07 dekabr 2023 00:58
246

Fransızsayağı demokratiya

Bu günlərdə AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsi və polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılması Fransa rejiminin söz və ifadə azadlığına olan münasibətinin növbəti göstəricisi oldu

Bu gün Fransada media azadlığı sahəsində ciddi problemlərin mövcud olduğu hər kəsə məlumdur. Parisdə nəşr edilən “Charlie Hebdo” adlı satirik jurnalında dünyanın müxtəlif ölkələrinin liderlərinin təhqir olunmasını, yaxud məsxərəyə qoyulmasını Fransa hökuməti bir qayda olaraq söz azadlığı ilə əlaqələndirir. Amma polis ölkədə etiraz aksiyalarını işıqlandıran istər yerli, istərsə də beynəlxalq jurnalistlərə təzyiq göstərməkdən, onların hüquqlarını kobud şəkildə pozmaqdan, hətta zor tətbiq etməkdən belə çəkinmir. Bu ilin mayında və digər vaxtlarda Parisdə baş verən hadisələrdə jurnalistlərin döyülməsi, təhqir olunması, gözyaşardıcı qazlardan xəsarət alması buna misaldır. Bu, Fransa hakimiyyətinin söz azadlığına münasibətinin göstəricisidir və sübut edir ki, ərazisində “Sərhədsiz Reportyorlar” təşkilatı kimi qurumlara qərargah verməklə özünü sadəcə olaraq söz, mətbuat, fikir azadlığının müdafiəçisi kimi beynəlxalq ictimaiyyətin gözünə soxmağa çalışır. Lakin baş verənlər sözdə insan hüquq və azadlıqlarından dəm vuran, siyasi eqoizmlə yeni müstəqil dövlətlərə "demokratiya dərsi" vermək istəyən Fransanın bugününə və gələcəyinə qara ləkə kimi yazılacaq hadisələrdir. Keçmişi isə utancverici hadisələrlə yetərincə zəngindir…

Bu günlərdə AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsi və polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılması Fransa rejiminin söz və ifadə azadlığına olan münasibətinin növbəti göstəricisi oldu. Bu barədə Medianın İnkişafı Agentliyinin bəyanatında bildirilib. Qeyd olunub ki, jurnalistin məhz Azərbaycandan gəldiyini əsas götürərək peşəkar fəaliyyətinə müdaxilə edilməsi və polis nəzarəti altında saxlanılaraq təyyarəyə minənədək müşahidə altında olması hadisənin siyasi sifariş olduğunu deməyə əsas verir. Vurğulanıb ki, bu, Fransada müxtəlif tədbirləri işıqlandıran jurnalistlərin, o cümlədən Azərbaycan media təmsilçilərinin peşəkar fəaliyyətinə maneçilik törədilməsi, onların informasiya əldə etmək hüququnun kobud, qeyri-qanuni üsullarla qarşısının alınmasına yönəlmiş növbəti addımdır.

Azərbaycan Mətbuat Şurası AZƏRTAC-ın əməkdaşına qarşı nalayiq rəftarı, onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasını qətiyyətlə pisləyib. Bildirilib ki, baş vermiş hadisə bir daha təsdiqləyir ki, özünü dünya demokratiyasının beşiyi sayan Fransa ali dəyər və priniplərə, qətiyyən, məhəl qoymur: “Belə yanaşma yalnız diktatura rejiminə xas ölkələr üçün xarakterikdir. Düşünməyə əsas var ki, ümumən prezident Emmanuel Makronun administrasiyası Yeni Kaledoniyada, belə demək mümkünsə, avtoritarizm ocağı qurmaqdadır. Bu isə Fransa adına da son dərəcə utancverici durumdur”.

Həmçinin bildirək ki, jurnalist bir sutka polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” kimi ölkədən çıxarılıb. Təbii ki, məhz Bakıdan gəldiyi üçün jurnalistin ölkəyə girişinə icazə verilməyib. Çünki Fransa dövləti Yeni Kaledoniya və Fransanın digər koloniyalarında getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizə barədə həqiqətlərin yayılmasını hər vasitə ilə məhdudlaşdırmağa çalışır. Jurnalistimizin məhz dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Yeni Kaledoniyaya daxil olmasına qadağa qoyulması da məhz bu amillə bağlıdır. AZƏRTAC-ın əməkdaşının polis nəzarəti altında saxlanılması və təyyarəyə minənədək müşahidə altında olması da bu tapşırığın birbaşa Fransa dövləti tərəfindən verilməsinə dəlalət edir. Bu, müstəmləkəçilik siyasətindən əl çəkməyən Fransanın məkrli niyyətinin daha bir təzahürüdür. Fransa jurnalistimizə qarşı bu məhdudiyyətləri tətbiq etməklə, ona hədə-qorxu gəlməklə və qatı cinayətkarlara olan davranışı nümayiş etdirməklə dövlət səviyyəsində fundamental insan hüquqlarına və söz azadlığına əsl düşmən münasibətini aydın şəkildə nümayiş etdirdi.

Xatırladaq ki, bu Fransada baş vermiş ilk belə hal deyil. Öz peşə fəaliyyətlərini yerinə yetirən azərbaycanlı jurnalistlər dəfələrə bu cür hücumlara hədəf olublar. Belə ki, bu ilin iyun ayında Fransada Azərbaycan Televiziyasının əməkdaşları ciddi təzyiq və hücuma məruz qalmışdılar. Akkreditasiyadan keçmiş və qanuni fəaliyyətlərini icra edən zaman jurnalistlərin çəkiliş kamerası əllərindən alınmış, sındırılmış, hətta onlar silahla təhdid olunmuşdular. Fransada azərbaycanlı jurnalistlərə qarşı namərd hücumu törədənlər hələ də müəyyən edilərək məsuliyyətə cəlb olunmayıblar. Göründüyü kimi, rəsmi Paris akkreditə olunmuş media mənsublarının təhlükəsiz formada qanuni peşə fəaliyyətinə təminat verməyə borclu olduğu halda özünün dövlətdaxili hüquq və beynəlxalq hüquqla müəyyənləşən öhdəliklərini kobud şəkildə pozmaqda davam edir. Bundan əvvəl də Azərbaycanın Fransadakı səfirliyinə hücum edilmişdi. Bütün bunlar bir daha sübut edir ki, fundamental dəyərlərdən - insan haqları və demokratiyadan dəm vuran Fransa özü söz və mətbuat azadlığını boğanlara, terrorçu qruplara və ya terroru, separatizmi dəstəkləyən cinayətkar xislətli təşkilatlara qucaq açır, onları bəsləyir. Şübhəsiz ki, burada diskiriminasiya və islamafob düşüncə tərzinin dövlət səviyyəsində digər millətin nümayəndələrinə olan nifrətdən irəli gəldiyi açıq-aşkar görünür. Bu səbəbdəndir ki, Fransada Makron hakimiyyətinə qarşı insanların açıq mübarizə apardığının tez-tez şahidi oluruq. Bu da fransızların dövlətə etimadının hər gün bir az daha azaldığını göstərir. Təəssüfedici məqam isə ondan ibarətdir ki, bütün bunlara qərb mediası, beynəlxalq təşkilatlar heç bir reaksiya vermir. Qərbin və Avropanın insan haqlarını müdafiə edən və bizə qarşı qərəzli hesabatlar yayan dairələrinin Fransadakı bu özbaşınalıqlara göz yumması, normal hal kimi qarşılaması riyakarlığın və ikiüzlülüyün aşkar sübutudur.

Sevinc Azadi, “İki sahil”