07 oktyabr 2024 15:50
117

Azad Cəbrayılda bu gün genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır

4 oktyabr- Cəbrayıl şəhəri günüdür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Ölkə başçısı müraciətində oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, Cəbrayıl rayonunun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu bildirib.Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu şücaət göstərmiş və düşməni geri çəkilməyə məcbur etmişdir. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb və bütün Azərbaycan xalqı bu günü böyük qürur hissi ilə qeyd edir.

Məlumat üçün bildirək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Cəbrayıl şəhərini və rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə bir edib, ekoloji terror törədib.Ərazisi 1050 kvadratkilometr olan rayon erməni quldur birləşmələrinin işğalına məruz qalmışdı. Bir şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olan rayonun həmin vaxt 52 min 604 nəfər əhalisi var idi. Ermənistanın təcavüzkar xislətinin və vandalizm hərəkətlərinin bariz nümunəsi ilə digər işğal bölgələrində olduğu kimi Cəbrayıl rayonunda da üzləşmək mümkündür. İşğal dövründə Cəbrayıl tamamilə dağıdılıb, tarixi-dini abidələri yerlə-yeksan edib. İşğal dövründə rayonun 72 ümumtəhsil məktəbi, 8 xəstəxanası, 132 tarixi abidəsi, 150 mədəniyyət ocağı, 100-ə yaxın kəndi insanlığa sığmayan vandalizm əməlləri nəticəsində tar-mar olub. Qeyd etmək lazımdır ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən cəmi üç ay sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin olunub.

İyirmi yeddi illik həsrətdən sonra 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının erməni terrorçularından təmizlənməsi Ordumuzun şücaətinin nəticəsidir. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, minlərlə əsgər və zabit Prezidentin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. 2020-ci ilin payızı xalqımızın həyatında ən unudulmaz və daim yaddaşlarda yaşayan mövsüm kimi həmişə xatırlanacaq. Erməni qəsbkarlarının işğalı altında olan müqəddəs Qarabağ və Şərqi Zəngəzur torpaqları uğrunda haqq savaşı məhz həmin günlərdə başlandı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusu düşmən hücumunu dəf edərək əks-hücuma keçdi. Əsgərlərin və zabitlərin göstərdiyi şücaət sayəsində Füzuli və Cəbrayıl istiqamətində bir-birinin ardınca kəndlər, yaşayış məntəqələri, strateji mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Vətən müharibəsində Zəfər marafonunun bünövrəsi məhz həmin günlərdə qoyuldu. Müharibənin səkkizinci günü – oktyabrın 4-də isə Prezident İlham Əliyevin müraciəti uşaqdan böyüyə, cavandan qocaya hamının qəlbini qürur, iftixar və sevinc hissi ilə doldurdu. Həmin müraciəti heç cür həyəcansız dinləmək mümkün deyil. Sitat: “...Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi.” Bu, Böyük Qələbəyə gedən yolda şəhərlərin işğalçılardan təmizlənməsi barədə ilk müjdə idi. Prezident İlham Əliyevin də dediyi kimi, Böyük Qayıdış Cocuq Mərcanlı ilə başlayıb və Vətən müharibəsindəki ilk ciddi uğur Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində qərar tutan Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizləndi. İşğaldan azad edilmiş Cəbrayılda indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bu il sentyabrın 26-da isə Cəbrayıl şəhərinə köç başlayıb. Artıq şəhər ilk sakinlərini qoynuna alıb. İndiyədək 133 ailə, ümumən 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb. Köç karvanları bir-birini əvəz edir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan adamların səsi ata-baba ocağından gəlir... Yaşasın Azərbaycan ordusu! Yaşasın Azərbaycanın Ali Baş Komandanı!

Valeh İsmayılov,
Bakı şəhər 165 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü