06 dekabr 2023 02:57
299

«The Washington Post»: Sorosun şər-böhtan ruporu

Ağ Evə, ABŞ Konqresinə, Senatınadək yol tapan erməni lobbisinin haram pullarından şirniklənən, «yalan postundan» Azərbaycana çamur atan bayquş yuvası

SSRİ-nin bütün dünyaya meydan oxuduğu zamanlarda Kremldə hamının biri-birinə zarafatla söylədiyi, sonralar aforizmə çevrilən «Qəzetlə milçəyi də öldürmək olar, naziri də» sözləri məcazi mənada anlaşılsa da həqiqətə oxşayan tərəfi də var idi. Milçək məsələsi bəllidir. «Qəzet- nazir» məfhumunun da səbəbləri var. Bir çox ölkədə «dördüncü hakimiyyət» hesab edilən mətbuata rəsmi, vəzifəli şəxslərin xüsusi «ehtiyatla» yanaşmasını çoxları müşahidə ediblər. O illərdə işində azacıq nöqsana yol verənlər ilan ala çatıdan qorxduğu kimi tanınmış qəzet və jurnallardan yan keçərdilər. Çünki qəzetdə dərc olunan yazıda adları çəkilən, neqativ əməlləri üçün cavab verməli olan rəsmilər «Bəxtiyar» filmindəki fırıldaqçı, maşennik Ağabala kimi «Vay dədəm vay, atova lənət, «Kirpi» deyərək kreslolarına vida edirdilər.

İllər ötüb, zaman dəyişilib. İndi dünyada tanınan, milyonlarla oxucuları olan xarici ölkələrin sifarişlə işləyən KİV-ləri, sosial şəbəkələri fərdləri deyil, ölkələri hədəf seçirlər. İdeoloji təxribatları ilə «kirpi» cildinə girərək bütöv bir dövlət haqqında istədikləri yalanları, böhtanları həqiqət kimi qələmə verirlər. Sonra isə həmin ölkəyə qarşı ikili standartlardan qaynaqlanan təxribat kampaniyaları başlayır.

Müxtəlif illərdə, ayrı-ayrı ölkələrdə yazılı və elektron mətbuatla, agentliklərlə bağlı simpoziumlar, konfranslar keçirilsə də, informasiya təhlükəsizliyinin qorunması üçün önəmli müzakirələr aparılsa da, təkliflər irəli sürülsə də yenə də KİV-lərdə «Köhnə hamam, köhnə tas» sindromu davam edir.

Bu günlərdə Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi Çinin Quancou şəhərində keçirilən 5-ci Dünya Media Sammitində sadiq qaldığı prinsiplərdən asılı olmayaraq medianın obyektivliyi, operativliyi ilə bağlı məsələ müzakirə olunub. Beynəlxalq aləmdə tanınmış Sinxua agentliyinin ev sahibliyi, 101 ölkədən 450-dən çox qonağın iştirakı, «Qlobal etibarlılığı artırmaq, medianın inkişafını təşviq etmək» devizi altında keçirilən sammitdə medianın müasir problemləri, yeni çağırışlar fonunda jurnalistlərin üzləşdiyi çətinliklər, medianın cəmiyyətin həyatında vacib sosial məsuliyyəti, ciddi jurnalistikanın saxta informasiya yayımı ilə mübarizədə səylərinin artırılmasının vacibliyi ilə bağlı məsələlər müzakirə olunub. Bildirilib ki, Dünya Media Sammiti kimi platformalar müxtəlif ölkələri və xalqları bir araya gətirərək sülh və inkişafa dialoq vasitəsi ilə nail olmağın yollarını axtarmağa imkan verir. Təki təşkil olunan dialoqlarda, KİV-lərdə dərc edilən yazılarda dünya siyasətinin aktual mövzuları həqiqi mənada oxuculara çatdırılsın, obyektivlik təmin olunsun.

Dövlət İmtahan Mərkəzi və İnkişaf Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Asiya-Sakit Okean Təlim Mərkəzinin (APCICT/ESCAP) birgə təşkilatçılığı «İnformasiya təhlükəsizliyi və məxfilik» mövzusunda keçirilən Milli təlimdə də informasiya təhlükəsizliy ilə bağlı maraqlı müzakirələr diqqəti cəlb edir. Dekabrın 4-5-də keçirilən iki günlük Milli təlimdə Dövlət İmtahan Mərkəzinin Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında nəzərdə tutulan vəzifələrdən ətraflı bəhs olunub. 40-dan çox dövlət orqanını təmsil edən nümayəndələrin iştirakı ilə keçirilənt təlimdə informasiya təhlükəsizliyi ilə bağlı təhdidlər və çağırışlar, informasiya təhlükəsizliyi siyasətinin əhəmiyyəti, yaradılması və həyata keçirilməsinə dair tələblər və digər ölkələrdə beynəlxalq informasiya təhlükəsizliyi təşkilatları tərəfindən müəyyən edilən məxfiliyin qorunması standartları haqqında mövzular iştirakçılara çatdırılıb.

Beynəlxalq əhəmiyyətli bu cür tədbirlərin keçirildiyi günlərdə ABŞ-nin «The Washington Post» qəzetində növbəti dəfə Azərbaycana qarşı sərt ittihamlarla dolu redaksiya məqaləsinin dərc edilməsi Birləşmiş Ştatların «demokratiyaya sadiqliyinin», «obyektivliyinin» nümunəsidir. Azərbaycanda guya söz azadlığının olmadığının, korrupsiya hallarının geniş vüsət aldığının, ölkədə siyasi motivli həbslərlə bağlı iddiaların qeyd olunduğu məqalə ölkəmizə qarşı növbəti ideoloji təxribatdır.

Bəllidir ki, «The Washington Post»da Azərbaycanla bağlı yazılar erməni lobbisinin sifarişi ilə hazırlanan çızmaqaradır. Müəyyən siyasi və maliyyə dairələrinin əlində vasitə olan qəzet sponsorlarının tapşırığı ilə hədəfə aldığı ölkəmiz haqqında mənfi imic formalaşdırır. Məqalələrdə İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran, BMT tərəfindən tanınan ərazilərini Ermənistanın işğalından azad edən Azərbaycanın «militarist ölkə», Qarabağın «mübahisəli ərazi» kimi təqdim edilməsi ikili standartların, ədalətsizliyin amerikansayaq ən çirkin ssenarisidir. İlk baxışdan hiss olunur ki, məqalə jurnalist peşəsinin prinsiplərindən, yaradıcılıq qabiliyyətindən məhrum, elə millitarist erməni əməkdaşların, xüsusilə Azərbaycana qarşı xüsusi qərəzi və böhtanları ilə seçilən Devid İqnatius kimi çızmaqarıçının qaranlıq zehninin məhsuludur.

Okeanın o tayında Azərbaycan –Türkiyə birlyinin əleyhinə yazıları ilə məhşurlaşan, tarixdə baş verməyən «erməni soyqırımı» məsələsindən bu həmrəylik əleyhinə istifadə edən böhtançı, qələminə hörmət etməyən bu zay jurnalistlər boşboğaz, «fake news» sahibləridirlər. Böhran vəziyyətinə düşən, maliyyə imkanlarını bu cür sifarişli yazılar dərc etməklə düzəldən, korrupsioner kimi tanınan qəzetin 230-dan artıq əməkdaşının işdən azad edilməsi də deyilənləri təsdiqləyir. Saxta faktlara əsaslanan yazıları ilə auditoriyasını, nüfuzunu, sayı minimuma enən oxucularını itirən, bu cür «feyk» yazıları ilə «azad media» adına ləkə salan, «amerikansayaq demokratiyaya»sadiq çirkab yuvası olan qəzet Azərbaycan üçün adi kağız parçası effektindədir. «Laçın yolunun açılması tələbi», «Ermənilərin yenidən soyqırımı ilə üzləşməsi iddiaları», «Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsi» kimi erməni lobbisinin sifarişi ilə dərc olunan yazılarda Azərbaycanın dünya birliyi tərəfindən etiraf olunan həqiqətləri erməni yalanlarının pərdəsi arxasında gizlədilir. Fəaliyyəti ilə «reket jurnalistikası» adını doğruldan qəzetin qaragürühçu əməkdaşlarının heç bir mənbəyə istinad etmədən Azərbaycan haqqında iftiralarla dolu yazılarından Ağ Evdə yerləşən ABŞ agentura şəbəkəsinin, ermən lobbisinin, USAİD-in mənfur, dağıdıcı dəst-xətti duyulur.

Uzun fasilədən sonra ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbinin Bakıya gəlişi ilə aranı qarışdıran, Sorosun ruporu «The Washington Post» gülü burnunda diplomatın müjdəsini qara gətirdi. Ağ Evə, ABŞ Konqresinə, Senatınadək yol tapan erməni lobbisinin haram pullarından şirniklənən, «yalan postundan» Azərbaycana çamur atan, Vətən müharibəsində can-ciyərləri, kapitulyasiya aktını imzalamağa məcbur qalan ermənilər üçün «müdafiə xətti» yaradan qəzet ABŞ rəsmiləri kimi Prezident İlham Əliyevin müstəqil siyasətini, iradəsini, qətiyyətini həzm edə bilmr. Buna görə də belə çirkin kampaniyalar təşkil etməklə absurd iddialarını cəfəng yazıları ilə tirajlayır. Olsun. Yel qayadan heç nə apara bilməz.

Azərbaycana qarşı ədalətsizcəsinə qarşı mübarizə aparan, xüsusilə müstəqil olmayan media şirkətlərini obyektivliyə səsləyən Prezident İlham Əliyevin tövsiyələrini bu çirkab yuvasında səs-səsə verən bayquşlara da xatırladaq: «Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun… Amma rəhbərlərinizin dediklərinə hər zaman əməl etməsəniz, bəlkə daha yaxşı olardı.»

Xuraman İsmayılqızı, «İki sahil»