08 noyabr 2023 11:05
341

Azərbaycan tarixinə yazılan möhtəşəm gün…

Qarabağın döyünən ürəyi…

Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti olan Şuşa şəhərinin əsası XVIII əsrin ortalarında qoyulub. Tarixi mənbələrə görə, Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri xanlığı fasiləsiz müharibələrdən qoruya bilmir. Qarabağ tarixini araşdıran Azərbaycan tarixçiləri yazırlar ki, dəniz səviyyəsindən 1400-1800 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verdiyindən, Pənahəli xan şəhəri elə burda salır. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad adlandırılsa da, sonralar Şuşa çağrılıb. Şəhərin cənub tərəfi hündür və horizontal düzənlikdir. Bura “Cıdır düzü” adlanır. Şuşanın yerləşdiyi sahə isə 350 hektardır. Şəhərə ancaq bir nəqliyyat yolu var idi: Ağdam-Əskəran-Xocalı-Xanbağı-Ağa körpüsü-Şuşa yolu.

Qarabağ xanlığı Rusiya-İran müharibəsi nəticəsində Araz çayının şimalındakı digər xanlıqlarla birlikdə XIX əsrin əvvəllərində Rusiya imperiyasına birləşdirilib. Azərbaycanda Sovet dövlətinin ilk illərində 1921-ci ildə Şuşa yeni yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirilib. Lakin bu qərar 1923-cü ildə dəyişdirilib və mərkəz Xankəndinə köçürülübdür. Xanlıq və sovet dövründə şəhər əhalisinin əksəriyyəti azərbaycanlılar olub. Burada kilsə və məscidlər, karvansaralar, muzeylər bir çox tarixi abidələr mövcud olub. 

Mədəniyyətimizə böyük sənətkarlar, diplomatiyamıza uzaqgörən siyasətçilər, hərbimizə böyük qəhrəmanlar bəxş edən Şuşada Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Xurşidbanu Natəvan, Həmidə xanım Cavanşir, Əhməd bəy Ağaoğlu kimi məşhur,  bir çox tanınmış ziyalılar məhz bu torpaqda dünyaya göz açıbdır. Bir çox mənbələrdə qeyd edilir ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılıb. Həmçinin həmin dövrdə tar, kamança, ud, nağara və digər musiqi alətləri istehsal edən yeganə Şərq Milli Musiqi Alətləri Fabriki fəaliyyət göstərib. Şəhər işğal olunana qədər orada onlarla muzey, bir neçə orta və ali təhsil müəssisəsi, məktəb və kitabxanalar olub. 

Şuşa XX əsrdə 3 dəfə erməni təcavüzünün qurbanı olub. 1905-1907-ci illərdə şəhər ermənilər tərəfindən hücuma məruz qalıb və yandırılıb. 1920-ci ildə şəhərin xeyli hissəsi daşnaklar tərəfindən dağıdılıb. Hələ sovet hakimiyyəti illərində ermənilər tərəfindən Şuşadakı tarixi abidələrimiz dağıdılmış, laqeydlik Şuşanın iqtisadi baxımdan tənəzzülü ilə nəticələnib. Şuşa şəhərinin yenidən dirçəldilməsi yalnız 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər gəldikdən sonra mümkün olub.

Ölkə Prezidenti cənab İlham Əliyev qeyd edirdi ki, “Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır… Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir”. 

Bildirək ki, Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən Şuşada həmin dövrdə 25 min nəfərədək azərbaycanlı yaşayırdı. Mayın 8-nə keçən gecə təcavüzkar erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının 40 zirehli texnikasının bilavasitə iştirakı və köməyi ilə Şuşa şəhərini işğal etmək planını həyata keçirməyə başlayıb. Səhər saat 6-dək şəhər intensiv artilleriya atəşinə məruz qalıb. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Nəticədə, dağlar gözəli, Azərbaycanın musiqi beşiyi olan qədim şəhərimiz xain düşmənin əlinə keçib. 

Biz Azərbaycanın bu dilbər guşəsinə əbədilik qayıtıq !

Xalqımızı böyük kədərə, sarsıntıya salan Şuşa şəhərinin işğalı 28 ildən çox bir zaman kəsiyində olsa da, bu işğalla barışmayan xalq olaraq  Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın və işğal altındakı bütün torpaqlarımızın azad ediləcəyinə hər zaman inanmışıq. İllər sonra, 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu ermənilərin çoxdan həddini aşmış təxribatlarını dəf etmək məqsədilə öz torpaqlarını işğaldan azad etməsi uğrunda apardığı əks-hücum əməliyyatı ilə Vətən müharibəsinin başlanması və 44 gündə digər ərazilərimizdə daxil olmaqla, Şuşa şəhərinin də işğaldan azad edilməsi ilə başa çatdı. Bu möhtəşəm xəbəri Ali Baş Komandan Fəxri xiyabanda Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə ehtiram bildirməklə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizələrimizin rəmzi olan Şəhidlər xiyabanından elan etməsi bir daha təsdiqlədi. Həmin an Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirdi:  “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq..., Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.  Bəli, o an, o tarix, unudulmaz, əbədi yaddaşlara, tarixlərə yazılan - 8 Noyabr Zəfər Günü… Bu məqaləni yazanda sadəcə bir hiss vardı ürəyimdə, qürur, fəxarət hissi… Sevincliyik ki, biz bu tarixin şahidi olaraq Zəfər günlərini, Qələbə sevincini yaşadıq. Bu hissi nə ədəbiyyat, nə də tarix kitablarından oxumadan öyrəndik. Dövlət-xalq-ordu birliyinin, “Dəmir yumruq” gücünün nələrə qadir olduğunu bütün dünyaya göstərdik. Bu yenilməzliyi, cəsarəti, sadəcə bir mənbədən aldıq, o da Vətən sevgisindən…   

Azərbaycan musiqisinin beşiyi öz zümzüməsinə qovuşdu…

Şuşaya əbədi qayıdışımız  elə-belə deyildi, biz bu şəhərə tarixi ənənələri ilə, doğma musiqisi ilə, hər anını, xatirəsini geri qaytararaq qayıtmışdıq. Bunun əyani sübutu illər öncə bu torpaqda keçirilən ilk dəfə xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayan “Xarıbülbül” beynəlxalq musiqi festivalı sonuncu dəfə 1992-ci ilin may ayında keçirilmişdi. Şuşanın rəmzi sayılan xarıbülbül gülünün adını alan bu festival uzun illərdən sonra, 2021-ci ilin may ayının 12 və 13-də Cıdır düzündə təşkil edildi. Dinlədikcə hüsnünə, gözəlliyinə doyumu olmayan, səslənən “Qarabağ” şikəstəsi, “Bayatı-Şiraz” və digər milli muğam və mahnılarımız öz tarixi ənənəsi ilə doğma yerinə, uca sıldırımlı dağ-qayalarına qayıtmışdır. Bütün Qarabağ möhtəşəm Azərbaycan muğamına hakim kəsildi… 

Bildiyimiz kimi, milli birlik və həmrəyliyimizi simvolizə edən “Xarıbülbül” musiqi festivalı əbədi yaddaşlara yazıldı. İllər sonra Şuşamız, Qarabağımız doğma ölkəsinə, öz əzizlərinə qovuşdu. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Şuşanı yenidən görmək bizə nəsib oldu. Bu, böyük xoşbəxtlikdir. Əlbəttə, bir daha görürük ki, Şuşa əsl Azərbaycan şəhəridir. Çünki burada Azərbaycan ruhu hiss olunur. Memarlıq abidələri, bulaqlar, – baxmayaraq ki, ermənilər o bulaqların naxışlarını dəyişmişdilər, yazıları da silmişdilər, – amma yenə də burada hər tərəf, necə deyərlər, Azərbaycan mədəniyyəti ilə qaynayır. Biz əbədi qayıtmışıq, burada əbədi yaşayacağıq...”.   

Səriyyə SALAHOVA,
Culfa Rayon Mədəniyyət Sarayının direktoru