31 oktyabr 2023 00:46
376

“Daşdəmir” necə yumşaldı?..

Ermənistan Azərbaycandan olmaq istəyir

Xəbər verildiyi kimi, Azərbaycanın Baş naziri Əli Əsədov və Ermənistanın baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarları İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 26-da Gürcüstanın paytaxtında keçirilən Dördüncü Tbilisi İpək Yolu Forumunda iştirak ediblər. Forumda çıxış edən Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan bəyan edib ki, Ermənistan Azərbaycandan qaz almağa hazırdır: “Ermənistan ölkələrimiz arasında siyasi fikir ayrılıqlarını aradan qaldırdıqdan sonra Azərbaycandan qaz almağa hazırdır. Münaqişəyə görə Azərbaycandan Ermənistana qaz və elektrik enerjisinin verilməsinin dayandırılması Ermənistanın qaz və elektrik sistemi üçün sarsıdıcı hadisə oldu. O vaxt biz Azərbaycandan qaz alırdıq, sonra isə ölkəmizi qazla təchiz etmək üçün Gürcüstan ərazisindən yeni qaz kəmərinin tikintisinə başladıq. Ümid edirəm ki, regionumuza sülh gələcək və biz o günlərdə olduğu kimi, yenə əməkdaşlıq edib enerji sistemlərimizi şaxələndirə biləcəyik”.

Məlumdur ki, ötən il Ermənistan Rusiyadan qazın qiymətində güzəşt tələb etməyə çalışdı, lakin Moskva buna çox sərt cavab verərək, hər hansı güzəştin olmayacağını bəyan etdi. Bundan əlavə, 2020-ci il İkinci Qarabağ savaşındakı məğlubiyyətinin əsas səbəbkarı olaraq Rusiyanı göstərən Ermənistan hakimiyyəti Moskva ilə münasibətlərini tədricən soyuqlaşdırmağa başladı. İndi də rəsmi İrəvan Qərblə əməkdaşlığı sürətlə genişləndirməkdədir. Rusiyadan asılı olduğu bir neçə istiqamət üzrə kənar bazarlar axtarışındadır. Bu, ilk növbədə silah-sursat və təbii qazla təminata aiddir. Birincidə Ermənistan Fransa və Hindistandan alışları yoluna qoymaq istəyirsə, ikincidə - təbii qaz təminatında seçim imkanları elə də çox deyil: İrəvan qazı kənar mənbə olaraq yalnız İrandan ala bilir. Ötən ildən başlayaraq Ermənistan İranla qaz əməkdaşlığını genişləndirir. Bu ölkədən aldığı illik 365 milyon kubmetr qazın əvəzinə 3 kilovatt/saat elektrik enerjisi verən İrəvan 2030-cu ilədək aldığı qazın həcmini ikiqat artırmaq niyyətindədir. Ötən ilin payızında baş nazir Nikol Paşinyanın Tehrana rəsmi səfəri zamanı bununla bağlı tərəflər arasında müqavilə imzalanıb. İran qazı Rusiya qazından baha başa gəlsə də, bu, Ermənistanı çəkindirmir. Çünki Rusiyaya ödəniş pulla, İrana isə elektrik enerjisi ilə edilir. Son vaxtlar Ermənistan İran vasitəsilə Türkmənistandan qaz almaq üçün cəhdlərini də gücləndirir. İrəvan Türkmənistandan qazın İran üzərindən svopla ötürülməsini istəyir. Hələlik Türkmənistan bu istiqamətdə İrəvandan edilən təklifləri müsbət cavablandırmayıb. Ona görə də İrəvan üçün ən əlverişli qaz mənbəyi Azərbaycan ola bilər.

Qeyd edək ki, Azərbaycandan Ermənistana qaz ötürülməsi üçün hazır infrastruktur var. Söhbət Hacıqabul-Qazax-Saquramo qaz kəmərindən gedir. Bu magistral boru kəməri 1978-ci ildə inşa olunub və 1988-ci ilə kimi istismar edilib. SSRİ-nin süqutundan sonra bu boru kəməri uzun müddət istifadəsiz qalıb. Bu magistral boru kəməri üzrə müvafiq bərpa-təmir işləri aparılandan sonra 2006-cı ildə yenidən istismara verilib. Ötürmə qabiliyyəti ildə 8,7 milyard kubmetr olan bu kəmər vasitəsilə Azərbaycandan Gürcüstana ildə təqribən 1,300 milyard kubmetr qaz ixrac olunur. Boru kəmərinin uzunluğu 478,4 km təşkil edir, bunun 378,4 km-lik hissəsi Azərbaycanın ərazisinə düşür. Hacıqabul-Qazax-Saquramo magistral qaz boru kəmərinin operatorları SOCAR və Gürcüstanın Qaz Nəqliyyat Şirkətidir. Sovet dövründə Azərbaycandan Ermənistanın özünə qaz xətti çəkilmişdi. Tovuz rayonundan Ermənistanın Noyamberyan rayonuna uzanan boru xətti ilə ötürülən qazın bir hissəsi Naxçıvana çatırdı. Hazırda Azərbaycan işğaldan azad olunan ərazilərin qazlaşdırılması üçün müvafiq boru xətlərinin çəkilişini həyata keçirir. Bu kəmərlərin layihələndirilməsi zamanı ərazilərin inkişaf planları, həmçinin Naxçıvana mümkün ixrac həcmləri də nəzərə alınır. Bu isə o deməkdir ki, İrəvan yekun sülh sənədinin imzalanmasından sonra Azərbaycandan qaz alışına da başlayarsa, nəqli ciddi xərc çəkmədən yoluna qoymaq mümkün ola bilər. Lakin Azərbaycanla münasibətlərində torpaq iddialarından, düşmənçilikdən birdəfəlik əl çəkərsə, İrəvan qaz təchizatını yaxşılaşdırmaq üçün əlverişli imkan əldə edə bilər.

Məlum olduğu kimi, Ermənistan son onilliklər regionda həyata keçirilən qlobal layihələrin heç birinin iştirakçısı deyil. Öz xislətinə görə bu layihələrin hamısından qıraqda qalıb. Neft, qaz ixracı marşrutları, dəmiryolu xətləri, nəqliyyat dəhlizləri onun ərazisindən yan keçir. Bir sözlə, Ermənistan bu sahədə də özünü çıxdaş bir ölkəyə çevirib. Azərbaycan həmin dövrdə dünya əhəmiyyətli nəhəng layihələr həyata keçirib və bu istiqamətdə işləri uğurla davam etdirir. Hələ keçən əsrin sonunda Bakı-Novorossiysk, Bakı-Supsa kimi neft kəmərləri işə salınıb. Ardınca XXI əsrin əvvəlində üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri çəkilib. Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisində 1768 kilometr məsafə boyu uzanan bu kəmər Xəzərin ölkəmizə məxsus sektorundan çıxarılan nefti dünya bazarlarına çatdırır. BTC kimi bir xəttin Ermənistandan yan keçməsi bu ölkənin həm siyasi imicinə, həm də əhalisinin güzəranına böyük zərbədir. Ermənistan eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsindən kənarda qalıb. Təbii ki, bundan sonra çəkilən müxtəlif təyinatlı xətlər də Ermənistandan keçməyib. Azərbaycan qonşu Gürcüstan və Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunu çəkib. "Şərq-Qərb" nəqliyyat dəhlizinin tərkib hissəsi olan bu yolla daşımalar ildən-ilə artır. Ermənistan isə bütün bu nəhəng işlərə kənardan, düşdüyü iqtisadi dalandan seyrçi kimi baxır. Səbəb aydındır. Bir daha vurğulayaq ki, Azərbaycan mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması yaradıb. Ölkəmiz bir çox qlobal layihələrin təşəbbüsçüsüdür və onları həmin əməkdaşlıq və tərəfdaşlıq şəraitində uğurla həyata keçirir. Ermənistan isə özünün saysız-hesabsız səhvləri və günahları ucbatından bu platformadan uzaqda qalıb. Prezident İlham Əliyevin dediyi kimi: "Biz qonşularla dostluq, əməkdaşlıq, səmimiyyət əsasında münasibətləri qurmuşuq və məhz buna görə bu layihələrə nail olmuşuq. Ermənistan isə əsrlərboyu qonşulara xor gözlə baxır, qonşulardan nəsə qoparmaq istəyir, onların torpağına iddia edir, tarixi saxtalaşdırır və özününküləşdirməyə cəhd edir. Fərq bundan ibarətdir".

Yalnız Azərbaycanla sülh uzun müddət başqa güclərin əlində alət olan İrəvanı dirəndiyi iqtisadi dalandan və artıq bir addımlığında olduğu uçurumdan xilas edə bilər. O baxımdan Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyanın məlum fikirlərini bu ölkənin Azərbaycan qazına ehtiyacı olmasının açıq etirafı kimi də dəyərləndirilə bilər. Həmçinin bu, onu göstərir ki, Ermənistan da yavaş-yavaş ağıllanmağa başlayır. İndi erməni rəsmilər özləri də dəfələrlə dilə gətiriblər ki, münasibətlər normallaşandan sonra bu, hər iki tərəfin xüsusilə də Ermənistanın xeyrinə olacaq.

Sevinc Azadi, “İki sahil”