri tərəfindən prioritet hesab edilir. Gördüyümüz işlər bizə bütün növ yüklərin daşınmasına imkan yaratdı” söyləyən cənab İlham Əliyev bildirdi ki, Mərkəzi Asiyadan gələn yüklər Azərbaycan ərazisindən keçir. Xəzər dənizi bizi ayıran yeganə maneədir. Lakin müasir texnologiyalarla istehsal etdiyimiz gəmilər bunun da aradan qaldırılmasına imkan yaradacaq. Bizim böyük sərmayə layihələrimiz həyata keçirilir. Ölkə Prezidenti bunu çox müsbət və yeni nəticələrə gətirib çıxaracaq reallıq hesab etdi.

Dövlət başçısı İlham Əliyevin ADA Universitetində keçirilən Forumdakı çıxışında səsləndirdiyi fikirlərə söykənərək Azərbaycanın hazırkı inkişaf dövrünün hər kəsi məmnun edən şəkildə davam etdiyini böyük inamla söyləyirik. Hara baxsaq yeni texnologiyaların yaratdığı reallıqları görür və bundan məmnun qalırıq. Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri əsasında dünyaya təkmil şəhərsalma təcrübəsini təqdim edir. “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum Azərbaycanın ümumilikdə bütün sahələrdə zəngin təcrübəsini bir daha dünya ictimaiyyətinə çatdırdı.

Yeganə Əliyeva, “İki sahil”