07 dekabr 2023 01:36
330

Köhnə hamam, köhnə tas...

Ermənistan nəinki sülh danışıqlarında konstruktivlik nümayiş etdirmir, əksinə düşmən ölkədə revanşizm cəhdləri artmaqdadır

Bir müddət əvvəl Avropa Parlamentində, İspaniyanın Qranada şəhərində və Gürcüstanda guya sülh gündəmində maraqlı olduğunu bəyan edən baş nazir Nikol Paşinyanın məqsədi əslində həmişəki kimi Ermənistanla Azərbaycan arasında danışıqları pozmaq, sülh müqaviləsinin imzalanmasını ləngitməkdir. Çünki Paşinyanın verdiyi açıqlamalarla əməlləri yenə də tərs mütənasibdir. O,  münasibətlərin normallaşması prosesində ənənəvi olaraq qeyri-konsrtuktiv yol tutmaqdadır. Bunu Ermənistanın siyasi hakimiyyətinin son davranışları və bu ölkədə revanşizm meyillərinin yenidən baş qaldırması da sübut edir.

Hazırda sülh müqaviləsinin imzalanmasını ləngidən faktorlara gəlincə, əsas maneə yenə də Ermənistanın Qərbə meyillənməsi və danışıqları məhz Qərbin vasitəçiliyi ilə davam etdirmək istəyindən qaynaqlanır. Çünki vasitəçidən daha çox tərəf kimi çıxış edən ermənipərəst Fransa və Almaniyanın iştirakı səbəbindən baş tutmamış Qranada görüşündən sonra Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə də bir araya gəlmələrinin alınmamasının da çox ciddi səbəbləri var. Azərbaycanın öz suveren ərazisində separatizmin aradan qaldırılması məqsədilə keçirdiyi lokal antiterror tədbirlərindən sonra Aİ-nin Cənubi Qafqazdakı proseslərə ikili standartlarla yanaşması özünü açıq müstəvidə büruzə verməkdədir. Bir tərəfdən regiona “sülh arzulayan” həmin dairələr, digər tərəfdən xüsusilə Azərbaycana qarşı düşmənçilik münasibəti sərgiləyən Fransa başda olmaqla sürətlə Ermənistanı silahlandırmağa çalışırlar. Qərbin bu addımının Azərbaycandan daha çox üçüncü tərəfə, Ermənistanın son vaxtlar “körpüləri yandırmaqda” olduğu Rusiyaya qarşı olduğu da məlumdur. Ancaq nəticə olaraq Nikol Paşinyan vəziyyətdən müharbədən sonra döyüş qabiliyyətini itirmiş ordusunu gücləndirmək üçün istifadə etməyə çalışır. Üstəlik, Qərbin hadisələrə ədalətsiz, Ermənistanın xeyrinə yanaşması düşmən ölkədə revanşizm meyillərinin artmasına da səbəb olub. Məsələn, son vaxtlara qədər Ermənistanda Qarabağı öz istəkləri ilə tərk etmiş ermənilərin heç bir institutsion qurumunun fəaliyyətinə imkan verməyəcəyini bildirən Paşinyan hökuməti indi Azərbaycanda ləğv edilmiş separatçı xunta rejiminin qondarma “parlamentinin” İrəvanda iclas keçirməsinə şərait yaradır. Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, Samvel Babayanın “partiyasının” üzvü, “parlamentin sədr müavini” Qaqik Baquntsın sədrlik etdiyi iclasda iki “deputat” and içərək “mandat” alıb. Separatçılar özlərinin ləğv etməyə məcbur olduqları xunta rejiminin guya hələ də fəaliyyət göstərdiyini nümayiş etdirmək üçün beynəlxalq platformada “qayıdışla” bağlı məsələlər qaldıracaq “komitə” yaradıblar. Maraqlıdır, əgər Nikol Paşinyan sülh gündəmində həqiqətən səmimidirsə o zaman niyə sözünün üstündə durmur? İrəvanda sepratçıların, necə deyərlər, meydan sulamasına niyə mane olan yoxdur?

Daha bir məsələ. Dekabrın 6-da Ermənistanın Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsi bu ölkədə əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovla bağlı cinayət işinə baxıb və onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Məhkəmə Zəngəzur Mis Molibden Kombinatının mühafizəçisi Ayrapet Meliksetyanın vərəsələrinin apellyasiya şikayətini təmin edib. Beləliklə də birinci instansiyanın hökmü ləğv edilərək H.Axundova ömürlük həbs cəzası verilib.

Xatırladaq ki, ordumuzun hərbi qulluqçuları Aqşin Bəbirov və Hüseyn Axundov 2023-cü il aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Bir neçə gün sonra

Ermənistan Müdafiə Nazirliyi əsgərlərimizin bu ölkədə saxlandığını etiraf etdi, sosial şəbəkələrdə və yerli mediada isə ermənilərin əsir götürdükləri hərbçilərimizi vəhşicəsinə döymələri, onlara ağır işgəncə vermələri ilə bağlı görüntülər yayıldı.

Daha sonra Ermənistan məhkəməsi mayın 8-də saxta ittihamlarla A.Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə H.Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib. İndi Hüseyn Axundovun cəzasının dəyişdirilərək daha da ağırlaşdırılması Paşinyan hökumətinin sülh danışıqları ilə bağlı necə riyakar mövqe tutduğunu bir daha göstərir.

Deməli, yenə erməni yalanları, yenə köhnə hamam, köhnə tas. Ən pisi isə odur ki, işğalçı Ermənistanın nazı ilə oynayan Qərb dövlətlərindən heç biri bu işğalçı ölkədə revanşizmin yenidən baş qaldırmayacağına və siyasi hakimiyyət tərəfindən dəstəklənməyəcəyinə zəmanət vermir. Bu isə çox ciddi problemdir.

Dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda keçirilən Beynəlxalq Forumda Prezident İlham Əliyev də bildirib ki, Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır: “Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var.”

Bəli, biz hansı proseslərin baş verdiyini yaxşı bilirik. Ancaq Ermənistan da, onun bəzi Avropa paytaxtlarındakı “müşavirləri” də bilməlidirlər ki, Azərbaycan daha xarici aktorlardan ümid gözləyən, asılı dövlət deyil, öz həqiqətlərini və Cənubi Qafqazın gələcək taleyini diktə edən tərəfdir. Bu reallığı nə qədər tez qəbul etsələr, bu, elə Ermənistanın özü üçün bir o qədər əlverişlidir.

Mahir Rəsuloğlu, “İki sahil”