07 dekabr 2023 00:46
234

Qarabağda əsas maneə basdırılmış minalardır

Azərbaycan ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə minaların və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsinə ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün də real təhlükə yaradır. Mina və partlamamış hərbi sursatların təmizlənməsi ağır zəhmət, uzun və yorucu əmək tələb edən işdir. Eyni zamanda, böyük vəsait tələb edir.

Ermənistanın bütün minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi və bütün hərbi əməliyyatların dayandırıldığının elan edilməsindən sonra da minaların, mina tələlərinin və digər partlayıcı maddələrin davamlı yerləşdirilməsi vəziyyəti daha da ağırlaşdırıb və insan tələfatının sayını artırıb. İşğaldan azad olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bütün bunlarda məqsəd daha çox insanı qətlə yetirmək üçün partlayışın dalğasını maksimum böyütməkdir. Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan yerləri də minalamışdı. Bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir.

Prezident İlham Əliyevin dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib ki, müharibədən sonra ermənilər yüzlərlə minanı məhz təmas xətti olacaq yerlərdə basdırıblar, yəni, separatçı qüvvələrlə Azərbaycanın Silahı Qüvvələri arasında olan yerlərdə: “O minalar 2021-ci ildə Ermənistanda istehsal olunub. Biz Rusiya sülhməramlılarını və Türkiyə monitorinq missiyasının üzvlərini dəvət etdik, həmin minaları onlara göstərdik. Bu onu göstərir ki, erməni terroru davam edir.” Azərbaycan Prezidenti onu da bildirib ki, Qarabağda əsas maneə basdırılmış minalardır. Bundan başqa, bizim üçün hər hansı bir maneə yoxdur.

Azərbaycan üzləşdiyi mina təhlükəsi problemini müxtəlif beynəlxalq platformalarda mütəmadi olaraq qaldırır. Bununla bağlı Bakıda beynəlxalq tədbirlər keçirilir. Elə dekabrın 6-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumu keçirilməsi buna nümunə hesab oluna bilər. Sözügedən tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, bu gün dünyada 60-dan çox ölkə mina və partlamamış sursatlardan əziyyət çəkir və Azərbaycan bu siyahıda ilk sıralardadır. İlkin məlumatlara görə, hazırda ərazilərimizdə 1,5 milyondan çox mina və PHS var. Minalar və partlamamış hərbi sursatlarla ərazilərimizin çirklənməsinə beynəlxalq ictimaiyyətin etinasız yanaşması, minalar səbəbindən bərpa və quruculuq işlərinin gecikməsi, insanlarımızın öz doğma yurdlarına qayıtmasının yubanması yaşamaq hüquqlarının pozulmasına səbəb olur.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə deyib ki, bu gün dünya qlobal istiləşməni, ekoloji fəlakətləri, quraqlıq və su resurslarının azalması kimi məsələləri müzakirə edirlər, amma unudurlar ki, insanların ölümünə səbəb olmaqla yanaşı, flora və faunanın məhvinə səbəb olan amillərdən biri də minalardır. Bu mənada beynəlxalq ictimaiyyətin dünyada baş verən hadisələrə münasibəti birqiymətli deyil. Azərbaycan qlobal ekologiyanın yaxşılaşmasına töhfə verir, daha təmiz enerji resurslarından istifadə etmək üçün əlindən gələni edir. Yaşıllıq sahələrinin artırılması istiqsmətində müxtəlif tədbirlər həyata keçirilir, yeni meşə zolaqları salınır. Amma ermənilər 54 hektar meşə sahəmizi məhv ediblər, minalarla, partlamamış hərbi sursatlarla ərazilərimizi çirkləndiriblər.

Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bu günə qədər mina və partlamamış sursatlardan təmizlənmiş ərazilərin sahəsi, zərərsizləşdirilən mina və PHS-lərin sayı barədə məlumat verib. Qeyd edib ki, ərazilərimizin minalardan təmizlənməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 5 dayanıqlı inkişaf proqramı var. Bu proqramlar gələn ildən həyata keçiriləcək.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı rəhbərinin müavini Rəşid Rumzadənin sözlərinə görə, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrlərdə Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulması faktları ilə əlaqədar tərəfimizdən ümumilikdə 18 hesabat, 29 bəyanat, 7-si videomüraciət olmaqla 60 müraciət hazırlanıb, xarici dillərdə Ombudsman tərəfindən verilmiş açıqlamaların sayı isə 300-dən çoxdur. Beynəlxalq təşkilatlar tərəfindən göstərilən dəstək də bu işə adekvat deyil. Buna görə də beynəlxalq ictimaiyyət hər kəsin yaşamaq, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq kimi fundamental insan hüquqlarının müdafiəsi naminə ikili standartlardan əl çəkməli və Azərbaycana münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər.

Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixindən bu günə kimi 338 nəfər mina və müharibənin digər partlayıcı qalıqlarının qurbanı olub, onlardan 65 nəfər həyatını itirib, 273 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Azərbaycan ərazilərinin mina və partlayıcı sursatlarla çirklənmə səviyyəsinə görə dünya ölkələri arasında ilk sıralarda yer alır. İlkin hesablamalara görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1,5 milyona yaxın mina yerləşdirilib və 9 min kv.km-ə yaxın ərazi minalarla çirklənib. 2020-ci ilin noyabr ayından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 114 400.9 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. Ümumilikdə 110 347 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 795 piyada əleyhinə mina, 18 582 tank əleyhinə mina və 60 970 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. 

Nigar Orucova, “İki sahil”