07 dekabr 2023 02:58
274

Uyma Qərbin felinə…

Ermənistan öhdəliklərini yerinə yetirməsə çox şey itiricək

Qırx dörd günlük müharibədən sonra 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə Bəyanatı imzalansa da tərəflər arasında bu günə kimi yekun sülh sazişinə nail olunmayıb. Çünki Ermənistan götürdüyü öhdəliklərə əməl etməyərək zaman-zaman törətdiyi təxribatlarla iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını ləngidib. 

Əslində 2020-ci il noyabrın 10-da və 2021- ci il yanvarın 11-də imzalanan sənədlər bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını əhatə edir. Razılaşmanın məzmunu Ermənistan və Azərbaycan arasında Sovet dönəmində yaradılan nəqliyyat əlaqələrinin, ilk növbədə dəmiryol və avtomobil nəqliyyatı əlaqələrinin bərpa edilməsini nəzərdə tutur. Buna uyğun olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizi qurulmalı, kommunikasiya xətləri bərpa olunmalı, avtomobil yolunun qurulması və dəmir yolunun inşa edilməsi kimi məsələlər həll edilməlidir.

Çox təəssüf ki, Ermənistan öz öhdəliklərini pozaraq hələ də destruktiv addımlar atmaqda davam edir. Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı bir daha vurğulayıb ki, Ermənistan öz öhdəliklərini yerinə yetirmir: “Mən Ermənistanın baş nazirindən dəfələrlə soruşmuşam ki, onlar nəyə görə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər? Doqquzuncu maddəyə uyğun olaraq, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqə yaradılmalıdır. Orada, həmçinin qeyd olunub ki, nəzarəti kim təmin edəcək və Paşinyanın özü bunu imzalayıb. İndi isə bu, artıq mümkün deyil. Nə həmin marşrut var, nə də Rusiyanın iştirakı. Yəni, əslində, bu, hüquqi baxımdan artıq qüvvəsini də itirmiş kimidir. Çünki öhdəlik var, amma onlar öhdəliyi yerinə yetirmirlər”.

Ermənistanın bu yanaşmasından sonra Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqə yaradılması, Naxçıvan vasitəsilə Türkiyəyə çıxışın əldə edilməsi üzərində düşündüyünü və bununla bağlı İran tərəfi ilə keçidin inşası üçün razılığa gəlindiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, Ağbənd kəndində avtomobil nəqliyyatı üçün körpünün təməlqoyma mərasimi keçirilib: “Sonra dəmir yolu nəqliyyatı üçün körpü olacaq. Yəni, burada Ermənistan çox şey itirir. Bu, nəinki Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantını təmin edəcək, əslində, beynəlxalq daşımalar dəhlizinə çevriləcək. Bu o deməkdir ki, Azərbaycan ilə Türkiyə arasında bağlantı yaradılır. Ermənistan özünü bundan məhrum etdi, həmçinin Azərbaycanla bütün digər kommunikasiyaların açılmasından məhrum edir”.

Əslində bu dəhliz mühüm bir layihə olaraq böyük strateji əhəmiyyət kəsb edir. Təxminən 30 illik fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq. Bu da Azərabycanın strateji, iqtisadi, və siyasi məqsədlərinin daha sürətlə reallaşmasına yol açacaq. Ölkəmizin başçısı qeyd edib ki, Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil: “Ermənistanın hazırda iki variantı var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur”.

Bütün bunların Ermənistan Qərbdəki yeni qeyri-səmimi “böyük qardaşlarının”, “bacılarının” felinə uyaraq dekonstruktiv hərəkətlərinə, özünütəcridetmə siyasətinə son qoymalı, regionda davamlı sülhün bərqərar olması üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək kommunikasiyaların açılmasına şərait yaratmalıdır.

Zahid Rza, “İki sahil”